вторник, 5 марта 2013 г.

Bütün dinlər birdir


I hissə
Bu gün artıq heç kimə sirr deyil ki, Quran, Tövrat, İncil və s. müqəddəs kitablar, müasir insanların anlamadığı gizli informasiya daşıyır. Bu kitabların əsl mənası da məhz bu gizli informasiyadadır. Yəhudi, xristian, islam alimləri mənbələrdə bu ezoterik bilgi haqda geniş məlumatlar verirlər. Belə çıxır ki, biz həqiqi mənasını anlamadığımız yazılara sitayiş edirik. Bu isə bütpərəstlikdir. Deməli, biz bitpərəstlik dövründa yaşayırıq. Hər bir millətin, etnosun öz dini vardır, lakin onlar bu dinin nədən ibarət olması haqda demək olar ki heç nə bilmirlər.
İslamda Quranın gizli mənası Batin (daxili) adlanır və onun zahiri mənasının əksi kimi qəbul edilir. Bunlar arasındakı fərqi dərk etmək üçün yalnız bir misala nəzər salmaq kifayətdir. Peyğəmbərin silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında dedi:Əgər mən Quranın bu ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək olar. Mən “Batini-Quran” kitabımda İslamın həqiqi mənasını açmışam və göstərmişəm ki, bütün dinlər yalnız bir kosmik hadisə ilə əlaqədardır. Lakin dillərinin dəyişdirilməsi ilə əlaqədar, bu hadisə bütün mənbələrdə müxtəlif forma və məzmunda yazılmışdır.
Bu məqalədə mən dinlərin yaranmasına səbəb olmuş bu hadisənin mahiyyətini açmağa çalışacağam. Həş şeydən əvvəl araşdırmalarımdan çıxan bəzi nəticələri çatdırmaq istərdim:
 Günəş sisteminin zamanını III dövrə bölmək olar: 
Birinci dövr günəş sisteminin yaranmasından - eramızdan əvvəl təqribən 3502-ci ilədək olan zamanı əhatə edir. Bu dövr ilkin materiya (dirilik suyu, ilahi od və s.) dövrüdür ki, bu zaman hər şey bu ilahi enerjinin qanunları ilə tənzimlənirdi. İnsan heyvanat aləminin bir növü idi və onun həyatı heyvanın həyatından heç bir şey ilə fərqlənmirdi. Yəni o mağarada yaşayır, bitkilər və çiy ətlə qidalanır, odun nə olduğunu bilmirdi və s.  Bu dövr “İlahi efirin hakimliyi dövrü”dür.
İkinci dövr təqribən eramızdan əvvəl 3502-ci ildən, yəni qədim Misir fironu Amonun (Ra-Amon) Atum Allahını yaratdığı dövrdən başlanır və dünyanın axırında, yəni kosmik insan formasında olan I Atum Allahının sonu ilə başa çatır. Bu, bütün dinlərin tək Allahının hakimiyyətinin zamanıdır. Bu dövr “Ra-Amon Allahının şahlığı dövrü”dür.
Üçüncü dövr təxminən bizim eranın 2012-ci ilindən başlanır ki, bu zaman ikinci kosmik insan olan Atum yaranmalı və təxminən 4258-ci ilə qədər mövcud olmalıdır. Bundan sonra isə dünyada həyat dəyişməyəcəkdir. Bu dövr “Zamanın Sahibi - Mehdinin dövrüdür”.
Günəş sisteminin yarandığı zamandan, təxminən e. ə. 3502-ci ilə qədərki dövrdə, ilkin materiyada, yəni ilahi efirdə heç nə yaradılmamışdı. Yerdə isə hər şey bu həyatverici enerjinin hesabına təbii yolla yaranırdı. Məhz e. ə. 3502-ci ildə, sonradan firon olmuş Amonun ruhu, sufiliyin tərikə yolunu keçərək ilkin materiyaya “daxil” olur və onun qanunlarını öyrənməyə başlayır.
İlkin materiyanın qanunlarını öyrənib, onu özünə tabe edən Amon, bu həyatverici enerjidən iki böyük nursaçan: “Dünya”nın axırına qədər olan dövrdə hökmranlıq üçün Ra günəş diskini və axirətdən sonrakı dövrdə hakimlik üçün Ay diskini yaradır. Firon Amon bu dünyanı tərk etdikdən sonra, onun ruhu göyə qalxaraq orada yaratdığı Ra günəş diski ilə birləşir və kosmosu, göy insanı olan Atum Allahına çevirərək burada cənnət yaradır. O, Atum Allahının obrazı və bənzəri ilə yerdə, Allah simalı nəhəng ilkin insanları yaradır. Onlar isə öz növbəsində indiki düşünən insanları və “ölüm şahlığı” - Qades/Qüds mağarasını yaradırlar. Amon Allahı insanlarla, axirətədək qüvvədə olan müqavilə (din) bağlayır. Bu müqaviləyə görə, Allahın qoyduğu qanunlara əməl edənlərin ruhları, bədənin fiziki ölümündən sonra da göy cənnətində həyatlarını davam etdirəcəkdir. Lakin məhkəmə günü ərəfəsində insanlar Allahdan dönür və yerdə haqsızlıq, mənəviyyatsızlıq və bütpərəstlik başlayır ki, Mehdinin zühuru ilə bu II dövr sona çatır.
Məhkəmə günündə Atum Allahının birinci ruhlar dünyası tam yox olacaq. Lakin bu zaman firon Amon nəslindən bir insan doğulacaq və onun bədənində Ra-Amon Allahın ruhu olacaqdır. Mehdi və ya Məsih obrazında olan bu insan öldükdən sonra, onun ruhu göylərə qalxaraq, Amon Allahının, zamanın əvvəlində məhz onun üçün yaratdığı Ay diski ilə birləşəcək. Bu zaman göydə, əski ruhlar dünyasının yerində yeni - ikinci Atum Allahı yaranacaq. Bundan sonra isə hər iki dünyanın sahibı Mehdi olacaqdır. O insanlarla yeni müqavilə bağlayacaq. Dünyanın və düşünən insanın tarixini qısaca belə ifadə etmək olar.
Buradan belə nəticə çıxarmaq olar ki, düşünən insanlar hər şeyə görə qədim Misir fironu olan Amon Allaha və onun köməkçilərinə borcludur. Dinlər isə Allahla insanlar arasında bağlanmış müqavilədir. Allah, düşünən insanı yaradaraq ona yerdəki həyatını müdrikliklə yaşamaq üçün ağıl verir. Öləndən sonra isə Allah, müqaviləyə əsasən onun ruhunu göydəki ruhlar dünyasına aparır və burada o, yerdəki həyatını yadda saxlamaqla min illər boyu xoşbəxt həyat sürür. Allah eyni zamanda, insan ruhunun öz törəmələri ilə əlaqə saxlaması və hətta onlara köməklik göstərməsi üçün də şərait yaratmışdı. Deməli, bütün dinlər təxminən 5514 il bundan əvvəl göydə yaradılmış ruhlar dünyası və düşünən insanın yaradılması ilə əlaqəli olan hadisə ilə bağlıdır.
Ən qədim dinlərdən biri induizmdir. Bu din Dxarmakşetra səhrasının dərki və burada Allahların keçirdiyi möhtəşəm qurbankəsmə mərasimi ilə başlanır. Bundan sonra, Puruşanın göy dünyası yaradılır. İnduizmdə Puruşa - Atum Allahı mənasındadır və Pir-Şu, yəni “Firon ruhu” kimi izah olunur. Qədim Misirin Amon Allahı isə burada Atman kimi qeyd edilir ki, bu da sufizmdə Ata-Amon kimi yozulur. Bu dində II dövr qədim Misirdəkinə uyğun olaraq göy dünyasının yaranması ilə başlanır və Kali-Yuqada tamamlanır. III dövr isə, Maxabxarata əsərinin qəhrəmanı Arcuna obrazı olan Buddanın, yəni Saka-Muninin (Amon Ruhu) doğulması ilə başlanır. Bu eposa görə buddist Məsihi olan Arcuna, axirətdə düşmənlərə qalib gələrək ədaləti bərpa edir.
Beləliklə, yaranışın qədim Misir dövrləri kimi induizim dövrləri də eyni həqiqətləri əks etdirir: ilkin materiyadakı boşluq, Allahın göy dünyasını yaratması və bu göy dünyasının  axirətqabağı sonu, sonra isə yeni göy dünyasının yaranması. Yazılanları nəzərə alaraq qeyd etmək olar ki, induizm dedikdə Amon Allahının 5514 illik hakimlik dövrü nəzərdə tutulmalıdır. Buddizm isə Məsihin, yəni Mehdinin 2246 illik dövrünü əks etdirir.
Ra-Amon Allahın hakimliyi dövrü qədim yazılardan iudaizm kimi də məlumdur. “Əhdi-Ətiq” (“Əski razılaşma”) adından göründüyü kimi burada söhbət, ilk göy dünyası olan Atumun yaranmasından və Ra-Amon Allahın öz nəsli ilə bağladığı müqavilədən gedir. “Əhdi-Ətiq”də kosmik Atum Allahı Yaxve [XV] adlandırılır və qədim Misir yazılarında, Nut səmasında yaradılmış Qeb [QB] səma torpağı mənasındadır. Qeb/İeqovanın [QB/QV] obrazları mənasında olan Yaqub [QB] peyğəmbər, Allahla (ilkin materiya ilə) güləşərək İzrail adını alır. İzrail rəmzi sufizmdə Oziri-El, yəni mifologiyaya görə axirətdə ölən Osiris-Allahı kimi yozulur. Mənbələrdə bu göy dünyası Yaqubun, Musanın çadırları adlandırılır. “Əhdi-Ətiq”in əsas rəmzlərinə mən öz kitablarımda geniş izah vermişəm.
Əgər “Əhdi-Ətiq” Ra-Amon Allahın öz törəmələri ilə bağladığı müqavilədirsə, “Əhdi-Cədid” - Məsihin axirətdən sonra insanlarla bağlayacağı yeni müqavilə mənasındadır. Lakin axirətin hələ baş vermədiyini nəzərə alsaq belə qənaətə gələrik ki, xaçpərəstlərin Məsihi olan İsa peyğəmbər hələ gəlməmişdir. Bu isə o deməkdir ki, xristian təqvimi düzgün dərk edilməmişdir. Qeyd etmək istərdim ki, yəhudilərin bu günkü təqvimləri də təhrifdir. Onların təqviminə görə biz bu gün Allahın dünyanı yaratmasının 5772-ci ilində yaşayırıq. Tövrata (mənim hesablamama) görə isə yaranışdan 5514 il sonra göydə yaradılmış birinci ruhlar (Qeb) dünyasının sonu olmalıdır. Axirətin başlamaması onu göstərir ki, 5514-cü il hələ yetişməyib.
Yazılanlar onu göstərir ki, İsa peyğəmbər hələ gəlməmişdir. Onun dirilməsi də yeni göy şahlığının yaranması mənasındadır ki, bu da hələ  baş verməmişdir. Başqa sözlə desək, yeni saziş hələ bağlanmamışdır və İsanın, yəni Allahın ruhu hələ də hansısa bir insanın bədənindədir.
Ezoterik İslamda Məsih obrazı imam Əliyə aid edilir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, İslamın batini mənası şiələrlə bağlıdır. Qurana (37:83) görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar. İlk müsəlman da Məhəmməd peyğəmbərdən təqribən 1500 il əvvəl, övladlarına İslamı vəsiyyət etmiş İbrahim və Yaqub olmuşdur. Böyük İslam ezoteriki Mühiddin ibn Ərəbi, İslamın “Din” rəmzini – Əl, yəni El rəmzi ilə qeyd edir ki, bu da yəhudi Allahının rəmzidir və “göy şahlığı” mənasındadır. İbn Ərəbiyə görə yalnız müsəlman olaraq ölənlər, yəni Allahla sazişi qəbul edərək, ona riayət edən insanlar ruhlar dünyasında yaşamaq hüququ qazanırlar. Bu isə onu göstərir ki, İslam rəmzi altında mənbələrdə göy dünyası və Allahla müqavilə başa düşülməlidir.
Şiə ezoterizmində İslam [SLM] rəmzi, Səlim [SLM] və Süleymanın tikdiyi Yerusəlim [R-SLM] rəmzləri ilə eyni mənalıdır. Yerusəlim şəhərinin Allahı isə “El” adlanır və sufizmdə onu Əli kimi də oxumaq olar. Xristianlıqda Səlim Şahı Melxisedek eyni zamanda Məsihin obrazıdır. Deməli, şiələrin Allahı olan Əli elə İsa peyğəmbərdir. Əgər Əli/El (şahlıq, ərazi) rəmzinin “dünya”, İsa rəmzinin isə “ruh” demək olduğunu nəzərə alsaq razılaşarıq ki, bu ruh göydəki El dünyasının ruhudur. Sadə dildə desək, axirətdə, bədənində Amon Allahının ruhu olan İsa gələcək və onun fiziki ölümündən sonra isə o Əliyə, yəni qüdrətli El Allahına çevriləcək.
Bütün İslam qəbul edir ki, nübüvvət Məhəmməd peyğəmbərlə bitir. Şiə ezoterizmində isə Məhəmməd peyğəmbərdən sonra Əli dövrü başlayır. Hədislərə görə, Məhəmməd peyğəmbər və Əli, Adəmdən əvvəl yaranmış “vahid işığın iki nuru” olmuşlar. Hədisdə peyğəmbər qeyd edir ki, bu ilahi nur, iki toxuma bölünmək, Mühəmməd və Əli şəxsiyyətində təcəssüm etmək üçün müxtəlif dövrləri keçmişdir. Bu isə o deməkdir ki, onlar qədim Misir fironu Amonun yaratdığı Günəş və Ay disklərinin obrazlarıdır. Mənbələrin birinə görə Məhəmməd peyğəmbər ölüm ayağında öz ardıcıllarını başına yığıb bildirir ki, “Mənim üçün dəfn təşkil edin və mən dirilənə qədər yanımda olun”. Belə çıxır ki, Mühəmməd peyğəmbər adi insan yox, ən qədim mənbələrdə “Ölüb-dirilən Allah” kimi qeyd olunan sirli bir obrazdır. Digər hədislərdə Məhəmməd peyğəmbərin “iki dünyanın şahı” adlandırılması, onun Aşağı (yer) və Yuxarı (göy) Misirin şahının obrazında olması deməkdir. Sufi dahilərindən olan Qəzali isə Mühəmməd peyğəmbəri – kainatın sabitliyini qoruyan və kosmik gücə malik olan Göy insanı adlandırır. Bu isə peyğəmbərin, qədim Misirin Atum Allahının rəmzində olması deməkdir. Deməli, Məhəmməd peyğəmbər, İslamda Rəhman adlandırılan qədim Misirin Ra-Amon Allahının obrazıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Allah rəmzi altında “iki dünyaya həyat verən” ilkin  materiya başa düşülməlidir. Bu isə belə bir nəticə çıxarmağa əsas verir ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” deyimi - “İlkin materiyadan başqa ilahi enerji yoxdur və Məhəmməd bu ilahi enerjini idarə edəndir” kimi başa düşülməlidir. Rəsul rəmzi sufizmdə Osiri-Eli, yəni “ilkin materiyadan yaranmış göydəki El” mənasını verir və bu haqda mən “Batini-Quran” kitabımda geniş şərh vermişəm.
Yazılanlardan belə nəticəyə gəlmək olar ki, digər dinlər kimi İslam dini də 5514 il əvvəl başlamış və 2246 il sonra bitəcək həqiqətləri əks etdirir. Burada Məhəmməd peyğəmbərin dövrü Amon Allahın 5514 illik dövrünün əksidir. 2246 illik Məsihin  dövrü isə yaxın zamanlar başlanmalı olan imam Əlinin dövrünü əks etdirir. Başqa sözlə desək, İslamın sünnü qolu Amonun, şiə qolu isə Məsihin dövrünə aiddir.
Yazılanları yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, bütün dinlər eyni hadisəyə həsr olunmuşdur. Bu hadisə, göydə ilahi nurdan formalaşdırılmış kosmik işıq insanı olan Atumun yaradılmasıdır. Yaranışından 5514 il sonra bu işıq insanı məhv olaraq ilkin materiyada parçalanır. Bu zaman Amonun nəslindən, əvvəlki yaranışın bütün  müdrikliyini özündə təcəssüm edən bir insan doğulur və ölümündən sonra onun ruhu göyə qalxaraq Ay diski ilə birləşir ki, bu diski qədim Misir yazılarında “Gecə Günəşi”də adlandırırlar. Deməli, Mehdi - məhkəmə günü ərəfəsində doğulacaq və axirətdən sonra dünyaya hökmranlıq edəcək şahdır.

II hissə
 Məqalələrimdə qeyd etdim ki, araşdırmalarımdan çıxan nəticəyə görə bütün dinlərin mahiyyəti eynidir:
1.                  Bəşəriyyətə həyat vermiş ilkin materiyanın bir insan tərəfindən dərki və onda ruhlar üçün 1-ci göy dünyasının yaradılması.
2.                  Düşünən insanın yaradılması və onunla müqavilə bağlanması.
3.                  Müəyyən zamandan sonra isə 1-ci göy dünyasının yenisi ilə əvəz olunması.
Bu həqiqətlər minilliklər boyu adi insanlar üçün böyük sirr olaraq qalmışdır. Bunun səbəbi isə insanların müqəddəs kitabları hərfi mənada başa düşmələridir.
 “Əhdi-Ətiq”də deyilir ki, ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə danışırdılar. Bu xalq, başı göylərə çatan Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişdirərək yer üzünə səpələdi. Deməli, çoxdillilik hansısa “başı göylərə çatan” sirli bir tikilidən sonra yaranıb. Əflatunun yazdığına görə, bütün qədim mənbələrdə, mahiyyəti unudulmuş bir sirli hadisə haqqında danışılır. Bu o deməkdir ki, bütün qədim yazılarda söhbət yalnız Babil qülləsinin tikilməsindən gedir. “Dillərin dəyişdirilməsi” isə Allahın bu hadisə haqqında həqiqətləri gizli saxlamaq istəyi ilə bağlıdır. Çünki yaranışın sirrini bilən hər bir insan eyni tikilini yaratmaq fikrinə düşə bilərdi. Bu tikilinin mahiyyəti isə belədir:
İlkin materiyanı dərk etdikdən sonra ilk insan, yüz minlərlə heyvan kəsərək böyük qurban mərasimi keçirir. Mantra və himnlərin köməyi ilə O, bu heyvanların ruhlarını göydə toplayaraq, onlardan ruhlar dünyasını yaradır. Bu möhtəşəm hadisəni tam dərk etmək üçün, bütün məlum faktarı nəzərdən keçirib, onları birləşdirən bəndi tapmaq lazımdır. Bunu anlamaq üçün isə “dillərin dəyişdirilməsi” rəmzi altında nəyin gizləndiyi dəqiqləşdirmək vacibdir.
Qədim xalqların dilləri, xüsusi məna ifadə edən samitlər üzərində qurulmuşdur. Samitlərin sola və ya sağa oxunuşu sözün mənasını dəyişmir. Saitlər isə yalnız bağlayıcı rolunu oynayır. Məsələn, üç samitdən ibarət qədim Misirin Ptax [PTX] rəmzi, öz mənasına görə Xotep [XTP] rəmzi ilə eynidir. Deməli, qədim yazıları anlamaq üçün, eyni zamanda rəmz olan hər bir samitin mənasını başa düşmək lazımdır. İslamda qədim əcdadlarımızın bu məntiqi sufizm, ən qədim dövrlərdə isə sofi, yəni müdriklik adlanırdı. Sufizmin özündə bu təlim hürufizm adlanmaqla şiələrə aid edilir. Deməli, yalnız samitlərin mənasını və müdriklərin məntiqini öyrəndikdən sonra, qədim yazıların həqiqi mənasını başa düşmək olar.
Yəhudilərin müqəddəs kitabı olan Tövrat, Allahın dünyanı yeddi günə yaratması ilə başlanır. Artıq qəbul edilmişdir ki, burada söhbət bizim yaşadığımız fiziki dünyanın yaradılmasından gedir. Lakin diqqətlə araşdırdıqda məlum olur ki, buradakı dünya heç də yaşadığımız fiziki dünya deyil. Çünki, günəş və ay heç cür floradan sonra yaradıla bilməzdi. Bu və digər faktlar onu göstərir ki, Tövratda söhbət fiziki dünyanın deyil, hansısa başqa bir dünyanın yaradılmasından gedir. Qədim Misir, Mesopotamiya, Hind və s. mənbələrində də məhz bu naməlum dünyanın yaradılması təsvir olunur.
Qədim Misir yazılarına görə, əvvəlcə firon Amonun ruhu ilkin matertiyada səyahət edərək onu öyrənir. Tövratda, Amonun ruhu su üzərində uçan “İlahi ruh” adlandırılır. Şumer-akkad mifologiyasında “Allahın ruhu” yarıinsan-yarıbalıq Kululu kimi rəmzləşdirilmişdir. Tarixçi Beros, insanlara mədəniyyət və inkişaf vermiş bu balığı Oann adlandırır. İslamda da balıq Allah ruhunun obrazı hesab olunur. “Göylərin yaranmasından əvvəl Allah harada idi?” sualına - “İşıqda üzən nurlu balıqda” cavabı verilir. Ümumiyyətlə, müsəlmanların təsəvvürünə görə, yer - dağa söykənmiş mələyin çiynindədir, dağı isə üzən balığın üstündə dayanmış öküz saxlayır. Bütün bunlar o deməkdir ki, qədim mənbələrdə dünya dedıkdə, yaşadığımız fiziki dünya yox, göydə yaradılmış dünya nəzərdə tutulur.
Sufizmdə, ilkin materiyada səyahət “suluq” adlanır və “Allahda səyahət” mənasındadır. Sufi silsiləsinin “Bəqa” səviyyəsinə qalxmış sufi, ilkin materiyadan bütün suallara cavab almağa başlayır. O bir neçə saniyə ərzində ulduzlar arasında məsafəni ölçmək, Allah kimi canlı varlıqlar yaratmaq qabiliyyəti qazanır. Bu isə onu göstərir ki, firon Amon dünyada ilk dəfə “Bəqa” səviyyəsinə yüksələrək, göylərdə Varlıq yaratmışdır. İnduizmdə “Bəqa” - nurlanma mənasını verən Bxa kimi məlumdur. Bu mövzuya xristianlığın apokrifik mətnlərində də rast gəlinir.  
Dünyanın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyanın dərkindən sonra Amon, əvvəl Şu, sonra isə Tefnut Allahını yaradır. Onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu qalxaraq yeri göydən ayırır. Tövratda Qeb – torpaq, bərk yer, Nut isə Allahın ondan ayırdığı su kimi qeyd olunur. Yerin göydən ayrılması haqda Quran da (21:30-34) yazır. Lakin burada ayrılmış yer və göy - günəş və ayın yaranışı, ölümsüzlük və sirli dağla əlaqələndirilir. Qədim Misir yazılarından birində isə deyilir ki, Nut göyü, göy öküzünə çevrilərək Ra gunəşini belinə alıb, Osiris Allahının ayağının yerləşdiyi Mariyut şəhərinə gətirir.
Beləliklə, qədim yazılar və Quran - göyü və günəşi, Osiris Allahının ayağının mövcud olduğu yerdəki sirli ərazi ilə əlaqələndirir. Quranda (11:7) deyilir ki, Allah göyü və yeri altı günə yaratmışdır və Onun Taxtı su üzərindədir. “Əhdi-Ətiq”də Allah göyü - özünün Taxtı, yeri isə ayağının altı adlandırır və burada da Öz evi və istirahət yeri haqda məlumat verir (Исайя 66:1). İezekiil peyğəmbərin (43:7) kitabında da Allahın evi - Onun Taxtı və ayağının yeri adlandırılır və qeyd olunur ki, O, orada İsrail oğullarının arasında əbədi yaşayır. İsrail adı, Xarranda Allah evini yuxuda görərək bu yeri beyt-el (əl-beyt) adlandıran Yaqubun başqa adıdır. Sufizmdə Yaqub [QB] rəmzinin Qeb [QB] rəmzi ilə eyniliyini nəzərə alsaq, təsdiq edə bilərik ki, Allahın evi və taxtı qədim Xarran ərazisindədir.
Mətnlərdə Xarran, Azərbaycanın Arran ərazisi kimi də yazılır. Buranın əsas şəhəri isə Qəbələ, yəni qədim Misirdəki Qeb-Elidir (Qeyb aləmi). Bütün bunlar onu göstərir ki, Qeb göy dünyası Qafqazda, daha dəqiq desək Azərbaycan ərazisində yaradılmışdır. İzrail rəmzi altında da Oziri-El, yəni Azəri-Elı başa düşülməlidir. Qədim rus abidələrində də Allah taxtının Qafqazda, heç kəsin ölmədiyi və möhtəşəm günəş məbədlərinin yerləşdiyi Alatır dağının ətəyində olduğu qeyd olunur.
Alatır [LTR] rəmzi, ərəb rəmzi olan və qurbanlıq heyvan mənasını daşıyan “əl-atair” (“əl-atira”) [L-TR] rəmzi ilə eynilik təşkil edir. “Əl-itr” rəmzi isə qurbangah deməkdir. “Tir” rəmzinin özü müqəddəs Sinay dağının adı olan Tur, Turi-Sina rəmzinin başqa variantıdır. Bütün bunlar isə o deməkdir ki, Allahın taxtı - Sinay dağı və orada keçirilmiş qurban mərasimi ilə əlaqədardır.
Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Abidosda yerləşdirir və taxtı üçün sular yaradır. “Torpaq əmələ gəldikdə” isə, O artıq Abidosda peyğəmbər olmuşdur. Qədim Misir mənbələrində Abidos rəmzi - Abtu [BT] kimi də yazılır və Beyt [BT], yəni ev mənasını daşıyır. Bu isə o deməkdir ki, Allahın yaratdığı ev və torpaq, qurban mərasimi ilə bağlıdır və bu mərasim, Yaqubun Allahla “güləşdiyi” yerdə keçirilmişdir.
Qurban mərasimi haqda şumer-akkad möhürlərində də məlumat verilir. Burada, “çılpaq qəhrəmanın insan-öküzlə güləşməsi” və ya kahinin iştirakı ilə qurbankəsmə səhnələri təsvir edilir. Tədqiqatçılar qeyd edirlər ki, qəhrəman Enkidunun adını “Yeri tikmiş (düzəltmiş) kahin, hökmdar” kimi də yozmaq olar. Buradaca “bit i-li” yazısına rast gəlinir ki, bu da (beyt-el) – “Allahın evi” mənasındadır. Belə çıxır ki, hökmdar tərəfindən yaradılmış Allah evi qurban mərasimi ilə əlaqəlidir.
Qədim ədəbiyyatda qurban mərasimi haqqında əsasən induizmdə danışılır. Mənbələrə görə, Puruşa özünü qurban verərək “dünya” yaradır. Upanişadalarda bildirilir ki, brahman və kahinlər - himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarını fırlanmağa məcbur edirlər. Bu isə o deməkdir ki, magiya vasitəsi ilə qurbanlıq heyvanların ruhlarını idarə etmək mümkündür.
“Əhdi-Ətiq”də qan - ruh mənasında göstərilir və qeyd edilir ki, “qan – ruhdur” və “bədənin ruhu qandadır” (Лев.17:11). Apostol Pavel isə yazır ki, “O, bütün insan nəslini tək bir qandan yaratdı və onlara yer üzündə yaşamaq üçün zaman verdi və yaşayış hüdudları təyin etdi...” (Деян.17:26). Buradan isə belə nəticə çıxartmaq olar ki, mənbələrdə yaranışı qeyd olunan dünya və ev, qurbanlıq heyvanların ruhlarından inşa edilmişdir. İnsan nəsli də məhz “tək bir qandan” yaradılmışdır.
Tövrata görə, israillilərin “səhrada səyahəti” (suluq) zamanı çadır qurulmuş və onun üzərində bulud əmələ gəlmişdi. Buradakı qurbangahda yanan müqəddəs od qurbanlarla saxlanılırdı. Qurbangahda daima qurban kəsildiyindən, ora həmişə təzə qan axıdılır və yanmış qurbanların tüstüsü aramsız olaraq göylərə qalxırdı. Axşamdan səhərədək bu çadırın üstündə ilahi od görünürdü. Səhrada “ruhun səyahəti” mərasimindən sonra bu ilahi od göydən enmiş və Allahın əmrinə görə heç zaman sönməməlidir. Deməli, məhz bu qurban hesabına göydən yerə ilkin materiya gətirilmiş və ondan “Sakin çadırı”, yəni ruhlar dünyası yaradılmışdır.
İslamda qurban mərasimi, Həcc ziyarətinin sonunda keçirilən Qurban bayramı kimi məlumdur. Həcc vaxtı zəvvar, qurbanlıq heyvanları “qovaraq” Məkkəyə gətirir. Bundan əvvəl isə o, “ihram” vəziyyətinə girir və dəvə (ruhu) ilə birlikdə “qalxır”. Hədislərə görə Məhəmməd peyğəmbər özü “ihram” vəziyyətində yağlı ətir sürtər, başına saç yapışdırar və digər magik rituallar keçirərdi. Təbii ki, burada qeyd edilən magik mərasimlər adi insan üçün başa düşülən deyil. Peyğəmbərin öz adının sufizmdə Maq-Midiya [MQ-MD] kimi yozulması, onun Midiya maqı olması deməkdir.
Həcc mərasimi bitdikdən sonra isə zəvvar Hacı – yəni həqiqət insanı adını alır. O heç vaxt yalan danışmamalı, söyüş söyməməli və pis hərəkətlər etməməlidir. Həcc/Hacı rəmzi sufizmdə Allah mənasını verən Haqq rəmzi ilə eynidir. Bu isə onu göstərir ki, Qurban bayramı, Allahla bağlı olan hadisəyə həsr olunmuş bayramdır.
Mənbələrdə qandan yaranmış torpaq deyəndə Rus torpağı yada düşür. Rusların “Hümayun nəğmələri” abidəsində deyilir ki, bütün Rus torpağı qana bulaşmışdır və buranın hər daşında qan damlası var. Qan şırnağından başı göylərə çatan ağac yaradılmışdır. Onun gövdəsinin yanında isə göy Allahı Svaroq dayanır. Deməli, göylərədək yüksələn Rus torpağı dünya ağacı mənasındadır və o qandan yaranmışdır. “Əhdi-Ətiq”də (Иезекиил 31:3-9) bu ağac Livanda yerləşən hündür sidr adlanır. Bu ağac Misir və Assur ölkələridir. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr, Edem və Allah bağının ağacları ilə müqayisə edilir. Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır. Bütün bunlar isə o deməkdir ki, qandan yaradılmış göy şahlığı elə Allah bağı, yəni cənnət mənasındadır.
Azərbaycan xalqının müqəddəs kitabı olan “Kitabi-Dədə Qorqud”da, Oğuz ölkəsi də – qanlı Oğuz eli, Oğuz bəgləri - «Qanlı Oğuz bəgləri», sular – «qanlı-qanlı sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu» adlandırılır. Qədim yazılarda Rus rəmzi altında Qafqaz dağlarında ərazi başa düşüldüyünü, rusların isə “ölümsüz və əbədi həyatı olanlar” adlandırıldığını nəzərə alsaq, razılaşarıq ki, Rus [RS] rəmzi - Osiris torpağına, yəni Oziri/Azəri [SR/ZR] elinə aiddir.
Sufizmdə Yerusəlim [RS-LM] rəmzi də İerus-Aləm [RS/LM], yəni “Rus aləmi” kimi də oxunur. İsrail də mənbələrdə Eres-İsrail, yəni Rus-İsrail adlandırılır. Bu isə o deməkdir ki, həqiqi Yerusəlim və İsrail – qandan yaradılmış Qeb [QB] göy dünyasının yerləşdiyi yerdə, yəni Azəri torpağında yaradırmışdır. Yaqub/İeqova/Kabbala/Yaxve rəmzləri də məhz Qeb [QB], yəni Qeyb aləmi mənasındadır.
Yəhudi mənbələrinin, Allahın mövcud olduğu çadır və müqəddəs əşyaların Ərdəbil ərazisində olmasını qeyd etməsi, həqiqi Yerusəlimin də məhz burada yaradılmasını təsdiq edir. Digər mənbələrə görə, burada Musa peyğəmbərin, Prometeyin gətirdiyi ilahi od, yəni ilkin materiya mövcuddur. Deməli, Allahın seçilmişləri adlandırılan həqiqi İzrail xalqı - müqəddəs Azəri elidir və Allah da məhz onların arasında əbədi yaşayır.
Qədim İzrail elinin indiki Azərbaycan torpağında mövcud olmasına və əsl seçilmişlər nəslinin də məhz burada yaşayan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəslərinin olmasına dair mən, Batini-Quran kitabımda istənilən qədər sübut gətirmişəm.
Bütün bu yazdıqlarımızdan çıxan ümumi nəticə odur ki, Allahın altı günə dünyanı, günəşi, ayı yaratması rəmzi mənadadır və qədim Misir yazılarındaki Amon Allahın, göydəki Qeb dünyasını, Ra günəş diskini və ay rəmzli obrazları yaratmasına işarədir. Qeb, yəni göydəki Qeyb aləmini yaratmaq üçün qədim Misirin Ra-Amon Allahı, yüz minlərlə qurban kəsmiş və maqiya ilə bu qurbanların ruhlarını göydə toplamışdır. Bu isə o deməkdir ki, “başı göylərə çatan” Babil qülləsi elə göydə yaradılmış ruhlar dünyasının rəmzidir. Bu mistik hadisənin axirətə qədər sirr kimi qalması üçün Allah, insanların dillərini dəyişdirib dünyaya səpələmişdir.

III hissə
Dünyanın yaranışı haqda təlimin qədim Misir variantına görə, ilkin materiyada ekstatik vəziyyətdəki səyahətdən sonra firon Amon, əvvəl Şu, sonra isə Tefnut Allahlarını, onlar da öz növbəsində Nut göyünü və Qeb torpağını yaradırlar. Bundan sonra Şu Allahı qalxaraq yeri göydən ayırır.
Şu rəmzi [Ş] qədim Misir yazlarında firon Amonun ürəyini, ruhunu bildirir və “Z”, “S” samitləri ilə də yazılır. İslamda “Z” rəmzi Əziz [Üzzə] kimi məlumdur və Allahın adlarından biri hesab olunur. Eyni mənalı “S” samiti isə yəhudilərin Yeşua [“Ş”] adlandırdığı, xristian Allahı İsaya (İssi) aid edilir. Qədim müdriklərin məntiqinə görə bu o deməkdir ki, xristianların İsa, qədim ərəblərin isə Üzzə Allahları, qədim Misir fironu Amonun müxtəlif obrazlarıdır.
Şu/Yeşua [Ş] rəmzi İslamda Şıə [Ş] adlandırılan rəmzlə eynidir. Mənbələrə əsasən şiəlik, imam Əlinin davamçılarına və Allahın rəsulundan sonra onun imamlığını qəbul edənlərə deyilir. Qurana görə (37:83) ilk şiələr, hələ İslamdan ən azı min il əvvəl Nuh və İbrahim peyğəmbərlər olmuşlar. Tarixçi M. Xorenski Nuh peyğəmbəri ruh kimi təsvir edir. Devid Rol isə yazır ki, Nuh “Allahı özündə daşıyırdı”, yəni o Allahın təcəssümü idi. Gilqameş eposuna görə, subasma qəhrəmanı və onun arvadı, Allahların əbədi həyat bəxş etdiyi insanlardandır. Aydındır ki, əbədi həyat qazanmış Nuh fiziki canlı ola bilməz, çünki fiziki bədən ölümlüdür. Mən kitab və məqalələrimdə göstərmişəm ki, subasma rəmzi altında mənbələrdə söhbət adi sudan yox, ilkin materiyadan, yəni dirilik suyundan gedir və İncilə görə Allah məhz bu subasma üstündə qərar tutmuşdur. Bu isə onu göstərir ki, ölümsüzlük qazanmış şiə-peyğəmbər olan Nuh, firon Amonun Şu-ruhunun obrazıdır. 
Quranda, yəhudilərin patriarxı İbrahim (Avraqam) da şiə adlandırılır. İbrahim/Avraqam  [BRHM/VRQM] rəmzi sufizmdə yəhudi-şaman kimi yozulur. Qədimdə bu rəmz “hər şeyi bilən Ra Allahının ruhu” fikrini ifadə edirdi. Buddizmdə bu rəmz - magiya, cadugərlik və yaradıcı qüvvə mənasında olan Braxmo [BRXM] rəmzi ilə eynilik təşkil edir. “Bxaqavat-Gita”da deyilir ki, Braxmo-bxuta səviyyəsunə qalxmış insan dərhal Allaha qovuşur. Bu isə o deməkdir ki, Bxuta [BX-T] rəmzi elə sufizmin Bəqa [BQ], yəni bəglik səviyyəsinin rəmzidir.
İslamda Braxmo səviyyəsi “İbrahim məqamı” kimi məlumdur və məhz bu məqamda İbrahim Kəəbə evini yaratmışdır. Kəəbə rəmzi [KB] qədim Misir mətnlərində, Şu Allahının Nut göyündən ayırdığı Qeb [QB] torpağı kimi qeyd olunur. Lukanın “İncil”ində (16:22-25) İbrahim, Allah simasında ölmüşləri mühakimə edir və insanlar öldükdən sonra “İbrahimin qucağına” köçürlər. Bu o deməkdir ki, İbrahim rəmzi altında da firon Amonun ruhu olan Şu təsəvvür olunmalıdır.
      Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, ilkin materiyada səyahət edən Amonun ruhu, Bəqa səviyyəsinə qalxaraq, bu səviyyədə, göydə Qeb aləmini, yəni Kəəbə evini yaratmışdır. Şiə rəmzi isə, ekstatik vəziyyətdə qurbanlıq heyvanların ruhlarından Kəəbə/Qeb dünyasını yaratmış İbrahimin, yəni firon Əmanın ruhu (Şu) mənasındadır.
Kəəbə [KB] və Qeb [QB] rəmzləri induizmdə, göy dünyası ilə əlaqəli olan Qavat [QV-T] kimi məlumdur. Bxaqovati sözü hind mifologiyasında yeraltı dünya olan Naqalokanın (Patala) paytaxtı kimi qeyd olunur. Xristian mənbələrində Bxaqovati [BX-QVT] rəmzi - Bexkavat [BX-KVT] kimi də yazılır və fars şahları, onların ailələrinin yaşadığı saray mənasındadır. “Fars” [FR-S] rəmzi, Puruşa [PR-Ş] rəmzi kimi sufizmdə “Pir issi” (Pir-Şu), yəni fironun ruhu anlamındadır. Qədim Misir mənbələrində pir/piro rəmzləri böyük firon evi mənasında göstərilir. Deməli, Bxaqovati, firon və ailəsinin əbədi həyat qazandığı ruhların göy şahlığıdır.
Sufizmdə Bxaqovati/Bexkavat rəmzləri “Bəqa vəziyyətində yaradılmış Qeb göy dünyası” kimi yozulur. İsamda Qovati [QVT] rəmzi, Allahın 99 şərəfli adlarından biri olan Kabid [KBD] kimi məlumdur. Bəqa [BQ] rəmzindən əmələ gəlmiş Baqi (əbədi dünya) [BQ] rəmzi də mənbələrdə Allahın adlarından hesab edilir.
İudaizmdə Qeb, Kəəbə, Qavat [QB/KB/QVT] rəmzləri, Allahın İeqova və Yaxve [QV/XV] adları kimi məlumdur. Kitab və məqalələrimdə mən yazmışam ki, ruhların göy dünyası, kosmik insan Adəmin, yəni qədim Misirin Atum Allahının bədənindədir. Dahi sufi ibn Ərəbi qeyd edir ki, ilk insan olan Adəmin bədəni hər şeyi əhatə edir. Bu haqda qədim Misir yazılarında da deyilir. Edem cənnəti də məhz bu işıq insanının bədənindədir. Əflatun, induizm və s. mənbələrdə olduğu kimi, kosmik Adəmin bədənini - dövlət, yəni öz qanunları olan göy ölkəsi kimi təsvir edir. Deməli, Qeb və Kəəbə kimi, Yaxve və İeqova  rəmzləri də, bədəni eyni zamanda Edem cənnəti olan, Atum/Adəm kosmik Allahının obrazlarıdır.
Mənbələrə görə, Yaxve Allahının digər adları  El-Şadday və El-Amurrudur. El (akkad. Alu) rəmzi qədim yazılarda insanlar yaşayan ölkə, aləm, vilayət mənasındadır. Moyun Çor türk abidəsində deyilir ki, türk xaqanı Tolis, Allaha qovuşduqdan sonra onu Elə, yəni ölkəyə çevirir. Deməli, El - göylərdə yaradılmış ölkə mənasındadır. Şadday rəmzi akkad mənblərində Şadu [ŞD] kimi qeyd olunur. Bu rəmz, qədim Misirdə Xaos-un, yəni ilkin materiyanın təcəssümü olan Set [ST] rəmzindən yaranmışdır. Belə çıxır ki, El-Şadday ilkin materiyadan yaradılmış göy dünyası deməkdir.
Amurru rəmzi “M” və “R” samitlərindən ibarətdir. “M” rəmzi, göydə  yaradılış üçün keçirilən qurban mərasimini müşaiyət edən “Om” səsini bidirir. Buna görə də “M” - yaranışın rəmzi hesab olunur. “R” rəmzi isə, firon Amonun yerdəki həyatı dövründə ilkin materyadan yaratdığı Ra günəş diski mənasındadır. Bu disk müəyyən zaman göydə qalmış və Amon fiziki öldükdən sonra isə, onun ruhu göyə qalxaraq bu disklə birləşmişdir. Beləcə Ra-Amon Allahı özü-özünü yaratmışdır. “Orxon-Yenisey” türk abidəsində, türk xanı iddia edərək bildirir ki, məhz o, Allah kimi Allah yaradaraq göydə doğulmuşdur. Deməli, Amurru rəmzi “yaradılmış günəş” deməkdir. Qeyd etmək lazımdır ki, göy Eli, Ra Allahının ölkəsi olduğu üçün, qədim Misirdə “L” və “R” samitəri eyni məna daşımaqla mətnlərdə bir-birini əvəz edirdi.
Amurru rəmzi [MRR] mənbələrdə mar [MR] tayfası mənasında olan amorey rəmzi kimi yazılır. Mar rəmzi - midiyalı deməkdir. Bu isə onu göstərir ki, midiyalılar günəş Allahı Ra-Amonun törəmələridir və El rəmzi də məhz onlara aiddir.
Digər tərəfdən, qədim dünyanın ən inkişaf etmiş sivilizasiyalarından olan Lemuriya, Lemur [LMR] rəmzləri də El-Amurru [L-MRR] rəmzindən əmələ gəlmişdir. Qədim Misirdə onları “aamu” [M], yəni “Mu ilahi qüvvəsi olanlar” adlandırırdılar. Aamu nəsli “xekau” hakimləri olduqlarından, Manefon onları “qiksos” kimi qeyd edir. Xekau [XK] rəmzi bizə Haq [HQ], yəni Allah kimi də məlumdur. Onlar, Allah Mülkündə yaşayan şahlar və ölümsüz mələklər nəsli olduqları üçün, mənbələrdə onları amalikilər, yəni maliklər də adlandırırdılar. Bu nəslə aid edilən “qiksos” rəmzi də - “Haq issi” mənasında  “Allah ruhu” deməkdir. Bütün bu yazılanlar onu göstərir ki, qədim dünyanın ən inkişaf etmiş sivilizasiyasını yaradan şahlar nəsli midiya maqları olmuşlar.
Mənbələrdə amorey [MR] rəmzi, bizə “əmir” [MR] kimi də məlumdur və bu rəmz - hökmdar, başçı, müsəlmanların rəhbəri deməkdir. Məhəmməd peyğəmbərin törəmələri olan seyidlərin adlarının qarşısında yazılan “mir” (məs. MirHəsən) rəmzi də bu rəmzdən yaranmışdır. Əgər bu əmirlərin şiə olduğunu nəzərə alsaq, razılaşarıq ki, ən qədim Şumer [Ş-MR] mədəniyyətini də məhz bu şiə-əmirlər [Ş-MR] yaratmışlar.
Əmir/mar [MR] rəmzi, sufilərin “əmr” [MR] rəmzi ilə eyni mənalıdır və Allahın əmri mənasındadır. Qəzali fəlsəfəsində “əmr” rəmzi, Allahın öz iradəsinin icrası üçün vasitə - hansısa bir  ideal mahiyyət kimi qeyd olunur. Onun əsərlərində bu anlayış, insanın Allahla, yəni ilkin materiya ilə mistik əlaqəsinin təsviri üçün istifadə edilir. Bu mənada “aləm əl-əmr” rəmzi ilkin materiya vasitəsi ilə birdən yarama mənasındadır ki, qədim Misir mənbələrində bu rolda Pta Allahı çıxış edərək sözlə Atumu yaradır. Deməli, əmr – Allah Kəlamı, yəni Misirin Ra-Amon Allahının hökmü mənasındadır və o ilkin materiya ilə vəhdət təşkil edərək onun adından əmr edərək yaradır.
Buradan isə belə nəticə çıxır ki, əmir/amorey müqəddəslərinin nəsli, Allahın öz əmri ilə yaratdığı hökmdarlar nəslidir və adi insanlardan fərqli olaraq Allah onları öz bənzəri kimi yaratmışdır.
Əmir/amorey [MR] rəmzinin başqa variantı, avropa mənbələrindəki nəhəng İmir [MR] rəmzidir. “Edda” salnaməsinə görə İmir, xaosdakı dünya sonsuzluğundan, yəni ilkin materiyadan yaranmışdır. Odin Allahı qayda-qanun yaratdıqdan sonra, İmirdən - insan ayağının dəyməsinin mümkün olmadığı dağın zirvəsində, Asqard adlanan sehrli saray tikir və burada 12 Ezir (Allah) birgə yaşayır. Asqartın [SQRT], Midiyanın Asaqarta (Saqartiya) [SQRT] eli olmasını, Ezirlərin [ZR] isə qədim Misirin Osiris/Oziri [SR/ZR] Allahının nəsli olduğunu qəbul etsək, aydın olar ki, Odinin tikdiyi sehrli saray Azəri [ZR] torpağında, yəni Azərbaycandadır.
İmir [MR] rəmzi mənbələrdə İrəm [RM] kimi də yazılır. Əfsanəyə görə İrəm, cinlərin tikdiyi sütunlar şəhəridir. Ərəb maqları, İrəmin fiziki məkanda deyil, başqa reallıq səviyyəsində yerləşdiyinə inanırdılar. Bu yer Böyük Boşluğun qapısı hesab edilirdi. Əfsanəyə görə Ad oğlu Şəddad onu qızıl və gümüşdən tikmiş, lakin oraya daxil ola bilməmişdi. Misirin Naq Hammadi ərazisində tapılmış “Həqiqətin şəhadəti” mətninə görə isə, cinlər, Süleyman peyğəmbərin əmri ilə Allah evini də tikmişlər. Bu 62 metrlik ev və içindəki bütün əşyalar həqiqətən qızıldan düzəldilmişdir. “Əhd sandığı” və Allahın digər əşyaları da buradadır. Bu isə o deməkdir ki, İrəm sütunlar şəhəri elə Süleyman şahın tikdiyi Yerusəlim şəhəridir.
Qədim Misir mənbələrinə görə sütunlar şəhəri - Geliopol, yəni Gel şəhəridir. Bu mətnlərdə sütunun özü – “Şu sütunu” adlanır. Əgər Şu rəmzinin firon Amonun ruhu olduğunu nəzərə alsaq, razılaşarıq ki, göy Yerusəlimi Ra-Amon Allahının ruhunda mövcuddur. Mənbələrdə bu sütunu “Herakl sütunu” da adlandırırlar. Rəvayətə görə, Herakl Gel şəhərinə gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir və bu izdivacdan mələklər nəsli, yəni “ilandan doğulmuş midiyalılar” əmələ gəlir. Bu o deməkdir ki, əmir/amoreylər nəsli, İslamda batini şiələri olan məlahi-mülhidlər, yəni mələklər nəslidir.
İslam mənbələrində Gel rəmzi - Aqil/Akil kimi məlumdur və peyğəmbərin əmisi Abu Talibin oğluna, yəni imam Əlinin qardaşına aid edilir. Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin evi vərəsəliklə Akilə (Gelə) çatmışdır. Gel rəmzlərdən yaranmış Qulat (Gelat) rəmzi isə ifrat şiələri bildirir. Tövratda Qulat rəmzi Qalaad kimi yazılır və İzmail, yəni ismaililərlə əlaqələndirilir. Əhdi-Ətiqdə, Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır. Bu isə o deməkdir ki, türk müsəlmanlarının nəsli olan ismaililər Allahın seçilmişlərinin nəslidir.
Batini ismaililəri, müqəddəs yazıları dərk etmək qabiliyyəti bəxş edilmiş yeganə icmadır. İslam ezoteriklərinə görə bu şiə icması Allahın özü tərəfindən idarə olunur. Onların İşıq (Nur) haqqında yüksək təlimi Əflatun və ondan əvvəlki müdriklərin təliminə uyğundur. Qədim mənbələrdə onları, zamanı qabaqlayıb tam xoşbəxtliyə çatmış Deyləm tayfası adlandırırlar.
Xristian mənbələrində bu ismaili-nizariləri - nazaretlilər, yəni İsa peyğəmbərin nəsli kimi qeyd edirlər. İsaya şamil edilən Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və Allahın təcəssümü, Allaha qovuşma, Allahla vəhdət mənasında olan, sufi rəmzdir. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli adlandırırlar ki, o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya ilə vəhdət təşkil edir. Bu isə İsa peyğəmbərin, mənbələrdə əmir/amorey adlandırılan müsəlman şiələrin nəslindən olması deməkdir. Yəhudilərin Yeşua [Ş] adlandırdıqları İsa rəmzinin Şiə [Ş] rəmzi ilə eyniliyini nəzərə alsaq, “İisus Xristos” rəmzini - “Şiə Xristos”, yəni “Şiə Qor-issi” kimi də oxuya bilərik. Sufi dahisi ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır. Bu isə bir daha təsdiq edir ki, Amon Allahın ruhu elə qədim Misirin günəş Allahı Qorun ruhudur və bütün dinlər bilavasitə bu Allahın ruhunda yaradılmış Qeyb aləmi ilə bağlıdır.

IV hissə
Biz qeyd etdik ki, ibn Ərəbiyə görə ilk müsəlmanlar, İslamı övladlarına vəsiyyət etmiş yəhudi patriarxı İbrahim və Yaqub olmuşdur. İbn Ərəbi “Füsus ül-Hikəm” kitabında “din” rəmzini El rəmzi ilə əvəz edir və ölümlə əlaqələndirir. Bu o deməkdir ki, din - İslam qanunlarına riayət edən müsəlmanların ruhlarının ölümdən sonra düşəcəyi göydəki El mənasındadır. Belə çıxır ki, İslam rəmzi altında qədimdə, Ra-Amon Allahının yaratdığı Qeb (Qeyb) göy dünyası nəzərdə tutulurdu.
Xoşbəxtlik, cənnət evi mənasını verən Darussalam [DR-SS-LM] rəmzi də İslam rəmzindən əmələ gəlmişdir. Bu rəmzi - İslam vilayəti, İslam ərazisi mənasını daşıyan Dairə-İslam, Diyari-İslam kimi də oxumaq olar. Deməli, “İslam ərazisi”, “İslam vilayəti” – yəhudi olan İbrahim və Yaqubun oğullarına vəsiyyət edilmişdir.
Sufizmdə İslam rəmzi [SLM] Səlim/Siloam [SLM] rəmzləri ilə eyni mənalıdır. İslam kimi Səlim rəmzi də “İssi-Aləm”, yəni “Aləm ruhu” kimi yozulur və Ur-Səlim, yəni Yerusəlim rəmzinə uyğun gəlir. Mənbələrə görə Yerusəlim şəhərini Şelomo, yəni Süleyman peyğəmbər cinlərin köməyi ilə tikmişdir. Şelomo (Şu-Aləmi) [ŞLM] və Səlim [SLM] rəmzlərinin uyğunluğu onu göstərir ki, göydəki bu ruhlar dünyası, Süleyman rəmzində olan kosmik insanın bədənində yerləşir. Əhdi-Ətiqdə deyilir ki, yəhudi Allahı Səlimdə yaşayır. Bu da, İslam/Səlim rəmzlərinin, həqiqətən Allahın yaşadığı göy dünyası mənasında olduğunu təsdiq edir. Deməli, İslam aləmi, cinlərin vasitəsi ilə ilkin materiyadan yaradılmış İrəm və ya İmir dünyası mənasındadır.
Mesopotamiya ərazisində İslam/Səlim, yəni “İssi-Aləm” [SS-LM] rəmzi - Lamassu kimi məlumdur və bu rəmzi “Aləm-İssi” [LM-SS] kimi də oxumaq olar. Lamassu rəsmlərdə qanadlı insan-öküz kimi təsvir olunurdu. Lamassunun Şumer variantı isə Lama [LM] kimi yazılır ki, bu da “Aləm” [LM] mənasında göydəki el deməkdir. Mifologiyada bu rəmzlər eyni zamanda qoruyucu-ruh mənasını da daşıyırdı. Qədim Misirdə inək - göy dünyasını, öküz isə bu dünyanın sahibi olan Allah obrazını bildirirdi. Belə çıxır ki, İslam və Yerusəlim eyni zamanda göy öküzü (inək) rəmzində ruhlar dünyasıdır.
Bütün bu obrazlardan ona görə istifadə onubmuşdur ki, ilkin materiyanın qanunlarına görə, burada bir şey yaratmaq üçün mütləq nəyəsə bənzədilməlidir. Bu səbəbdən Ra-Amon Allahı heyvan obrazlarından istifadə etməklə hər şeyi ən kamil şəkildə yaratmışdır.
Lama [LM] rəmzinə uyğun olan Elam [LM] rəmzi də “yaradılmış dünya” kimi yozulur. Biz qeyd etdik ki, “L” samiti El mənasında göy dünyasının rəmzidir, “M” rəmzi isə “magiya vasitəsi ilə heyvanların ruhlarından yaradılmış” deməkdir.
Akkadlılar Elamı [LM] – Elamtu [LMT] kimi qeyd edirlər ki, bu da Ələmut [LMT] rəmzi ilə eynidir. Kitab və məqalələrimdə mən bildirmişəm ki, Ələmut qalasının sakinləri mənbələrdə məlahi, əl-mülhid, əl-məlahid adlandırılır və bu mələk/malik/Mələküt mənasında şahlar, mələklər diyarı Mələküt (yəhud. Malxut) deməkdir. Belə çıxır ki, həqiqi şahlar və mələklər nəsli Ələmut qalasının sakinləridir və İslam/Yerusəlim dünyası da Ələmut qalasından başlanır.
Elamtu/Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni Midiya ölkəsi mənasındadır. El-Muta [LMT] rəmzinin başqa variantı olan Mutali [MT-L] rəmzi - Allahın adlarından biri sayılır. İslamda Muta rəmzi sirli rəmzlərdən biri hesab olunur. Bu rəmz müvəqqəti nikah, Ümrü-nün həcclə birləşməsi, Ümrüdən sonra bütün qadağaların ləğvi və s. deməkdir. Lakin burada həccin ezoterik mənası, yəni insan ruhunun, qadın başlanğıcı hesab edilən ilkin materiya ilə birləşməsi başa düşülməlidir. Deməli, Muta [MT] rəmzi, eyni mənalı Atum [TM] rəmzi kimi, insan ruhunun ilkin materiya ilə birləşməsi deməkdir. Bu isə onu göstərir ki, Ələmut qalası, Atum (Adəm) kosmik Allahının bədənində yerləşən, Aləm/Elam göy dünyasının, yəni İslam aləminin giriş qapısıdır.
Mənbələrə görə, Elamda Quruşlar yaşayırdı ki, İslamda onlar Qureyş adlandırılırlar. Sufizmdə Quruş [QRŞ] rəmzi - Şərq [ŞRQ] kimi də oxunur. Biz qeyd etdik ki, Babil şəhər-qülləsini məhz Şərqdən gələnlər tikmişlər. Bu isə onu göstərir ki, Quruş/Qureyşlər, “başı göylərə çatan” qülləni tikmiş ilk insanlardır.
Qəbul olunmuşdur ki, Qureyş tayfası Mədinəyə köçənlərdir. Mədinə rəmzi mənbələrdə Mədinət əs-Salam kimi də yazılır. Salam [SLM] rəmzi isə İslam [SLM] və Yerusəlim [R-SLM] rəmzləri ilə eyni mənalıdır. Deməli, Mədinə elə İslam/Yerusəlim mənasında olan Midiyadır.
Xristianların apokrif mətnlərinə görə, Süleyman şah Yerusəlim şəhərini cinlərin köməyi ilə tikdikdən sonra, onları orada bağlayır. Mənbələr onları Yəcuc və Məcuc da adlandırırlar. Məcuc [MCC] rəmzi, mənbələrdə Mükərrəm kimi qeyd edilən Məkkə [MKK] rəmzi ilə eyni mənalıdır. Mükərrəm rəmzi isə Maq-İrəm kimi yozulur. Maq rəmzi - magiya, tilsim deməkdir. İrəm isə Quranda sirli sütunlar şəhəri hesab olunur və onun bütöv adı - İrəm zat əl İmaddır. Belə çıxır ki, Qureyş/Quruşlar elə məkkəlilərdir ki, mənbələr onları Məcuc, yaxud cinlər adlandırır. Bu ilk yaradılmış varlıqlar, işıq sütunları üstə İrəm şəhərini tikdikdən sonra, göy dünyası olan İslam/Yerusəlimə koçmüşlər.
Tarixçi M.Xorenskiyə görə, dünyada bütün yaxşılıqların mənbəyi olan ilk Allahlar nəhəng və qəzəbli olmuşlar. Babil qülləsini tikdikdən sonra onlar ora köçürlər. Deməli, ərəb tayfası olan Qureyşlər, ilkin materiya ilə vəhdət təşkil etdiklərinə görə, yəni qüdrətlərinə görə digər mənbələrdə ilk Allahlar nəsli kimi də qeyd edilir.
“Ərəb” rəmzi, ən qədim dünyanın vahid dili olan sufizmdə Ra-Ba kimi açılır ki, burada “R” samiti - ilkin materiyadan yaradılmış Ra günəş diski mənasındadır. “B” samiti isə, qədim Misirdə fironun ürəyini, ruhunu bildirirdi. Qədim şahlıq dövründə Ba - ölümdən sonra da yaşamaqda davam edən fironun ruhu mənasında idi və başı, əlləri insanınkı kimi olan quş kimi təsvir edilirdi. Deməli, “ərəb” rəmzi, “Rəbb” rəmzi kimi – “Ba firon ruhu ilə birləşmiş Ra günəş diskindən ibarət olan Allah” mənasındadır. Buradan isə belə nəticə çıxır ki, mənbələrdə ərəb [RB] və eyni mənalı ibri [BR] rəmzi altında, indiki ərəb və yəhudilər deyil, ruhların göy dünyasını, yəni Babil qülləsini tikən qədim Misir Allahlarının ilk nəsli nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, Ra - rəmzi mənasına görə, Qor rəmzi ilə eynilik təşkil edir. Ra günəş diski, H/K/X/Q və s. oxşar samitlərlə rəmzləndirilmiş ilkin materiyadan yaradıldığından, mənbələrdə bu rəmz Hor, Kor, Xor, Qor və s. kimi də yazılırdı. Bu isə o deməkdir ki, Qureyş rəmzi, “Qor/Xor Allahının ruhu” kimi yozulmalıdır. Bu rəmz, məna etibarilə, Xris/Xristos rəmzləri ilə eynidir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Quruş/Qureyşlər - Xristin, yəni İlahi insanların ilk nəslidir.
İnduizmdə Quruş/Qureyş/Xristos rəmzi, Krişna yaxud Şri Krişna kimi məlumdur. Krişnanın başqa adı, əfsanəyə görə qurbangahda, qurban mərasimi ilə yaradılmış Draupadidir. Draupadi [DR-PD] rəmzi Atropat [TR-PT] rəmzi ilə eyni mənalıdır və sonuncunu Azərbaz da adlandırırlar. Mənbələrə görə, Atropat, Atropatenanın, yəni Midiiyanın şahı olmuşdur. Şri rəmzi isə mənasına görə, Aşşur/Asar/Azər, yəni Osiris rəmzləri ilə eynilik təşkil edir. Belə çıxır ki, qədim Misirin Osiris Allahı, Şri Krişna, Qureyş, Quruş, Xristos və s. ilk yaradılmış müqəddəslər nəsli - qurbangahdakı mərasimlə, yəni magik yolla yaradılmışlar.
Mənbələrdə deyilir ki, Krişnanın bədəni başdan ayağadək tilsimləndiyindən heş bir silah onu qorxutmur. Onun ən zəif yeri dabanıdır. Bu isə o deməkdir ki, Krişnanın obrazı - Axillesin obrazıdır. Çünki məhz Axillin anası, oğlunun bədənini silahlara qarşı davamlı etmək üçün, onu dabanından tutaraq müqəddəs çaya salır və onun dabanı suya toxunmadığından bu nahiyə onun ən zəif yeri olaraq qalır. Axill [XLL] rəmzi sufizmdə Xulul [XLL] kimi məlumdur və insanın ilkin materiya ilə, yəni Allahla vəhdət (ittihad) mənasındadır. Deməli, Axill, Krişna obrazları, Qor Allahının obrazı kimi, ilkin materiya ilə vəhdət təşkil edən Amon Allahının obrazıdır və buna görə də hesab edilir ki, o başdan ayağadək tilsimlənmişdir.
İslamda Qor/Xor rəmzi, Quran mənasını daşıyan Qaraa [QR] kimi məlumdur. Mənbələrdə Quranın həyat verməsi, onun axirətə əmr etməsi, kosmosa bənzədilməsi və s. yazılar onu göstərir ki, Quran rəmzi məhz Allahla bağlı rəmzdir. Məhəmməd peyğəmbərin imam Əlini “danışan Quran” adlandırması isə o deməkdir ki, imam Əli - Allahın xüsusiyyətlərini daşıyan Varlıqdır. Şumer dilində, Əli rəmzinə uyğun olan El/Alu rəmzi - Uru [R], yəni şəhər kimi tərcümə olunur. Bu rəmz isə günəş Allahı Ra-nın [R] və Qorun [QR] rəmzləridir. Deməli, Əli rəmzi, qədim Misirin Qor/Xor Allahının rəmzidir və Xristos rəmzi də buradan əmələ gəlmişdir. Belə çıxır ki, Əli - İisus Xristosun, yəni “qədim Misirin Qor Allahının ruhunun” obrazıdır.
Qədim yazılara görə, Osiris Allahın ölümündən sonra, oğlu Qor Onu dirildir. Qeyd etdiyimiz kimi, xristianlıqda Qor rəmzi - “Xor ruhu”, yəni qədim Misirin Qor Allahının ruhunu bildirən Xris/Xristos kimi məlumdur. Bu isə onu göstərir ki, İsa obrazı, qədim Misirin Ra Allahının, yəni Amon-Ranın ruhunun obrazıdır. Deməli, İsa elə “Ölüb-dirilən Osiris” (Asar/Azər) Allahının ruhudur.
Şiə ezoterikasında Əli - Allah hesab edilir. Çünki, Allah [LLH] rəmzini Əli-İlahi [LLH] kimi də oxumaq olar. İlahi [LH] rəmzi, ilkin materiyanı bildirən “H” və göy aləmini  bildirən “L”  samitlərindən ibarətdir. Sufizmdə “H” rəmzi “Hu” kimi səslənir və Allah, yəni bəşəriyyətə həyat vermiş ilkin materiyanı bildirir. Deməli, Hel/Xel/Gel və buna uyğun rəmzlər kimi, İlahi [LH] rəmzi də “İlkin materiya Elı” (Hu-El)  deməkdir. Allah rəmzi kimi, Qaliley/Qall/Xəlil/Xell rəmzlərinin də “L” və “X” [H/K/Ğ/G] samitlərindən ibarət olması, bütün mənbələrdə söhbətin ilkin materiyadan El (dünya) yaratmış firon Amondan getdiyini göstərir.
Qədim Misir mətnlərində İlahi rəmzi Asar, yəni Osiri Allahına aid edilir və Asar-Luxi, yəni Osiri-İlahi (Azər-İlahi) kimi yazılır. Quranda (6:74) Azərin bütləri Allahlara çevirməsi nəzərə çatdırılır. Deməli, qədim Misirin Asar/Osiri Allahını İslam Allahı hesab etmək olar.
Allah/El-İlahi [L-LH] rəmzi, qədim mənbələrdə Luqal [L-QL] kimi qeyd olunur. Bu rəmzi “Böyük İnsan” deməkdir və “şah”, “sahib” kimi də tərcümə edilir. Kitablarımda qeyd etdiyim kimi, ibn Ərəbi “Böyük İnsan” rəmzi altında kosmik Adəmi, yəni bədəni bütün dünyanı əhatə edən qədim Misirin Atum Allahını nəzərdə tuturdu. İslamda bu Əkbər [KBR] mənasındadır və Kəbir [KBR], yəni böyük rəmzindən yaranmışdır. Qəzaliyə görə də, Məhəmməd peyğəmbər Göy insanı olmaqla, Kosmik qüvvə hesab olunur və kainatın qayda-qanununun təmin edilməsi də ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın kütləvi tipidir. Buradan belə nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbər luqal, yəni, qədim mənbələrdə Allah mənasında olan kosmik insandır.
Yazılanlardan çıxan ümumi nəticə isə bundan ibarətdir ki, bütün dinlər bir kosmik hadisə ilə bağlıdır. Bu hadisə - firon Amonun, bədəni ruhların göy şahlığı olan Atum Allahını yaratmasıdır. Amon, Atumun bənzəri olaraq, dinlərdə Qureyş/Xristos/Krişna və s. kimi adlandırılan İlahi insanları yaradır. Bu ilk varlıqlar isə indiki adi insanları və “başı göylərə çatan” sirli Babil qülləsini yaradaraq oraya köçürlər.
                                                    
                                V hissə
Araşdırmalarımdan çıxan nəticəyə görə, İslam və müsəlmanlıq, digər dinlər kimi Misir fironlarının qədim dininin hissəsidir. Bunlar haqqında əsasən Misir, Şumer, Mesopotamiya mətnlərində məlumat verilir. Bu mətnləri araşdıran Devid Pol qərara gəlib ki, qədim Misirin məşhur Qor Allahlarının nəsli, öz kökünü Mesopotamiyanın böyük qəhrəmanlarından götürür. Bu qəhrəmanlardan biri də İslamın Müslüm [MSLM] rəmzi ilə eyni olan Mesilim [MSLM] rəmzidir.
Mesilim, Kişin süqutundan sonra İki çayın şimalına gələn elamlıların başçısı sayılır. Elam rəmzi, qeyd etdiyimiz kimi, mənasına görə İslam/Yerusəlim rəmzləri ilə eynidir. Müslüm [MSLM] rəmzi sufizmdə Musa-Elam [MS-LM] kimi yozulur. Lakin bu rəmzi Sim/Səma-Aləm [SM-LM], yəni “göy dünyası” kimi də oxumaq olar. Tövratda Sim - Yafətin (Apet), yəni qədim Misirin Pta Allahının köçdüyü çadır adlanır. Belə çıxır ki, Musa rəmzi - Skiniya, yəni “Sakin” mənasında olan göy çadırının rəmzidir. Burada çadır adı altında - “Allahın sakinliyinin çadırı”, yəni ilkin materiyanın mövcud olduğu göy çadırı başa düşülməlidir.
Bildiyimiz kimi, Musa doğulduqda, anası onu qamışdan düzəldilmiş səbətə qoymuşdur və Musa bu səbətdə bir müddət suda qalmışdır. Bu rəmz sufizmdə, Məsihin, yəni Mehdinin rəmzidir ki, o uzaq keçmişdə “doğulmuş”, lakin axirətdə taxta çıxacaqdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah - iki Nursaçan: Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş diski başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır.Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir. Bu o deməkdir ki, Müslüm/Mesilim obrazı, birinci göy dünyasının sonunda gəlməli olan Mehdinin obrazıdır.
Digər tərəfdən, Mesilim, yəni Musa-Aləmi [MS-LM] rəmzi məna etibarilə Musa-Eli [MS-L] kimi də açıqlanan İsmail [SM-L] rəmzi ilə eyni mənalıdır. Mənbələrə görə, İbrahim Kəəbəni tikəndə İsmail bütün bunları görürdü və buna görə də o ilahi sirləri bilirdi. İbrahim onu anası ilə Faran səhrasına göndərir və o burada yaşayır. Deməli, İsmail da Musa kimi müəyyən zaman axınınından keçmişdir və axirətdə, yaranışın bütün sirlərini bilən Mehdi kimi gəlməlidir. Bu isə o deməkdir ki, İsmail rəmzi də axirət günü bərqərar olmalıdır.
Sufizmdə İsmail [SM-L] rəmzi - “Sim/Səma-Əli” [SM-L], yəni göy Eli kimi də oxunur. Bu isə onu göstərir ki, şiələrin imamı Əli də Məsihin, yəni Mehdinin obrazıdır. Müasir ismaililərdə Əlinin, Allahın təcəssümü olması haqqında xüsusi qəsidələr mövcuddur və onların birində deyilir: «Əli bu görünən dəniz mövcud olmamışdan mövcud idi: O (Özünün) qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltdı. Əli – əbədi var olan və hər yerdə mövcud olandır… O (hər şeydə) açıq və gizlidə meydana çıxandır. Əlini qüdrətli və öz qüdrətini üzə çıxaran hesab et: Onun oxşarı yoxdur və vahid kimi yaşayır. Əli insanların bütün hərəkətlərini örtür və bağışlayır: Əli qocaların və cavanların günahları bağışlayndır…» (L.İ.Klimoviç “İslam” M, 1965, səh.141). Aydındır ki, bu keyfiyyətləri adi insana aid etmək mümkün deyil. Burada Əli [L] rəmzi altında təbii ki, ən qədim dünyanın El [L] Allahını formalaşdırmış ilkin materiya nəzərdə tutulur.
Mənbələrdə Əli digər müqəddəslərlə də eyniləşdirilir: «Adəmin dövründə Əli Sif olmuşdur… Əli eyni zamanda Simonun obrazında gəlmişdir…». Və yaxud «Qəbul et ki, o Şimun əs-Safa olmuşdur, yəni o Simon-Petrdə, başqa cür desək, əfsanəvi həvari (əshabə) Petrdə təcəssüm etmişdir” (L.İ.Klimoviç “İslam” M, 1965, səh.144).
Hədislərə görə, Mühəmməd peyğəmbər bildirmişdir ki, “Mən və Əli, Adəmin yaradılmasından 14000 il əvvəl eyni Nurdan ibarət idik”, yaxud “Mən və Əli, Adəmin yaradılışından 40000 il əvvəl, Allah qarşısımda Nur olmuşuq”. Buradan isə belə nəticə çıxır ki, Məhəmməd peyğəmbər və imam Əlinin obrazları, qeyd etdiyim “dünya”nın formalaşmasından əvvəl yaradılan Günəş və Ay Allahlarının rəmzləridir.
Mətnlərdə bildirilir ki, Mesilim qədim Şumer şəhəri Kişin luqalı, yəni şahıdır. Luqal rəmzi, qədim Misirin Atum Allahı mənasında olan “Böyük İnsan” deməkdir. Mesilimin, Elamın Avana [VN] şəhərindən olması isə o deməkdir ki, O, Ba [B] quşu obrazında olan ölməz Aban/Benu [BN] ruhudur.
Mənbələrə görə, Mesilim, Laqaş və Umma nomları arasında sərhəddi müəyyən etdi və onun toxunulmazlığının təcəssümü kimi orada xatirə yazısı olan daş sütunu qoydu. Umma rəmzi, İslamda “ümmət əl-möminin” mənasında “möminlər birliyi” deməkdir. Möminin [MMN] rəmzi isə sufizmdə Ammon [MMN] (Amon Allah) və Ümman [MMN], yəni göy okeanı kimi də oxunur. Kitabi-Dədə Qorqudda, Əmman kimi yazılmış Ümman dənizində kafərlər şəhər tikilmişlər və su altında üzgüçülər «Allah mənəm» deyə qışqırışırlar. Ən qədim mənbələr onları Ümman-Manda, yəni dəniz xalqı da adlandırırdılar. Deməli, Umma möminləri rəmzi altında, Ümman dənizində yaşayan Allahların ilk nəsli, yəni haqqında yazdığımız Mu (Aamu) xalqı başa düşülməlidir. Mistik yolla doğulduqdan sonra, onlar göydə İrəm/İslam aləmi yaradaraq ora köçmüşlər. Başqa sözlə, Ümma – Ra-Amon Allahının ilkin materiyadan yaratdığı və indiyədək göy okeanında mövcudluğunu davam etdirən Allah qüdrətli varlıqlardır.
Kiş rəmzi Luqaş rəmzi ilə eynilik təşkil edir ki, bu rəmz də El-Qaş, yəni Kiş-Eli fikrini ifadə edir. Sufizmdə Kiş [] rəmzi, mənasına görə Quz/Kuz/Xaos [QZ/KZ/XS] rəmzləri ilə eynidir. Qədim Misir mənbələrində eyni mənalı “KZ” rəmzi - “Ka-Uzzi” kimi açıqlanır və həyat enerjisi mənasında olan “ilkin materiyanın ruhu” deməkdir. Deməli, Laqaş/Kiş rəmzləri də Xaos aləmi, yəni ilkin materiyadan yaradılmış aləm mənasındadır.
İslam və digər mənbələrdə Kiş/Xaos [KŞ/XS] rəmzi, Yerusəlim ərazisindəki Aqsa [QS] məscidi kimi də yazılır. Quranda bu məscid - “uzaq məscid” adlanır ki, Məhəmməd peyğəmbər əl-Haram toxunulmaz məscidindən göydəki bu məscidə (merac) qalxmışdı.
Xristian mənbələrində Aqsa [QS] rəmzi, ilk kilsə hesab edilən və Albaniyanın Kiş kəndində yerləşən Qis [QS] kimi də yazılır. Kalankatuasiyə görə, ilk Xaç burada yaradılmışdır və müqəddəs əşyalar yerləşən əhd sandığı da məhz buradadır. Bu o deməkdir ki, ərazisində ilk Xaçın yaradıldığı Kiş kəndi, elə Məhəmməd peyğəmbərin göy dünyasına qalxdığı müqəddəs əl-Aqsa məscididir.
“Batini-Quran” kitabımda mən qeyd etmişəm ki, Xaç dedikdə dünya ağacı şəklində yaradılmış göy dünyası başa düşülməlidir. Ona görə də xristian rəsmlərində İsa Məsih xaç ağacı şəklində göstərilir. Deməli, xaç şəklindəki göy dünyası, əl-Aqsa məscidi mənasındadır.
Bütün bunlar onu göstərir ki, Laqaş və Umma nomları arasında sərhəddi müəyyən edən Mesilim, qədim Misirin Ra-Amon Allahının obrazıdır. Çünki, məhz O göy dünyasını yaratma prosesini başa vuraraq iki dünya (Mülk-Mələküt) arasında Betel daşını qoymuşdur.
I Kiş sülaləsinin şahı, Şumerin ilk hökmdarı Etan - “Çarlar siyahısında”, “göyə uçmuş və bütün ölkələri bərqərar etmiş keşiş” adlandırılır. O, öz hakimiyyətinə nəinki Şumeri, hətta ətraf əraziləri də daxil etmişdi və dünya hakimliyinə iddialı idi. Sonralar “Kiş şahı” titulu, bütün digər şah və  hökmdarlardan yüksəkdə duran şah-hegemon kimi qəbul edildi. Deməli, Etan - vahid şah-hegemonun obrazıdır. Hegemon şah isə, bildiyimiz kimi, yeri və göyü yaratmış Ra-Amon Allahıdır.
Qədim Misir yazılarında “göyə uçmuş Allah” haqda deyilir: “Allah gözəl tabutda yatdı ” ki, sonradan “yuxudan ayılaraq Feniks (Simurq) quşutək göyə uçsun”. Sinuxetin hekayəsində bu haqda bildirilənlərə görə, Yuxarı və Aşağı Misirin şahı göyə qalxaraq günəş diski ilə birləşir və bunula da “ilahi bədən, onu yaradana qovuşur”. Belə çıxır ki, Etan, bədənin fiziki ölümündən sonra, ruhunun göyə qalxaraq Ra günəş diski ilə birləşib Ra-Amon Allahına çevrilmiş firon Amonun obrazıdır.
Firdovsidə bu obraz, ilk dəfə göyə ayaq açaraq, orada Kəyan taxtı qurmuş və göydə günəştək qərar tutmuş Cəmşidin timsalında verilmişdir. C. Frezerə görə isə, silviya şahı ölümündən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhər üzərində qərar tutmuşdur. Quranda bu obraz, yeri və göyü yaratdıqdan sonra öz taxtında qərar tutmuş Rəhman Allahın obrazıdır. Bu isə o deməkdir ki, ərşə ucalan Rəhman Allah elə göyə uçmuş qədim Misirin Ra-Amon Allahıdır. Məhəmməd peyğəmbərin də göyə meracını nəzərə alsaq başa düşərik ki, peyğəmbərimiz elə ərşə hakim olan Rəhmanın, yəni qədim Misirin Ra-Amon Allahının obrazıdır.
Digər tərəfdən, mənbələrin araşdırılmasından çıxan nəticəyə görə, Alban dağlarında göylərə yüksəlmiş İdris və İliya peyğəmbərləri, Kus (Kiş/Aqsa) kəndindən olan Əli ibn Əbu Talibin obrazlarıdır. Bu isə onu göstərir ki, imam Əli də axirətdə göylərə yüksələrək Ra-Amon Allahın yolunu təkrarlayacaq Mehdinin obrazı mənasındadır.
Qeyd etmək yerinə düşər ki, “peyğəmbər” rəmzi ən qədim mənbələrdə “firon ruhu” mənasında olmuşdur. Qədim Misirin “Ölülər kitabında”, peyğəmbər mənasını daşıyan nəbi [NB] rəmzi, Allahın Beytdə, yəni Evdə keçirdiyi qurbanlıq mərasimi ilə əlaqələndirilir. Burada deyilir ki, Allah öz taxtı üçün su yaradır və torpaq əmələ gəldikdə O artıq Abidosda peyğəmbər olmuşdur. Sufizmdə nəbi [NB] rəmzi, qədim Misir yazılarında Benu [BN] kimi qeyd olunan “fironun ruhu” kimi yozulur. Benu - mətnlərdə fironun ruhu, ürəyi olan Ba quşu mənasındadır. Bədənin ölümündən sonra, Ba (Ab) ruhu göyə qalxaraq Benu [BN] qiyafəsi alır və bu rəmz də Nəbi [NB] rəmzi ilə eyni mənalıdır. Bu isə Məhəmməd peyğəmbərin – qədim Misirin Ra-Amon Allahınin ruhu mənasında olması deməkdir.
Bütün bunlar onu göstərir ki, “peyğəmbər” rəmzi altında adi ölümlü insan deyil, “göylərdə ölümsüzlük qazanmış müqəddəsin ruhu” başa düşülməlidir. Əflatuna görə də, peyğəmbərlik edən, yəni göydə olaraq fikrən informasiya göndərənlər peyğəmbər adlandırılmalıdır. Bu informasiyanı qəbul edənlər isə rəmz oxuyanlar, yozanlar tayfasıdır. Deməli, peyğəmbər rəmzi, bu gün qəbul edildiyi kimi, rəmzlərin açmasını verənlərə, yozanlara deyil, peyğəmbərlik edənə, yəni göydəki müqəddəs ruha aiddir. Bu ruh isə, baş verəcəkləri əvvəlcədən müəyyən edib “Lövhi Məhfuz”da rəmzləndirmiş qədim Misirin Ra-Amon Allahının ruhudur.
“Peyğəmbər” rəmzinin özü, sufizmdə “Ra günəş Allahının hər şeyi əhatə edən və hər şeyi bilən ruhu” mənasını verir. Məhəmməd rəmzinin Midiya maqı kimi yozulmasını nəzərə alsaq, razılaşarıq ki, bu rəmz altında Ra-Amon Allahı başa düşülməlidir. Midiya [MD] dedikdə isə - luqal, yəni kosmik insan şəklində olan Atum [TM] Allahı nəzərdə tutulmalıdır. Ra-Amon Allahının və Mehdinin Atum Allahı rəmzində olmaları və ilkin materiyanın qanunlarını bilmələri o deməkdir ki, onların hər ikisi Midiya maqlarıdır. Buradan isə belə nəticə çıxır ki, Məhəmməd peyğəmbərin və Mehdinin obrazları - Mesilimin, yəni Müslümün obrazıdır.
Qeyd etdik ki, Mesilim/Müslüm [MS-LM] rəmzi eyni zamanda Sim-Aləm [SM-LM], yəni “göy dünyası” kimi də yozulur. Tövratda, Sim, Yafətin/Apetin [FT/PT], yəni qədim Misirin Pta [PT] Allahının köçdüyü çadır adlanır. Memfis kosmoqoniyasına görə Pta Allah demiurq olmuşdur və O, dünyanı və Allahları öz ilahi sözü ilə yaradır. Burada açıq yazılır ki, Atumun (Adəm) “Allahlar doqquzluğu”, məhz Pta Allahın sözü ilə yaradılmışdır. O, nə deyirdisə, dərhal reallığa çevrilirdi. Şiə ezoterizmində bu ani yaranış “İbda”, yaradan ilkin materiya isə “aləm əl-İbda”, “aləm əl-Əmr” adlanır. Deməli, ilkin materiyanın adından çıxış edən Allah, sözlə sanki özü-özünü, lakin kosmik ölçüdə yaradan Yafət/Pta Allahıdır. Buna görə də İslam ezoterizmində Adəm - Ali Kəlam adlanır. Bu isə o deməkdir ki, Pta Allahın ilahi sözü - Allahın, yəni ilkin materiyanın və onun adından çıxış edən firon Amonun Kəlamıdır.
Ən qədim mənbələrdə Kəlam (Kalam) rəmzi altında Şumer dövləti nəzərdə tutulurdu. Deməli, Şumer - Allahın sözündən yaranmış Atumun göy dünyasıdır. Bu göy dünyası, qədim Misirin Amon Allahının ruhunda yarandığı üçün onu, Allahın ruhu mənasında olan Şu saxlayır. Şumer [ŞMR] rəmzinin Şu-əmr [Ş-MR] və Şiə-əmir [Ş-MR] kimi də “oxunuşu” onu deməyə əsas verir ki, Şu Allahının əmrindən yaranmış bu şiə əmirlərinin göydəki eli elə İslam aləmidir. Mənbələrdə İslam aləmi, yazdığımız kimi Səlim (Şalom-Şu-Aləm) şahlığı kimi də qeyd olunur ki, Əhdi-Ətiqə görə yəhudi Allahı burada yaşayır. Şumerin Allah Kəlamı ilə yaradılması isə onu göstərir ki, o qədim Misirdə Atum, yəni Adəm adlandırılan kosmik insan formasında yaradılmışdır. Mesilimin də Şumerin luqalı, yəni Böyük İnsanı olmasını nəzərə alsaq, bu obrazın Adəm Həqiqi (Haqq Adəm), yəni Allahın obrazı olduğu qənaətinə gələrik.
İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu, şiə ezoterizminin İranda, müsəlmanlığın bura gəlişindən əvvəl olması deməkdir. Deməli, İslam və müsəlmanlıq Ərəbistandan deyil, qəbul edilmiş dövrdən minilliklər əvvəl İran ərazisindən başlanır. İslam, Müslüm, şiə və s. rəmzlər də bilavasitə qədim Azərbaycan ərazisində yaşayan türk əmirləri nəslinin göydə yaratdığı ruhlar dünyasına aiddir.

            VI hissə
Bu gün qəbul edilmişdir ki, xaçpərəstlik, yəni xristianlıq nazaretli (nasira) İsa Məsihdən başlanır. Lakin mövzunu dərindən araşdırdıqda məlum olur ki, nazaretli rəmzi - qədim Misirdə Nu şəhərində yaşayan Oziri (Usiri/Osiris) Allahının nəslinə aid edilmişdir. Nazer [NZR], yəni Nazaret sözü də məhz Nu-Oziri rəmzindən yaranmışdır. İslamda nazer rəmzi, ənsar rəmzi ilə eyni mənalıdır və mənbələrdə ənsarilər [NSR] Məhəmməd peyğəmbərin davamçıları hesab olunur. Şiəlikdə Nazer rəmzi Nizar [NZR] kimi məlumdur və ismaililərə aid edilir. Bu rəmzdən yaranmış Nəsrullah adı Nəsir-Allah kimi izah olunur və “Allahın köməyi” mənasındadır. Sufizmdə isə bu, Nasir rəmzinin - Allahın adlarından biri olması deməkdir. Belə çıxır ki, xaçpərəstlik və İslamın kökü qədim Misir dini ilə bağlıdır.
Gilqameş haqqında eposda eyni mənalı Nisir [NSR] rəmzi - Nuhun obrazı olan Ut-Napiştimin gəmidən düşdüyü yerin adıdır. Talmuda görə, Nuh gəmidən düşdüyü yerdə qurbangah tikmişdir. Bu yerdə Süleyman peyğəmbər də qurbangah qurmuş və Habillə Qabil də burada qurban gətirmişlər. Adəm də buranın torpağından yaradılmışdır və yaradıldıqdan sonra burada qurban kəsmişdir.
Əgər Ut-Napiştimin, yəni Nuhun gəmisi Nisir dağlarında lövbər salmışdırsa, Tövrata görə Allah və insanlar arasındakı müqavilə də məhz burada bağlanmışdır (Быт. 9:13). Bu isə o deməkdir ki, Nisir/Nazer rəmzləri ilk insanın yaranışı və demək olar ki, qədim dünyanın bütün sirləri ilə də bağlıdır.
Qədim Misir mənbələrində Nisir/Nazir [NSR/NZR] rəmzi, Nu-Usiri(s) yaxud Nu-Oziri [NSR/NZR] kimi yazılır. Burada Nu rəmzi [N] İunu şəhərinin adı mənasındadır və o digər mətnlərdə Ane/On/No [N] kimi də qeyd olunur. Lakin onun başqa adı İliopol və ya Geliopoldur. Geliopol və Memfis kosmoqoniyasına görə Atum Allahının “Allahlar doqquzluğu” buradakı günəş şəhərindədir. Əhdi-Ətiqə görə bu şəhər - “dəniz divarı ilə əhatə olunmuş çaylar arasında yerləşir” və Ammon, yəni qədim Misirin Amon Allahı ilə əlaqəlidir. Xristian mətnlərində bu şəhər Ani [N] adlanır və Şahənşaha, yəni şahlar şahına məxsus hesab olunur.
Qədim Misirin “Ölülər kitabında” qeyd edilir ki, Ev, yəni Allahların göydəki Evi – İunuda adı ilə də tanınan Gelıopolda tikilmişdir. Bu kitaba görə, qoca Ra-nın da evi İunuda yerləşirdi və Geliopoldan çıxmış Ptah Allahı bu günədək orada yaşayır. Usiri (Osiris) Allahının bədəni də İunu, yəni Geliopol şəhərində uyuyur. Dünyanın sonunda isə Usiri Allahı məhz burada diriləcəkdir. Yazılanlardan belə nəticə çıxır ki, Nu-Usiri, yəni Nisir/Nazaret, Allahın göydəki Evinin “tikildiyi” yerdir və Usiri, yəni Osiris Allahının dirilməsi də məhz burada baş verməlidir.
Qədim Misir mənbələrində dirilən, çoxsimalı Sebek Allahı Nu-Usiri rəmzi ilə əlaqələndirilir. Mətnlərdə Sebek - Ra günəş Allahı kimi təsvir edilir və torpağı bərəkətlə təmin edən, bütün dünyanı və su şahlığını idarə edən Ali Allah adlandırılır. O eyni zamanda hər iki torpağın taxtının şahı, əbədi həyat verilmiş Enneada “Allahlar doqquzluğu”nun sahibi sayılır. Onu həmçinin “Ra-nın bədənindən doğulmuş oğul” kimi də qeyd edirlər. Bu isə o deməkdir ki, Sebek obrazı, Mehdinin, yəni axirət zamanı Usiri Allahını diriltməli olan Qor Allahının obrazıdır.
Bildirmək istərdim ki, Usiri [SR] (Osiris) rəmzi induizmdə, yaxşı keyfiyyətlərə malik nurlu cinlər, yarımallahlar olan - Asurlar [SR] kimi qeyd olunur. Asurların qüdrətli şahı isə Xiranyakşadır və bu rəmzi “Kiş şəhərinin Xoru” kimi oxumaq olar.
Sebek və Nu-Usiri (Nu-Oziri) Allahlarının “dirilən” obrazı İslamda Həsən ibn Sabbah kimi məlumdur və onu Nizar da adlandırırlar. Nizar – irqin fəxridir və o sağdır, lakin gözə görünmür. O əbədi yaşayır və şahlıq edir. Deməli, Nizar, ölümsüz hesab edilən qədim Misirin Ra-Amon Allahının obrazıdır. Misir mənbələrində Sebek rəmzi timsah başlı ölüm Allahı kimi də qeyd olunur ki, mətnlərə görə o insanların ruhlarını mühakimə edərək, günahkarların ruhlarını parçalayıb öldürür. Nizari məlahiləri, yəni mələkləri də mənbələrdə insanları öldürən assasinlər kimi məlumdir ki, bu da eyni fikri bildirir.
Nizar [NZR] rəmzi ilə eyni mənalı olan Nazorey [NZR] rəmzi, Tövrata görə həyatını Allaha həsr etmiş insanlara aid edilir. İslam ezoterizmində bu xüsusiyyəti nizarilərin şiə icması daşıyır və mənbələrə görə onları Allah özü idarə edir. Qeyd etdiyimiz kimi, onların İşıq haqqında ali təlimi, Əflatun və ona qədərki alimlərin təlimi ilə eynidir. Mənbələrdə bu nizari-ismaililəri həmçinin batinilər, yəni Quranın gizli mənasını bilən müdriklər də adlandırırdılar. Quranın “Mağara” surəsində deyilir ki, ezoterik elmləri bilən insanlar Şərqdə - “iki dənizin birləşdiyi” yerdə yaşayırdılar və Allah onlarla özü arasında pərdə yaratmamışdı. İki dənizin birləşməsi dedikdə, göy dünyasına giriş qapısının olduğu yer nəzərdə tutulur. Bu isə o deməkdir ki, nizarilərin Ələmut qalası, Mələküt (yəhud. Malxut) göy şahlığına, yəni mələklərin göy dünyasına keçid yeridir. Burada yaşayan nizarilər isə, Allahın seçilmişləri, Onun sirlərinin mühafizəçiləridir.
Buxariyə görə, sirlərin mühafizəçiləri peyğəmbərin yaxın adamları olan ənsarilər olmuşlar. Peyğəmbər onlara qayğı göstərməyi, yaxşı işlərini qəbul etməyi, pis işlərini isə bağışlamağı tapşırmışdır. Deməli, ənsarilər elə ilahi sirlərin mühafizəçiləri olan nizari-batinilərdir. Nizar [NZR] və ənsar [NSR] rəmzlərinin eyniliyi yazılanların doğruluğunun təsdiqi deməkdir.
Ərəb mənbələrinə görə ənsarilər, Məhəmməd peyğəmbərin Mədinədə qalmış davamçıları, mühacirlər isə köç edən Qureyşlərdir. Qureyşlər, qeyd etdiyimiz kimi, Beyt adlanan göy Evinin tikilməsindən sonra oraya köçmüşdülər. Buxari yazır ki, Qureyşlər və ənsarilər Anas bin Malikin evində ittifaq bağlamışdılar.
Malik [MLK] rəmzi, ona uyğun mülk/mələk [MLK] rəmzləri kimi, Ələmut mülhidlərinə, yəni ismaili-nizarilərə aiddir. Dahi sufi ezoteriki əl Qəzaliyə görə, dünya - görünən “aləm əl-mülk”ə, görünməyən – “aləm əl-qeyb vəl-mələküt”ə və mənəvi dünya olan “aləm əl-cəbərüt”a bölünür. Bu o deməkdir ki, Allahın göy və yer mülkiyyəti olan Mələküt və Mülk, nizarilərin Ələmut qalasında birləşir və “iki dənizin birləşdiyi” yer də buradadır.
Məlum olduğu kimi, peyğəmbərin varisi seçilərkən, mühacirlər ənsarilərə müraciət edərək -  “əmir bizdən, vəzir sizdən” demişdilər. Biz qeyd etdik ki, əmir/amoreylər Allahın bənzəri kimi yaradılmış hökmdarlardır. Deməli, mühacir-əmirlər, Babil qülləsini tikərək ora köç etmiş Qureyşlərdir. Yurdda isə bu hökmdarların vəzirləri olan ənsari-nizarilər qalmışdılar.
Mənbələrə görə, Əbu Bəkr ənsarilərə: “Biz məkkəlilər - hökmdarlarıq, siz isə yalnız bizim müavinlərimizsiniz” deyə müraciət etmişdi. Burada məkkəlilər [MKK] rəmzi altında məcuclar [MCC], yəni Babil qülləsini tikmiş cinlər, maqlar nəzərdə tutulmalıdır. Belə çıxır ki, məkkəli-hökmdarlar elə göy dünyası Mələkütə köçmüş mühacir-əmirlər, Allahın yerdəki mülkündə, yəni Ələmut qalasında qalan ənsarilər isə müavin-vəzirlərdir.
Firdovsi ənsariləri [NSR] nisar [NSR] adlandırır və qeyd edir ki, onlar şahın dayağı, onun ətrafı, silah daşıyanlarıdır. Silah daşıyan dedikdə Firdovsi, ənsar/nisarilərə verilmiş ilahi qüvvəni nəzərdə tutur. Bu qüvvə ilə onlar - sözlə təbiətə və canlılara təsir edə bilirdilər. Qədim Misir mətni olan “Merikarın nəsihəti”də deyilir: “Allah magiyanı onlara silah kimi verdi ki, hadisələrin zərbələrindən qorunsunlar...”. Yəhudi mənbələrində isə bildirilir ki, sevimli israillilərə dünyanı yaratmış silah verilmişdir.
Biz əvvəldə qeyd etdik ki, israillilər rəmzi altında İzra eli [ZR-L], yəni Oziri Allahının törəmələri başa düşülməlidir. Deməli, israillilər elə ilkin materiyanın qüvvəsindən istifadə edə bilən ənsari/nisarilərdir. Bizə bu Azəri müqəddəsləri - seyid, şıx, bəy və s. adları ilə məlumdur.
Qeyd etmək istərdim ki, Məhəmməd peyğəmbər seyidlər haqqında: “seyidin yaxşısına özünə görə, pisinə isə mənə görə hörmət edin”, indiki ərəblər haqqında isə: “Mən ərəbəm, ərəblər məndən deyil” demişdi. Bu isə seyidlərin, peyğəmbərin evində qalmış ənsari/nizari nəsli olması deməkdir. Belə çıxır ki, Məhəmməd peyğəmbər ərəbləri deyil, qədim Midiya ərazisində yaşayan ənsari/nizariləri öz “soydaşı” hesab edirdi.
Firdovsi mühacirləri, xalqdan ayrılaraq yalnız Allaha ibadətlə məşğul olan katuzilər adlandırır. Mühacirlərin göy şahlığında ayrıca yaşadığını nəzərə alsaq, aydın olar ki, ayrılmış katuzilər, yəni kaduslar rəmzi altında, Mələküt dünyasına köçmüş, Allahı əhatə edən və mələklər hesab olunan müqəddəslər nəzərdə tutulur. Devid Rol bu ilkin Allahları - “ibtidai dövrün böyük ruhları”, “inşaatçı Allahlar”, “müdriklər qardaşlığı”, “Yaradıcının törəmələri” və s. adlandırır.
Quranda nisar/ənsari [NSR] rəmzi nasara [NSR] kimi yazılır və xristianları bildirir. Belə çıxır ki, müsəlman-ənsarilər eyni zamanda xristian-nasarlardır.
Bildiyimiz kimi, Xristos rəmzi Məsih kimi tərcümə olunur və yəhudilərdə bu rəmz Maşiax kimi məlumdur. Əgər Xristos rəmzinin, “Qor issi” [QR-SS] kimi tərcümə olunan Xris [XR-S] rəmzindən əmələ gəlməsini nəzərə alsaq, xristian və müsəlman nasarlarının Qor Allahının törəmələri olduğu qənaətinə gələrik.
Tədqiqatçı D. Rol xüsusilə qeyd edir ki, Misirin əfsanəvi “Qor davamçıları”nın soykökü Mesopotamiyanın böyük qəhrəmanlarından başlanır və bu nəslin hər növbəti hökmdarı öz adının qarşısına “Qor” ləqəbini əlavə etmişdi. Bu qaydaya uyğun olaraq sonralar Roma imperatorları da Roma imperiyasının əsasını qoymuş insanın şərəfinə “Sezar” titulunu daşıyırdılar. Buradan isə belə nəticə çıxır ki, Xristos rəmzi, Qureyş rəmzi kimi Böyük Mesopotamiya Allahlarının nəslinə aiddir.
D. Rol qeyd edir ki, tutduğu mövqeyə görə firon və onun ailə üzvlərindən sonra İri-Paut, yəni ilk Qor-fironların birbaşa törəmələri olan Paut [PT] tayfasına aid olanlar gəlir. İri-Paut [R-PT] rəmzi - Ra-Pta [R-PT], yəni Ra günəşi və Pta Allahı deməkdir ki, bu da Amon və Atum Allahlarının birləşmiş obrazıdır. Leydenin “Amon Allahına aid himn”ində açıq deyilir: “Üç Allah – Amon, Ra və Pta – bütün Allahların mahiyyətidir. Və onların bənzəri yoxdur. Öz adını gizlədən Amon, üzü ilə Ra, bədəni ilə Ptadır”. Deməli, bütün yer kürəsini əhatə edən Atum Allahı - Amon Allahının bədəni mənasındadır. Ra günəş diski isə Amonun öz ruhudur.
Qədim Misir fəlsəfəsinə görə, Ra günəş diski - “Hu” ilkin materiyasından yaradılmışdır və “H” [Q/X/K və s.] samiti ilə işarə edildiyindən, mənbələrdə “Hor”, Qor/Xor/Kor və s. kimi də yazılır. Bu o deməkdir ki, Ra və Qor/Xor Allahları eyni Varlığın adının müxtəlif adlarıdır. Belə çıxır ki, Xris/Xristos, qədim Misirin Pta [PT] Allahının birbaşa törəməsidir. Sonuncunu daha sonralar Paut/Apet [PT], yəni Yafət [PT] adlandırmışlar. Mesopotamiyada Yafət evinin, başqa adı İunu/Nu olan Gel olduğunu nəzərə alsaq, İsus Xristosun da Nu-Usiri, yəni nasar/ənsar nəslindən olması qənaətinə gələrik.
Ənsar/nasar rəmzi, qeyd etdiyimiz kimi ismaili-şiələrin nizar rəmzi ilə eyni mənalıdır. “Şiə” rəmzi isə, yəhudilərdə İsanın adı olan Yeşua ilə eynilik təşkil edir. Bu o deməkdir ki, şiələr, qədim Misir mətnlərində Şu Allahı adlandırılan Yeşuanın (İsa) davamçılarıdır.
Qədim mənbələrdə Şu Allahı, Misirin Ra-Amon Allahının ruhunu, ürəyini bildirirdi. Belə çıxır ki, İsa/Yeşua, qədim Misirin Ra-Amon Allahının axirət günü qayıtmalı olan ruhudur. Bütün bunlar onu göstərir ki, xristianlıq qədim şiəliyin təhrif olunmuş variantıdır. Çünki, Ra-Amon Allahının ezoterik elmi öz dolğunluğu ilə məhz şiəlikdə qalmışdır. İslamın bütün rəmzləri yalnız batini-şiə ezoterikası ilə açılır. Xristianlıq isə, Allahın dünyanı yaratması ilə bağlı elm kimi məlum deyil. Bu isə o deməkdir ki, bütün dinlərin kökü batini-şiə ezoterikası ilə bağlıdır.
Zaman keçdikcə qədim şiə ezoterizmi - xürrəmi, hürufi və s. təriqətlər kimi adlanmağa başladı. Xris/Xristos rəmzləri mənasında olan xürrəmi və hürufi rəmzləri də Xor, yəni Qor rəmzi ilə bağlıdır. Deməli, İslam və xristianlığın təmas nöqtəsi İslamın şiə təriqətidir.
Tədqiqatçı Anri Korben qeyd edir ki, hürufi təriqəti zaman keçdikcə İrandan Türkiyəyə köçür və burada bu hərəkatın davamçıları bektaşi dərvişləri olur. Bektaşilər - iudaizm, xristianlıq və İslamın vahid din olduğunu təlim edirdilər. Zahiri görünüşünə görə onlar ikidəstəkli taxta xəncər, başlarında isə dua və Cihad şüarları yazılmış sarğı daşımaları ilə seçilirdilər. Onlar, dua üzərində İncildən kəlamlar yazılmış lent gəzdirir, dini ayinlərdə şamanizm elementlərindən, rəmz kimi isə xaçdan istifadə edirdilər. Bektaşilər –Müqəddəs üçlüyü “Allah, Məhəmməd və Əli” kimi qəbul edərək ona səcdə edirdilər. Onlarda ənənəvi İslam üçün qəbuledilməz olan nikahsızlıq əhdi, mənəvi müəllimə itaət,  şərab və pendirdən (bektaşilərdə spirtli içkiyə qadağa yoxdur) istifadə etməklə müşayət olunan ayinlər geniş yayılmışdı. Faktiki olaraq  bektaşilik - xristianlığın, İslamın və ənənəvi İslamın həm sünnü, həm də şiə qollarından uzaq qədim təriqətlərin elementləri olan hərəkatdır (Анри Карбен, http://farhang.al-shia.ru/karbin/karbin.html).
Bütün bunlar, xristianlıq və İslamın, qədim Misirin Nu-Usiri nəslinə aid, yəni nizari-şiələrin gizli elmi bazasında olan ən qədim dinin hissələri olduğunu təsdiq edir. Bütün dinlərin bir olmasının daha geniş sübutu isə müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.

VII hissə
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına bir neçə dəfə rast gəlinir. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Deməli, axirətdə imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.
Sebeos, İisus Xristos haqda danışarkən, onun yarıinsan, yarıallah olmasını xüsusi nəzərə çatdırır: “İlahi mahiyyət insan obrazında təzahür etmişdir və bütün insanları öz ölümsüzlüyünün iştirakçısına çevirmək üçün, bəşəriyyəti öz ilahiliyi ilə birləşdirmiş, ölümsüzlüyü ölümlülüklə qarışdırmışdır”. İslamda bu birləşmə, yəni insani və ilahi mahiyyətin birləşməsi - “ittihad əl-ləhut bin nəsut” adlanır.
Qurana görə (46:63) İsa açıq işarətlərlə, yəni müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Deməli, İsa qədim sirləri açaraq insanlara həqiqəti başa salacaqdır. Xristian mənbələrində deyilir: “Xristos həqiqi işıq və həyat günəşidir. Günəş bədənin gözlərinə işıq vermək üçün gəldiyi kimi, Xristos da ağıl və ürəkləri maarifləndirir”. Xilaskar “dünya işığı” olmaqla bədənləri yox, bədənsiz ağılları maarifləndirir ki, bizlərdən hər birimiz günəşin işıqlandırdığı kimi hər şeyi görüb, dərk edək”. Deməli, İsa, insanlar üçün qaranlıq olan anlaşılmazlıqları ağlının nuru ilə işıqlandıracaqdır.
Qədim Misir himnlərinin birinə görə Allah yalnız öz oğluna öz sirlərini açmışdır: «Sənin oğlundan başqa özünü dərk etmiş başqası yoxdur… Sən öz oğluna, öz qabaqcadan verilmiş göstərişini və öz qüdrətini verirsən». Bu o deməkdir ki, İsa obrazı, axirətdə gəlməli olan və bütün sirləri insanlara açacaq qədim Misir Allahının obrazıdır.
Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlidir. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”.
Müasir ismaililərdə Allah-Əlinin təcəssümü haqqında xüsusi qəsidələrin birində deyilir: “Əli – Sultan Məhəmməd şahdır, onun əmri ilə iki dünya ucalmışdır. Onun biliyi iki dünyanı əhatə edir: bu vahid hökmdarın varlığı qədimdir. Onun bənzəri və oxşarı yoxdur: O – hər şeyi görən, hər şeyi bilən və əbədi mövcud olandır. O – öz qüdrəti ilə bu dünyanı üzə çıxaran və Yerin, Göyün yaradıcısıdır…». Belə çıxır ki, İsa kimi Əli də adi insan yox, “hər şeyi görən, bilən və əbədi mövcud olan” ilkin materiyanın obrazıdır. Deməli, imam Əli ilkin materiyanın təcəssümüdür. Buna görə də ən qədim müəlliflər onu, mövcudiyyətin İlkin Ağıldan emanasiyası prosesi kimi təsvir edirdilər. Bu isə, Əli rəmzi altında ilkin materiyadan yaradılmış göy Elinin nəzərədə tutulması deməkdir. Qədim Misir yazılarına görə bu göy vilayəti Atum Allahının, yəni Adəmin bədənində yerləşirdi.
Şiə ezoterizminin məşhur tədqiqatçısı Anri Korben yazır: “Qeyd etdiyimiz kimi, əsas ideya ondan ibarətdir ki, gözlənən İmam yeni Qanun, yeni Kitab gətirməyəcək, lakin bütün vəhylərin mənasını izah edəcək. Çünki, o özü Kamil İnsan (Antropos Teleyos) formasında olan “əbədi peyğəmbər həqiqəti”nin ezoterikası mənasında bütün vəhylərin vəhyidir. Gözlənən İmamın gəlişinin mənası tam antropoloji vəhy, Ruhun insan daxilində çiçəklənməsidir. İnsanın üzərinə götürdüyü ilahi sirrin vəhyi, Quran ayəsinə (33.72) görə Göyün, Yerin və dağların üzərinə götürməkdən imtina etdiyi yükdür. Əvvəllər, ilk imamların təliminə görə, imamlıq bu ayəni, vilayətin sirrinin daxil olduğu ayə kimi qəbul edirdi. Beləliklə, ilahi sirr və insan sirri, Antropos və Həqiqə Mühəmmədiyyə sirləri üst-üstə düşür”. Bu o deməkdir ki, Əli obrazı, bədəninin ölümündən sonra ruhunun göyə qalxaraq, orada kosmik insanın ruhuna çevrilməli olan insan ruhunun obrazıdır. Qədim elmdə “ruh” rəmzinin “İssi” (“S” samiti) rəmzi ilə qeyd olunduğunu və İsa/İisus rəmzlərinin də buradan əmələ gəldiyini nəzərə alsaq, razılaşarıq ki, İsa obrazı İmam Əlinin ruhunun obrazıdır. Buradan isə belə nəticə çıxır ki, axirətdə, bədənində ilkin materiyanın “ruhu” olan insan gələcək. Bu ruh qədim Misirdə Şu Allahı (Yeşua/Şiə), yəni Ra-Amon Allahının ruhu kimi qeyd olunur. Deməli, İsa Məsih - “İssi Ra” [SSR], yəni “Ra günəşinin Ruhu” anlamında diriləcək Usiri [SR] Allahı mənasındadır. Tövratda Usiri/Oziri rəmzi İzraEl (Oziri-Eli) kimi yazılır və onu Oziri-Əli kimi də oxumaq olar. Bu isə, dirilən Usiri/Oziri Allahının elə qeyb olmuş 12-ci imam mənasında Əlinin zühuru deməkdir.
Quranda açıq yazılır ki, bu kitab, Allahın aləmlərdən üstün etdiyi İsrail oğullarına göndərilmişdir. Allah onlara müdriklik, peyğəmbərlik və bərəkət vermişdir. Onlar elm və biliklərinə görə seçilmişlər və varislər olaraq ucaldılmışlar (Quran 27:76,77, 45:16, 2:47,122,40, 44:32, 45:16, 6:165). Deməli, hər şeyi bilən Əli və İsa obrazları elə İsrail/İzrail obrazıdır.
İsa adının İisus variantı [SS] Əhdi-Cədid mənbələrində “osios” [SS] kimi də yazılır və müqəddəs kimi tərcümə olunur. Əhdi-Ətiq iqtibaslarında “o osios” rəmzi - “Kedoş İsrael” (Kedosh Yisrael), yəni “Müqəddəs İsrail” ifadəsinin ekvivalentidir və Əhdi-Cədid müəllifləri onu Xristə, yaxud Allaha aid edirlər. Kedeş rəmzi, kodeş/kadiş rəmzləri kimi müqəddəs deməkdir və İslamda kuddus/əqdəs kimi yazılır. Müsəlmanların “müqəddəs” sözü də məhz kuddus rəmzindən yaranmışdır.
Kuddus [KDS] rəmzi qədim mətnlərdə Midiyanın kadus [KDS] tayfa adı ilə eynidir. Midiya isə mənbələrdə El-Muta [L-MT] kimi də yazılaraq ismaili məlahi/mülhidlərinin, yəni mələklərinin yaşadığı Ələmut [LMT] qala adı ilə eyni mənalıdır. Ələmut rəmzinin [L-MT] sufizmdə Atum Eli [TM-L], yəni Atum/Adəm [TM/DM] aləmi kimi də oxunmasını nəzərə alsaq, belə qənaətə gələrik ki, mələklər, Adəm-Əli [DM-L] mənasında olan göydəki Atum-Elində [TM-L] yaşayırlar.
Mələk [MLK] rəmzi, Allahın mülkiyyəti mənasını verən Mülk [MLK] rəmzi ilə eynidir. Bu isə, Allah mülkündə yaşayan ismaili məlahilərinin, qədim kadusların törəmələri olması deməkdir.
Xristianlıqda mülk [MLK] və kadus [KDS] rəmzləri, Tövratda Səlim şahı adlandırılan Melkisedek [MLK-SDK] (Melxisedek) rəmzində birləşir. Səlim [SLM] rəmzinin məna etibarilə İslam [SLM] rəmzi ilə eyniliyini mən əvvəldə qeyd etmişəm. Deməli, Melxisedek eyni zamanda İslam şahıdır. Melxisedek obrazını başa düşmək üçün mənbələrə müraciət edək.
Mənbələrə görə, Nuhun qardaşı Niranın qoca və sonsuz arvadı, Mariya kimi öz əri ilə əlaqədə olmadan sirli şəkildə hamilə qalır. Fahişəlikdə ittiham olunan qadın, ölüm ayağında, sinəsində müqəddəslik möhürü olan oğlan doğur. Ona keşiş libası geydirərək Melxisedek adı verirlər. Qırx gündən sonra Cəbrail Melxisedeki Edem cənnətinə aparır. Burada o daşqının bitməsini gözləməli və ondan sonra öz vəzifəsinin icra edərək əbədi keşiş olmalı idi.
Bu o deməkdir ki, Melxisedek, əvvəldə yaranmış, lakin daşqın hadisəsindən sonra gəlməli olan obrazdır. Aydındır ki, burada Göy və Yerin yaradılmasının dördüncü günü yaradılmış, lakin axirətdə gəlməli olan Ay Allahının obrazı nəzərdə tutulur. Başqa sözlə, Melxisedek, axirət günü taxta çıxacaq Mehdinin obrazıdır.
Həvariyun Pavel, Melxisedeki “dünyanın şahı” adlandırır və qeyd edir ki, hətta patriarx İbrahim müharibədə əldə etdiyi qənimətin onda birini ona verir. O həqiqət şahıdır, atasız, anasız, şəcərəsiz, günlərinin başlanğıcı və sonu olmayan, Allah övladına bənzəyərək əbədi keşiş kimi mövcuddur. Melxisedekin günlərinin başlanğıcının olmaması onu göstərir ki, o da İsa və Əli kimi, əvvəli və sonu olmayan ilkin materiyanın təcəssümüdür.
Aleksandriyalı Filon Melxisedeki - Loqosun təcəssümü kimi qəbul edir. Bu isə o deməkdir ki, Melxisedek - Pta Allahının qədimdə verdiyi əmri ilə, yəni Allah kəlamı ilə yaranmışdır, onun zühuru isə axirətdə olmalıdır.
İbn Ərəbiyə görə yaradılmış ruh uzun müddət qalaraq, minillər sonra insanda təzahür edə bilməz. Lakin baş verənləri “yadda saxlayan” Mehdi obrazı isə əbədi “mövcud” ola bilər. Çünki ilkin materiya, kosmik sistemin yaranmasından indiyədək hər şeyi yadda saxlayır. Buna görə də Allah, baş verənləri “görən” Mehdinin obrazını yaratmışdır və o doğulduqdan sonra qədim sirləri yada salacaqdır. Filon Melxisedeki - “Allah sirlərini özü dərk edən” (müəllimsiz), “müdrikliyin başlanğıcı və mənbəyi”, “Allahın həqiqi ilk keşişi” və s. adlandırır.
Memfis kosmoqoniyasına görə Pta Allahı dünyanı və Allahları öz ilahi sözünün qüdrəti ilə yaratmışdır. Atum (Adəm) da, Tövrata görə Nuh oğlu Simin çadırına köçən Yafətin, yəni Pta Allahının sözü ilə yaranmışdır. Mənbələrdə Melxisedek Simlə eyniləşdirilir və göydə yaşayan, “əbədi mələklərin” başçısı, esxatoloji qisasın icraçısı kimi çıxış edir. Sim (Səma) obrazı, qeyd edildiyi kimi, göy çadırının, yəni  ilkin materiyanın mövcud olduğu çadırın (skiniya) rəmzidir. Bu isə o deməkdir ki, Melxisedek də göydəki El-in, yəni İmam Əlinin obrazıdır.
Məlumdur ki, Melxisedek, qədim Xanaan mədəniyyətində göylərin sahibi olan Böyük El Allahının xidmətçisi sayılırdı. Rene Qenon bu haqda yazır ki, “El Elion” (“Böyük”) sözünün rəqəmsal mənası, İisus Xristos mənasında olan “Emmanuel” (“Allah bizimlədir”) sözünün rəqəmsal mənası ilə üst-üstə düşür. “Emmanuel” rəmzi sufizmdə Emman-El, yəni “Ammon Allahının göy dünyası” kimi yozulur. Bu rəmzi Ümman-El, yəni “göy okeanında yaradılmış dünya” kimi də oxumaq olar.
Sufizmdə Ümman [MMN] rəmzi, Ammon [MMN] (Amon Allah) rəmzi kimi, mömin [MMN] rəmzi ilə eynidir. Bu rəmz “ümmət əl-möminin”, yəni “iman gətirənlər icma”sına aiddir ki, bu ifadə altında Ümma rəmzi nəzərdə tutulur. Ümma [MM] və İmam [MM] rəmzlərinin eyniliyini nəzərə alsaq razılaşarıq ki, “Emmanuel” rəmzi altında “İmam Əli” rəmzi gizlənir.
Bütün bunlar onu göstərir ki, Melxisedek  obrazı, Əli və İsa obrazları kimi, ilkin materiyadan yaradılmış göydəki Qeyb aləminin obrazıdır.
Tədqiqatçı Devid Rol qeyd edir ki, mənbələrdə “İl-Amurru” kimi də yazılan Əhdi-Ətiqdəki El rəmzi, patriarxal dövrdə təbii olaraq Xarrandan olan Ay Allahı Sin ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allahı da bəzən, Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilirdi. Tapılmış əşyalarda “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara da rast gəlinir.
Müsəlmanlığın rəmzi sayılan Ay rəmzi, əvvəldə qeyd etdiyim kimi, Göy və Yerin yaranışının dördüncü günü formalaşmışdır və axirətdə gəlməli olan Mehdinin obrazıdır. Məşhur sufi Cabir ibn Xəyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi də gözlənən İmama aid edilir. Anri Korbenə görə “Sin - qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır...”.  Burada İmam özü ilahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq insan obrazında zühur edən İmam Əlinin obrazıdır.
Amorey [MR] rəmzi İslamda hökmdar, rəhbər, müsəlmanların başçısı mənasını daşıyan əmir [MR] kimi məlumdur. Bu rəmz şiəlikdə İmam Əliyə aid edilir və “Əli - əmir əl-möminin” kimi  yazılır. Bu isə o deməkdir ki, “İl-Amurru” rəmzi altında “Əli – Əmir”, yəni şiələrin “Əli - əmir əl-möminin” rəmzi nəzərdə tutulur.
Suza şəhərindən tapılmış fraqmentlərdəki aypara formalı Mesopotamiya ştandartı, Misir və Mesopotamiya motivləri ilə bağlı olmasına baxmayaraq İran mənşəlidir. Bu onu göstərir ki, amoreylərin Ay Allahı El, İranla, yəni onun Xarran, yaxud Arran adlanan bölgəsi ilə bağlıdır.
Xristian tədqiqatçıları da belə nəticəyə gəlmişlər ki, İisus Xristosun obrazına aid olan “Melxisedek səviyyəli ruhanilik”, hansısa bir yolla İran ənənəsi ilə əlaqəlidir. İncildə, maqların biət süjetini ilə bağlı pravoslav əfsanələri bildirir ki, burada söhbət, Xilaskarın gəlişini xəbər verən ulduzun peyda olması haqda vəhyləri, xəbərdarlar zənciri ilə ötürən və qədim bilikləri qoruyan üç İran kahinindən gedir. Deməli, Məsih - İran ərazisində yerləşən Xarran və ya Arranla bağlıdır.
Çoxsaylı şiə müəllifləri, o cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq 12-ci İmamın gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Pravoslav kilsəsinin yozumuna görə Paraklet - Üçlüyün üçüncü tərkib hissəsi olan Müqəddəs Ruhdur.
 Sufizmdə “Paraklet” rəmzi Pir-Kelat mənasında - “Qalaadlı müqəddəs” (pir – firon) kimi yozulur. Kitab və məqalələrimdə mən qeyd etmişəm ki, Kelat/Qelad və s. rəmzləri, Əlini Allah kimi qəbul edən, Qulat [QLT] adlanan ifrat ismaili şiələrinin rəmzidir. Rus mənbələrində Qulat [QLT] rəmzi Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz Kolyadadan çıxacaqdır. Qelat/Kolyada rəmzləri altında, qədim dünyanın bütün sirlərinin mənbəyi olan Misirin Gel şəhəri, yəni Geliopol nəzərdə tutulur və s.
Son olaraq qeyd etmək istərdim ki, istənilən qədim mənbənin dərindən tədqiqi, bütün dinlərinin bir olması qənaəti ilə nəticələnir. Dillərin dəyişdirilməsi, onların müxtəlif formada rəmzlərdirilməsinə gətirib çıxarmışdır. “Batini-Quran” kitabında mən izahedilməz hesab edilən bir çox faktlara izah vermişəm və sübut etmişəm ki, bütün mənbələrdə söhbət eyni hadisədən gedir. Bu hadisə, düşünən insanın və onunla bağlı formalaşdırılmış, bütün bəşəriyyətin inkişafının səbəbkarı olan qədim Misirin Ra-Amon Allahı ilə əlaqədardır.
                                                                                      Firudin Gilar Bəg
                                                                                      www.gilarbeg.com         




Комментариев нет:

Отправить комментарий