среда, 6 марта 2013 г.

Ledun elminin əsasları



   Elmin böyük sürətlə inkişafı və mənbələrin geniş araşdırmaları nəticəsində, qədim zamanlarda baş vermiş hadisələr haqqındakı məlumatlar dəfələrlə artmışdır. Adi məntiqə görə məlumatların artması, qədim insanların həyatı və elmləri haqqında bilgilərimizin artmasına, sirlərin açılmasına gətirib çıxarmalı idi. Lakin tədqiqatların artması bu günə qədər bağlı qalmış qədim sirləri nəinki açmadı, əksinə bir-birinə zidd olan o qədər yeni suallar əmələ gəldi ki, dünya alimləri bu suallar qarşısında aciz qaldılar. Hazırda bəzi rus alimləri ümumiyyətlə bütün tarixin yanlış olduğunu sübut edirlər.
Tövratı araşdıran avropa alimləri isə, oradakı hadisələrin baş verməsinin qeyri-mümkünlüyü qənaətinə gəliblər. Bu isə o deməkdir ki, müqəddəs kitab hesab edilən Tövrat  fantaziyadır. Əgər Tövrat fantaziyadırsa, o zaman onunla bağlı olan İncil, Quran və s. kitabların da yanlış olub-olmaması sualı ortaya çıxır. Bəs o zaman Herodot, Strabon və s. kimi tarixçilərin yazıları necə, onlar da fantaziyadırmı?  Bu isə bütün qədim ədəbiyyatı şübhə altına alır.
Yəhudi fəlsəfəsinin banilərindən olan Aleksandriyalı Filon hesab edir ki, Əhdi-Ətiqin (Bibliya) əsl mənasını tam dərk etmək üçün «alleqoriyalarda gizlənmiş gizli mənanı təyin etmək lazımdır, çünki birbaşa məna –  bədən, rəmzi məna isə qanunun ruhudur» (А. Л. Хосроев Александрийское христианство, М. 1991, səh. 70). Deməli, qədim yazılar rəmzlərdən ibarətdir və onları anlamaq üçün yalnız hərfi mənanı yox, rəmzi mənalarını da dərk etmək lazımdır. Bu gün artıq hamıya məlumdur ki, Quranın da gizli, yəni “Batini” mənası vardır və onu yalnız seçilmişlər dərk etmişlər. Belə çıxır ki, müxtəlif elmlərin sürətlə inkişafına baxmayaraq qədim mənbələr bizim üçün hələ də qaranlıqdır.
Rodoslu Appolloni, Efestli Artemidor və s. müəlliflərə görə Xəzər dənizi okeanın yanında yerləşir. Lakin biz dəqiq bilirik ki, Xəzər dənizinin yanında heç bir okean yoxdur və 6 min il bundan əvvələ qədər də ola bilməzdi. Bu onu göstərir ki, ya qədim səyyahların coğrafiyadan ümumiyyətlə xəbərləri olmamışdır, ya da biz mənbələrdə yazılanları düzgün anlamırıq.
Qədim fəlsəfə də eyni vəziyyətdədir. Bu gün, öz dövrünün dahiləri sayılan Əflatun, Demokrit, Fales və s. kimi alimlərin əsərləri başa düşülmür və bu səbəbdən də onlar geri qalmiş alimlər kimi qiymətləndirilirlər. Belə çıxır ki, qədim müdriklərin fəlsəfəsi, həyat elmindən xəbəri olmayan insanların yanlış fəlsəfəsidir. Təbii ki, bu çox səhv qənaətdir.
Eyni məntiqi dinlərə də aid etmək olar. Hazırda heç bir islam alimi, islam mistikləri olan Mühiddin ibn Ərəbi, Qəzali, Əşari və kimi dahilərin yazılarını anlaya bilmir. Xristianlıqda isə bu tip dərkolunmaz dini mətnlər - apokrif adlandırılır və yanlış mənbə hesab edilir. Bu isə o deməkdir ki, müasir insanlar kimə və nəyə sitayiş etmələrini hələ də dərk etməmişlər.
Dünya folkloru da eyni vəziyyətdədir. Bu günə qədər bütün nağıl, əfsanə, adət-ənənə, mərasim, deyim, bayram və s. folklor nümunələri qədim insanın təxəyyülünün məhsulu hesab edilir. Qəbul olunmuşdur ki, Aşura mərasimi İslam müqəddəsi olan Hüseynin faciəvi ölümü ilə bağlıdır. Bu gün isə aydın olur ki, bu mərasim eyni ərazidə islamdan min il əvvəl keçirilirmiş. Lakin o zamanlar onun adı Osiris, Adonis, Attis, Tammuz və s. Allahların “ölüb – dirilməsi” mərasimi adlanırdı. Belə çıxır ki, müasir insanlar qəbul olunmuş adətləri, onların mənalarını dərk etmədən kor-koranə icra edirlər.
Son dövrdə tapılan arxeoloji nümunələr göstərir ki, qədim insanlar astronomiya, fizika, kimya, tibb və s. sahələrdə böyük uğurlara imza atmışlar. Bəzi tapıntılar, öz dəqiqliyi, kamilliyi və aktuallığı ilə müasir alimləri indi də təəccübləndirir. Bu günə qədər Misir piramidalarının tikilməsi və onun texnologiyası dərkolunmaz qalmışdır. 
Əgər biz qədim filosofların, tarixçilərin, səyyahların yazdıqlarını təxəyyül məhsulu, onların elmlərini isə geri qalmış sayırıqsa, ortaya belə bir sual çıxır: necə ola bilər ki, geri qalmış qədim insanlar belə kamil tikililər yaratmışlar. Cavab isə birdir: qədim insanlar heç də bəzi alimlərin hesab etdiyi kimi cahil olmamışlar, tam əksinə, onlar hansısa sirli elmlərə sahib olmuş və onun vasitəsi ilə ağlasığmaz tikililər yaratmışlar. Təsadüfi deyil ki, Hitler, Stalin kimi tiranlar bu gizli elmə sahib olmaq üçün heç nə əsirgəmirdilər.
Ölü dənizi ərazisindəki İerixonu araşdıran arxeoloqlar sübut etmişlər ki, ən qədim və qədim dövrün insanı, İbrahim və Musanın dövrünə qədər gənc ölürmüşlər və çox nadir hallarda qocalırmışlar. Lakin təxminən 6 min il bundan əvvəl, hansısa naməlum səbəbdən cəmiyyət və elm sürətlə inkişaf etməyə başladı, quldarlıq cəmiyyəti yarandı, bütün dünyadakı inkişaf böyük vüsət aldı. Məhz bu zamandan sonra ölməz Allahlar, bahadırlar, müdriklər və indiyə qədər açılmamış sirli obrazlar yarandı. Təsadüfi deyil ki, ilk insan olan Adəm də məhz bu dövrdə əmələ gəldi. Bütün miflər, nağıllar, rəvayətlər də məhz bu zaman yaranmağa başladı. Bu isə o deməkdir ki, qeyd olunan dəyişiklik hansısa böyük bir hadisə ilə bağlıdır ki, bütün bu nağıl və rəvayətlər də bu hadisənin rəmzləridir.
Əflatun (Platon) özünün «Politik» əsərində bütün yazıların bir hadisəyə aid olması barədə yazır: «Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin zaman keçdikcə bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqqında  heç kim danışmır» (Platon, «Politik», 269s). Bu o deməkdir ki, qədim dünyanın bütün yazılarının, rəvayət və nağıllarının kökündə yaddan çıxmış hansısa qeyri-adi bir hadisə durur.
Bütün bu faktların araşdırılması onu göstərir ki, tarix, fəlsəfə, din, folklor və s. aid mənbələr düzgün qəbul olunmamışdır. Mənbələrin çoxluğuna baxmayaraq, müasir alimlər mənbələr arasında kor kimi gəzirlər. Heç kim mənbələrdə söhbətin nədən getdiyini belə bilmir. Lakin fakt odur ki, qədim insanlar zamanı qabaqlayıb, elmi kamillik səviyyəsinə qədər inkişaf etdirmişlər. Belə çıxır ki, biz mənbələri düzgün dərk etməmişik və qədim müdriklərin məntiqlərini unutmuşuq. Bu elmi qaytarmaq üçün isə biz mənbələri yenidən diqqətlə araşdırmalı, ilk növbədə bu elmin harada yarandığını təyin etməliyik.
Mənbələrdə yazılanların həqiqi mənalarını dərk etmək üçün qədim aramey, yəhudi və digər semit dillərinin yazılış qanununu bilmək lazımdır. Bu qanuna görə sözün mənasını yalnız samitlər daşıyır. Saitlər isə bağlayıcı rolunu oynayır.
Belə çıxır ki, bütün qədim yazılarda məna samitlərdə gizlənmişdir və yalnız onların mahiyyətini bildikdə qədim yazıların əsil mənalarını dərk etmək mümkündür. Bu elm qədimdə sofi, yəni müdriklik adlanırdı və bizə “sufi” elmi kimi gəlib çatmışdır.
Sufizmin araşdırıcısı Kuşayrinin yazdığına görə, sufilər əsasən sözün kökünü təyin və müqayisə edirlər. Bu isə o deməkdir ki, sufi müdrikləri qədim yazılarda samitləri rəmzlər kimi qəbul edərək mətnləri kodlaşdırmışlar. Bu kodu açmaq üçün isə, Allahın əzəl yazısını və bu yazının mahiyyətini bilmək vacibdir. Burada söhbət, dünyadakı bütün yaranışın səbəbkarı olan ilkin materiyanın qanunlarından gedir.
Mövzudan kənara çıxaraq ilkin materiya haqda bəzi bilgiləri çatdırmaq istərdim. Qədim müdriklərə görə, ilkin materiya, yer kürəsini əhatə edən və kosmik qüvvəyə malik enerjidir. İlkin materiyaya daxil olmuş insan (insanın ruhu) İlahi qüvvə əldə edir; o canlı yaratmaq, təbiətə təsir etmək, öldürmək, istənilən şey və gələcək haqda informasiya əldə etmək və s. qabiliyyətləri qazanır. Nağıllarda o dirilik suyu, İlahi od, həyat enerjisi, cövhər və s. adlandırılır. Deməli, qədim rəmzlər, ilkin materiya və bu materiyanın yazı formasında işarələnməsi deməkdir. İlkin materiyanı dərk etmək və bu rəmzləri yaratmaq üçün isə, eyni zamanda efir adlandırdığımız bu substansiyaya daxil olub, onun qanunlarını anlamaq lazımdır.
Qədim Misir yazılarına görə, təxminən 6 min il əvvəl qədim Misirin fironu Amon ilk dəfə ekstatik vəziyyətdə ilkin materiyaya daxil olur. O, efirin qanunlarını dərk edərək, ondan öz beynindəki planı həyata keçirmək üçün istifadə etməyə başlayır.
İlkin materiyanın qanununa görə, bir şeyin səbəbi və onun bənzəri olmasa, ilkin materiyadan hansısa bir varlıq yaratmaq qeyri-mümkündür. Səbəb isə müxtəlif formada olur. Burada səbəb kimi bir şeyin əvvəldən yazılması da göstərilə bilər.
Buna görə də Amon Allah bütün baş verməli olan hadisələri əvvəlcədən hansısa bir lövhədə yazaraq, müəyyən yerdə gizlədir və bu yazılanları həyata keçirmək üçün ilkin materiyada öz planının tətbiqinə başlayır.
Qədim müəlliflərdən olan Beros yazır ki, Kronos Allahı, Babilin 10-cu şahı Ksisutrusa tapşırır ki, dünyanın yaranmasının başlanğıcından yazıb, Günəş şəhəri olan Sipparda, yerin altında gizlətsin və subasma zamanı xilas olmaq üçün gəmi düzəltsin. Subasmadan sonra isə Babilə gedib, adamlarla Sippar yazılarını çıxartsın (C. Frezer, «Folklor v Vetxom Zavete», M., 1990, səh.70). Qədim Misir mətnlərinin birində isə deyilir ki, bütün var olmuş və olacaqların əvəlcədən müəyyənləşdirildiyi kitab Misirin İunu şəhərində gizlədilib (E. A. Uollis Bac, «Yeqipetskaya kniqa myortvıx», M-SPb. Eksmo, 2005, səh.379). İslamda, bu kitab «Lövhi-Məhfuz» adlandırılır ki, onu «Ümm əl-kitab», yəni «Kitabların anası», «Kitab-məqmun» - «Məxfi kitab», «Kitab müəccəl» - «Vaxt müəyyən edən müqədəs yazı» və s. də adlandırırlar. Sufi dahilərindən olan Əl-Əşariyə görə isə əsl Quran kitabı elə “Lövhi-Məhfuz”dur: «Böyük Allah demişdir: «Bu – həqiqi Qurandır – hansı ki «Lövhi-Məhfuz»dadır». Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: «Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır» (Ал-Ашари, «Разъяснение основ вероисповедания», 3). Belə çıxır ki, Quran rəmzi eyni zamanda bilik verilən insana şamil edilə bilər.
        Mənbələrə görə, Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” (Natiq Əli-yel Quran) adlandırıb və bildirib ki, «Mən və Əli, hər ikimiz Adəmin yaranmasından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq», «Mən müdriklik məkanı, Əli isə onun qapısıdır». Bu isə o deməkdir ki, həqiqi bilik Məhəmməd peyğəmbərdən başqa yalnız imam Əliyə verilmişdir və onlar Adəmin yaranmasından 40000 il əvvəl yaranmışlar. Deməli, Peyğəmbər və Əli heç də qəbul edildiyi kimi adi insan deyillər və İslam dininin də yaşı çox qədimdir.
        Əşari “bilik” dedikdə, “Ledun elmi” adlanan elmi nəzərdə tutur ki, onu “Batin” elmi də adlandırırlar. Quranın “Mağara” surəsinə görə, Batin elmi verilmiş Şəxs, iki dənizin birləşdiyi yerdə yaşayır və burada dirilik suyu mövcuddur. Bu surə ilə bağlı rəvayətlərin birində deyilir ki, Musa peyğəmbər Batin elmini öyrənmək istədiyini Allaha bildirdikdə, Allah ona dirilik suyunun mövcud olduğu yerdəki Şəxsə müraciət etməyi məsləhət görür. Buradakı Şəxs isə bütün olacaq hadisələri əvvəlcədən bilir. Məntiqlə, olacaq hadisələrdən yalnız bu hadisələri əvvəlcədən planlaşdıran şəxs xəbərdar ola bilər. Bu isə o deməkdir ki, iki dənizin birləşdiyi yerdəki Şəxs elə qədim Misirin Amon Allahının Özüdür və Ledun elmi də Allahın əvvəlcədən müəyyənləşdirdiyi hadisələr və onların həyata keçirilməsi elmidir. Bu elmin, Məhəmməd peyğəmbər və imam Əlinin ürəyində olması onu deməyə əsas verir ki, bu müqəddəslər qədim Misirin ilk fironu olan Amon Allahın obrazlarıdır. 
        Bütün bunlar onu göstərir ki, Amon Allah baş verməli olan hadisələri əvvəlcədən «Lövhi-Məhfuz»da yazaraq, iki dənizin birləşdiyi yerdə gizlətmişdir və bu yazılanları həyata keçirmək üçün, bu yazının təcəssümünü insan simasında, daha doğrusu peyğəmbər və imam rəmzində yaratmışdır.
        Məşhur sufi Nəsəfi, Allahın əvvəlcədən yazdığını həyata keçirməsi haqda yazır: «Dərviş, Allahın Hökmü – bu bir şey, əzəldən yazılış (qəza) – bu başqa şey, İlahi qüvvə isə üçüncü bir şeydir. Bu adlar ayrı-ayrı şeylərdir. Allahın biliyi, hansı ki əbədidir, onun əmridir. Bildiyini yaratdığı, onun əzəldən yazdığıdır. Yaratdığının dövr etdirilməsi isə – Onun İlahi qüvvəsidir, yəni bu dünyadakı Allahın əməlidir. Bu o deməkdir ki, hər şey İlahi qüvvə ilə bağlıdır. Əgər başa düşmədinsə, başqa sözlə deyim. Dərviş, Onun biliyi, Onun əmridir, səbəbin yaradılması onun əzəli yazısıdır, səbəbin hərəkətə gətirilməsi Onun İlahi qüvvəsidir. Bu o deməkdir ki, bu dünyada olan bütün səbəblər – hamısı birlikdə onun əzəli yazısının əsasıdır, bütün bu səbəblərin hərəkəti isə Allahın İlahi qüvvəsidir. İndi sənə aydın oldu ki, Allahın İlahi qüvvəsindən kənar bu dünyada heç nə baş verə bilməz. Bu o deməkdir ki, bu dünyada hər şey – Həqiqətin İlahi qüvvəsidir» (Р. Шакуров, «Азиз Ад-Дин Насафи и его трактат «Зубдат ал-Хакаик»). Deməli, Allahın işi, əvvəlcədən müəyyənləşdirdiyi planı, yəni əmrini həyata keçirtməkdir. Quran, Allahın işi ilə bağlı yazır: «Həqiqətən, Rəbbiniz Göyləri və yeri altı günə yaradan və öz taxtında bərqərar olan, Öz işini idarə edən Allahdır. Onun izni olmadan heç kimdən havadar olmaz...» (Quran, 10:3). Bu isə o deməkdir ki, hər şey əvvəlcədən müəyyənləşdirilmişdir və Allah bir varlıq yaratmaq istədikdə, əvvəlcədən yazdığı kitaba uyğun olaraq onu həyata keçirir.
        Əbu Həmid əl-Qəzaliyə görə də dünya üç hissəyə bölünür. Bu hissələrin birincisi - görünən və hiss olunan Mülk aləmi, ikincisi - Cəbərut aləmi, üçüncüsü isə gözəgörünməz o biri dünyadır ki, bu da Mələküt aləmi adlanır. Qəzaliyə görə, Allahın istədiyi əmri həyata keçirməsi Mələkütlə, əmrin ruhla təması, yəni ağılın materiallaşması Cəbərutla, materiallaşmanın həyata keçməsi isə Mülklə bağlıdır. Qeyd edək ki, Cəbərut dedikdə iki dünyanın birləşdiyi yer, yəni göydəki mələklər aləmi və yerdəki Allah Mülkü ilə ortaq yer nəzərdə tutulur. “İki dənizin birləşdiyi yer” dedikdə məhz yerin altında gizlədilmiş Cəbərut aləmi təsəvvür olunmalıdır. Bura yer kürəsində yeganə fiziki yerdir ki, orada ilkin materiya, yəni “dirilik suyu” mövcuddur.
        Qəzali yazır: «Eyni üsulla, Allah bir şeyi arzu edəndə o ruhi səviyyədə əmələ gəlir. Bu səviyyə Quranda Taxt (əl-Ərş) adlanır. Sonra o Taxtdan ruhi axınla «Kürsü» (əl-Kürsü)  adlanan aşağı səviyyəyə keçir və ondan sonra onun forması mühafizə olunan Lövhədə əmələ gəlir; buradan isə «mələk» adlandırılan qüvvələrin düşünməsi (seyri) yolu ilə o aktuallaşır. Sonra, yazılmış hərflərin ürəkdə yaranmış arzunu, yazanın beynində mövcud olan formasını ifadə etdiyi kimi, yerdə bitki, ağac və heyvan formasında əmələ gəlməklə Allahın iradə və niyyətini icra edir» (Abu Xamid Al-Qazali, «Kimiya-i-saadat»). Deməli, Allah yerdə bir şey yaratmaq istədikdə, O, ilkin materiyaya yerin altındakı “Lövhi-Məhfuz”da yazılanları “göstərib”, onu səbəb kimi qələmə verir və məhz bundan sonra “dirilik suyu” adlandırılan ilkin materiya həmin varlığın yaradılması üçün, Amon Allahın beynində təsəvvür etdiyi formaya düşür.
Bu elm bilavasitə göylərlə, yəni ilkin materiya ilə bağlı olduğu üçün “Ledun” elmi adlanır. Quran da göydən endirildiyindən, onun həqiqi, yəni ancaq müdriklərin dərk etdiyi Batini mənası Ledun elmi sayılır. Ən qədim mənbələrə görə, bu elmin adi insanlara çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla bağlı mətndə tez-tez bu ifadə təkrarlanır: «Yalnız arifi sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!».
Abdülqani Nablusi Batin elmi ilə bağlı yazır: “Batin elmindən xəbərsiz olanlar, təsəvvüf kitablarını oxuyunca, ariflərin sözlərini küfr və pozğunluq sayırlar. Dərk etmədikləri məlumatlara inanmırlar. İbn Ərəbi, Abdülqədir Gilani, Mövlanə Cəlaləddin Rumi, Seyid Əhməd Bədəvi, imam Şarani və imam Busayri kimi təsəvvüf böyüklərinə dil çıxarırlar. Batin məlumatlarına inanmayan, Məhəmməd əleyhissalamın dininin sirlərinə inanmamış olar. Belə kimsəyə bidət əhli və pozğun deyilir”. Bu isə o deməkdir ki, islam müdrikləri Ledun elmini ən ali elm kimi qəbul etmişlər və ona şəkk gətirənləri Məhəmməd peyğəmbərin dininə şübhə edənlər kimi qəbul etmişlər. Ledun rəmzinin açmasını mən mühazirələrimizin axırında verəcəyəm.
Ledun elmi haqqında daha geniş təsəvvür yaratmaq üçün bəzi tarixi hadisələrə və mənbələrdəki məlumatlara yeni məntiqlə - sufi məntiqi ilə nəzər salaq.
Əvvəldə qeyd etdik ki, bu gün heç kim mənbələrdə yazılanların həqiqi mənalarını anlamır və insanların qədimdə baş vermiş hadisələrdən ümumiyyətlə xəbərləri yoxdur. Fakt isə odur ki, əcdadlarımız zamanı qabaqlayıb, elmi kamillik səviyyəsinə qədər inkişaf etdirmişlər.
Mənbələrə görə zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış tayfa - Deyləm tayfasıdır. İbn Xassula görə məhz deyləmlər zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmışlar (İbn Xassul «Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti»)
Deylem [DLM] rəmzi Sebeosun əsərində Del [DL], Delum [DLM] kimi qeyd olunur və onların Midiya dağları ilə bağlı olduğu göstərilir (Себеос. История императора Иракла. 37, отд. III, böl. 37). Belə çıxır ki, deyləmlər indiki Azərbaycanın ərazisində mövcud olmuş qədim Midiya əhalisi olmuşlar. Bu ərazidə deyləmləri ismaili adlandırırlar və məlumdur ki, onların öz ismailiyyə fəlsəfəsi vardır.
Sebeosun qeyd etdiyi Delum [DLM] və Deyləm [DLM] rəmzi ən qədim rəmzlərdən olan Dilmun [DLMN] rəmzi ilə eynidir. Tanınmış tədqiqatçı Devid Rol bu rəmzi cənnətə aid edərək yazır: «Qədim ədəbi abidələr açıq yazırlar ki, Dilmun, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Beləliklə, burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır… Kramerin oxuduğu bir neçə mətnlər, onu inandırdı ki, Dilmun – Allahlar monastırı olmaqla, Zaqros dağ təpələrinin arxasında yerləşir….”.
Kramer hesab edir ki, Dilmun İran ərazisindədir, çünki, epik rəvayətlərdə o, dağlar arxasındakı uzaq ölkədə, «Günəşin çıxdığı yerdə» yerləşir. Onun fikrincə, burada üfüqün Şərq hissəsindəki Mesopotamiya düzənliyindən başlayan dağ silsiləsi nəzərdə tutulur. Digər tərəfdən, Dilmun çox yerdə Dilmun dağı adlanır ki, bu da onun dağda yerləşməsini göstərir. Şumerlərin cənnət haqqındakı mifinə əsaslanaraq Kramer, Dilmunu «təmiz», «nurlu» və «şəfəq saçan» torpaq kimi təsvir edir. Bura «Ölümsüzlər ölkəsi» adlanır, buranın sakinləri  xəstəliyin və ölümün nə olduğunu bilmirlər. Fəqət, burada həyatı saxlamaq üçün vacib olanlardan biri - şirin su çatışmırdı. «Və onda su ünsürünün böyük Şumer Allahı Enki, Günəş Allahı Utuya əmr etdi ki, o, yerin altından su tapıb bu ölkəni təmin etsin. Və Dilmun, sahələrində bol meyvələri və çəmənliyi olan İlahi bağa çevrildi». Qədim Şumer ədəbiyyatının təsvir etdiyi bu cənnət, heç şübhəsiz Adəmin günah işlədənə qədər yaşadığı bağdır və bura xoşbəxtlik, hüzur yeridir, həm də ən əsası təhlükəsiz yerdir («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 267,271).
Devid Rolun yazdıqlarından belə nəticə çıxır ki, deyləmlər - xəstəliyin, ölümün nə olduğunu bilməyən və tam xoşbəxtliyə çatmış Allahlar nəslidir. Allahların Dilmun bağı isə “Günəşin çıxdığı yerdə” yerləşir. “Piramida mətnlərində” bu yer Allahların vətəni kimi daima təkrarlanır və uzaqdakı Şərq hesab edilir («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh. 428).
Mənbələrdə Şərq rəmzi altında əsasən Midiya ərazisində yerləşən Albaniya nəzərdə tutulur və Ceyms Frezerə görə, Alba şəhərinin banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер "Золотая ветвь" М.,86, с.147). Bu isə o deməkdir ki, zamanı qabaqlamış deyləmlər Albaniya ərazisində, yəni indiki Azərbaycan ərazisində yaşamışlar və məhz burada hansısa Allah şəhərin üstündə qərar tutmuşdur. Firdovsiyə görə Azərbaycan göylərində qərar tutan Cəmşid şah olmuşdur. “Şahnamə”də o təsdiq edir ki, Cəmşid hansısa dənizi keçib ilk dəfə göyə ayaq açır. O göydə Kəyan taxtı quraraq fəzada günəştək qərar tutur (Firdovsi, «Şahnamə», Б., 1987, səh.33).
  Qurana görə göy taxtında qərar tutan Allah – Rəhman Allahıdır: “Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu” (Quran, 13:2, 20:5). Rəhman [R-(H)-MN] rəmzi mətnlərdən bizə qədim Misirin Ra-Amon [R-MN] Allahı kimi məlumdur və bu rəmz mənbələrdə Amon-Ra kimi də yazılır. Qədim Misir nağıllarında isə göyə çıxan Allah Sexotepibre adlanır: «Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün Göydəki sarayına (Günəş Allahının Göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O Göyə ucaldı və Günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray əyanları başlarını dizlərinə əyərək əyləşmişlər, xalq ahu-zar içindədir» («Сказки и повести Древнего Египта», Л., 1979, səh. 9). Əgər nəzərə alsaq ki, Sexotepibre rəmzi “Allah ruhu” mənasındadır, razılaşarıq ki, burada söhbət qədim Misirdə bütün Allahların atası və hər şeyin yaradıcısı hesab edilən Amon-Ra (Ra-Amon) Allahının ruhundan gedir.
Beləliklə, dəqiqləşdirdik ki, Azərbaycan dağlarının üstündəki taxtda qərar tutmuş Allah – qədim Misirin Amon-Ra Allahıdır. “Allahlar yurdu” adlandırılan Dilmun cənnəti də məhz burada mövcud olmuşdur. Araşdırıcı Piter Kornuelə görə, Dilmun - Tilos və Bəhreynin digər adıdır («Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.275). Bəhreyn [BH-RN] rəmzi sufizmdə Bəg-Ərən [BG-RN] rəmzi ilə eyni mənalıdır və “Kitabi - Dədə Qorqud”a görə bəg-ərənlər özlərini dünyanın sahibləri sayırmışlar: «Hanı öydüyümüz o bəg ərənlər, “Dünya mənim” deyənlər» («Kitabi - Dədə Qorqud», B., 1988, səh.122). Belə çıxır ki, Dilmun adasının sakinləri dünyanın sahibləri olmuşlar.
Tilos [TLS] rəmzi Atlas [TLS] rəmzi ilə eyni mənalıdır. Herodota (IV,184) görə Atlas [TLS] dağında atlantlar (atlantidalılar) yaşamışlar və məhz bu dağ göyün sütunu sayılırmış. Bu isə onu göstərir ki, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış deyləmlər elə Atlantida əhalisi olmuş atlantlardır.
Tilos [TLS] rəmzi, qədim yunan Allahı Apollonun vətəni olan Delosla [DLS] da eynilik təşkil edir. Delos adasının Klar şəhərində isə Apollonun məbədgahı və falabaxma yeri vardı. Qədim dövrün ən məşhur falabaxma yeri Delf [DL-F] adlanırdı və bu rəmzin Delos [DL-S] rəmzi ilə eyni kökdən olması, Apollon Allahının vətəni və Delfdəki falabaxma yerinin eyni məkan olması deməkdir. Buradan isə belə qənaətə gəlmək olar ki, həqiqətən də qədim dünyanın bütün sirləri yalnız bir hadisə ilə və onun baş verdiyi məkanla bağlıdır.
Qədim Midiyada, yəni indiki Azərbaycan ərazisində Tilos [TLS] rəmzi Talış [TLŞ] dağlarının adına uyğun gəlir ki, bu da Dilmun, Tilos, Delos və s. adların, Azərbaycanın Talış dağlarının əski adları olması deməkdir. Bu dağlarda indi də ismaili türkləri yaşayırlar.
Məlumdur ki, ismaili-deyləmləri mənbələrdə batinilər, yəni Quranın gizli mənasını bilən müdriklər adlandırılmışlar. Bu gün artıq sirr deyil ki, Quran rəmzlərdən ibarətdir və bu rəmzlərin batini, yəni ezoterik, gizli mənaları vardır. Quranın “Mağara” surəsinə görə, gizli mənanı bilənlər Şərqdə yaşamışlar və Allah onlarla Özü arasında pərdə yaratmamışdır (Quran, 18:90). Bu yer mənbələrdə “iki dənizin birləşdiyi” yer adlanır və burada dirilik suyu mövcuddur. «Masalik əl-mamalik» (İbn Xordadbeh), «Mücam əl-buldan» (Yaqut əl-Həməvi) və s. kitabların müəlliflərinə görə, Quranda qeyd olunan Məcmə əl Bəhreyn – yaxud, iki dənizin birləşdiyi yer - Şirvanda yerləşir ki, bura da Azərbaycan ərazisidir. Orada Musa və Xızır qayası ucalır. Deməli, Bəhreyn, yəni Telos, Dilmun həqiqətən Azərbaycan ərazisində olmuşdur və Quranın gizli mənalarını dərk edən batini-deyləmlər də məhz burada yaşamışlar.
Qurana görə gizli elm İsrail övladlarına verilmişdir və Quran da onlara göndərilmişdir: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir… (27:76), Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətlərimi və sizi vaxtilə bütün aləmlərdən üstün tutduğumu yada salın… (2:47), Ey İsrail oğulları! Sizə verdiyim nemətimi ve sizi cümlə aləmdən üstün tutduğumu xatırlayın... (2:122), Biz İsrail oğullarını Öz elmimizlə aləmlərdən üstün tutduq... (44:32), Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik. Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı ixtilaf üzündən ayrıldılar” (45:16,17). Ayələrdən görüldüyü kimi, ezoterik bilgilər - seçilmişlərə, yəni İsrail xalqına verilmişdir və məntiqə görə onlar Azərbaycanda yaşamalıdırlar.
Əhdi-Ətiq lüğətində «izrailli» sözü, Zaradan törəndiyi üçün «Zaranın törəməsi» mənasını verir və qədim Misirdə Amon Allahının baş kahini Ozorxona aiddir.  Mənbələrdə bu ad, yuxarı Misiri idarə edən və hər iki torpağın başçısı olan Oziriyə, yəni Osiris Allahına şamil edilir. Deməli, izrailli rəmzi, qədim Misirin “Oziri Allahının elindən olan” mənasını daşıyır.
Oziri haqqındakı rəvayətdə deyilir ki, Oziri Allahı dünyanın yaradılması zamanı Qeb və Nut Allahlarından doğulur. O doğulduğu zaman məbəddən qüdrətli səs gəlir ki, dünyaya Böyük hökmdar, Allah gəlmişdir. Bu isə o deməkdir ki, “İsrail oğulları” dedikdə Oziri Allahının törəmələri nəzərdə tutulmalıdır. 
İngilis misirşünası Xornblauer hesab edir ki, Osiris/Oziri yerli Misir Allahı yox, ön Asiyadan, yəni Qafqazdan gəlmədir. Qafqazda isə Oziri rəmzi Azər rəmzinə, yəni Azərbaycan adına uyğun gəlir.
“Azər ölkəsi” rəmzi qədim türk dilində Azər-Eli [ZR-L] və ya El-Azər [L-ZR] kimi yazılır ki, bu da İzra-İl [ZR-L] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, İzrail dedikdə qədim mənbələrdə Azərbaycan nəzərdə tutulur və əsl yəhudilər də ezoterik sirləri bilən Deyləmlərdir. Onlar isə Talış dağlarının ən qədim sakinləri olan türk bəgləridir.
Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunan «On üçüncü boy» kitabında sübut etmişdir ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Əsl yəhudilər isə türk xaqanı və türk bəgləridir (А. Кестлер, «Тринадцатое колено»).
“Kitabi - Dədə Qorqud”da türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni” adlandırılır ki, bu da “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” mənasındadır. Bu isə əsl yəhudilərin, yəni seçilmişlərin həqiqətən də Qafqazda yaşayan Azəri türk bəgləri olması anlamındadır. Nikolay Rerixə görə “Böyük sirləri” yalnız “Böyük Azərilər” bilmişlər və bu sirlər insanlara açıldıqdan sonra həyat tam dəyişəcəkdir (Н. К. Рерих, «Шамбала сияющая»).
Tövratda Azər rəmzi İazər kimi də yazılır və bildirilir ki, Musa peyğəmbər İazər torpaqlarına baxmaq üçün adam göndərdi və onlardan asılı olan kəndləri tutaraq orada olan amoreyləri qovdu. Qafqazda amoreylər [MR] mar [MR] adı ilə məlumdur və mənbələr onları “ilandan doğulmuş midiyalılar” kimi qeyd edir. Tanınmış alim Devid Rol, Musa peyğəmbərin tayfası olan madiamlıları - midiyalı adlandırır. Midiyanın Azərbaycan ərazisində mövcud olmasını nəzərə alsaq, aydın olar ki, Musa peyğəmbər Azər torpağında, yəni Azərbaycanda yaşamışdır.
Amorey, yəni mar [MR] rəmzi Talmudda Moria [MR] dağ adı kimi göstərilir və qeyd olunur ki, buradaYerusəlim şəhəri tikilmişdir: “Süleyman, Yerusəlimdə, Moria dağında Allah üçün atası Davuda göstərilmiş evi tikməyə başladı... Ümumi rəvayətdə deyilir ki, buğdanın üyüdüldüyü Orna yerində, o yerdə ki Davud və Süleyman qurbangah qurmuşdular, o yer İbrahimin İsaqın qollarını bağladığı qurbangah yeridir, və bu yerdə Nuh gəmidən düşüb qurbangah qurmuşdur və burada Qabil və Habil qurban kəsmişlər, Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz bu torpaqdan yaranmışdır, müdriklərin dediyi kimi: Adəm özünün bağışlandığı yerdən yaranmışdır” ("Талмуд" V т. Санк-Пет.1903. səh.3).
Məlumdur ki, Nuh gəmidən Ararat dağında düşmüşdür. Gilqamış haqqındakı rəvayətdə isə bildirilir ki, Nuhun obrazı olan Ut-Napiştim Nisir dağında gəmidən enmişdir. Qədim dilçilikdə Nisir [NSR] və nizar [NZR] rəmzləri eynidir və ismaili-deyləmlərə aiddir. Deməli, Nuh gəmidən nizari-deyləmlərin elində enmişdir və həqiqi Yerusəlim şəhəri də amoreylər, yəni midiyalılar ölkəsində yerləşməlidir.
Ziqmund Freyd Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı hesab edir. Tarixçi Turayev amoreylər ölkəsi olan Kadeşi – Aziru, yəni Azəri şahlığı adlandırır. Kadeş [KDŞ] rəmzi Əhdi-Ətiq mətnlərində Kedes [KDS] kimi yazılır və məlumdur ki, Qalileylilərin levit şəhəri olan Kedes, Niftalı dağında yerləşirdi. Midiyada Kedes rəmzi Kadus kimi, Tövratda isə Kades-Varni kimi göstərilir. Kadus [KDS] rəmzi mənbələrdə Qüds [QDS] və Qades [QDS] kimi də yazılır ki, bu da Yerusəlim şəhərinin və yunanların ölüm şahlığının adıdır. Bu isə onu göstərir ki, Yerusəlim şəhəri elə yunanların ölüm şahlığı mənasındadır və bu şahlıq da Midiya ilə bağlıdır. Əgər nəzərə alsaq ki, tarixçi Moisey Xorenskiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı, aydın olar ki, əsl Yerusəlim şəhəri Talış dağlarındakı nizarilərin Gel elində mövcud olmalıdır. Bunu faktlar da təsdiq edir.
Xəzər şahı İosifin, elmi cəmiyyətin rəhbəri Xasdaya məşhur məktubuna görə Allahın mövcud olduğu çadır Ar-d-vil ölkəsi, yəni Ərdəbil ərazisində yaradılmışdır və orada indiyədək sandıq, şamdan, masa, qurbangah və müqəddəs qablar saxlanılır. Belə çıxır ki, Ra-Amon Allahının yaraqları, qədim zamanlardan Midiya adlandırılan indiki Ərdəbil şəhərinin yaxınlığında saxlanılır. Bu yaraqların indiyə qədər tapılmaması, indiki Yerusəlimin Gel şəhəri yox, sonradan tikilən şəhər olması deməkdir.
Gel rəmzi ən qədim mənbələrdə Geliopol kimi qeyd edilir və Gel eli, Gel şəhəri mənasındadır. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər bilavasitə Geliopolda, yəni Gel tayfasının şəhərində yaşayırdılar. Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunurdu.
Mesopotamiya və xaldey astroloqları da maqlar hesab olunur və qədim dövrdən onlar, Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılırdı. Bu isə o deməkdir ki, əsl yəhudilər, mənbələrdə xaldey müdrikləri adlandırılan midiya maqları, yəni Midiyanın Gel kahinləridir.
Qədim Misir mətnlərinə əsasən, Allahın dünyanı, yəni göydəki ruhlar dünyasını yaratmağa başladığı ilkin təpə, Geliopol şəhərindəki Ra Günəşinin məbədində yerləşmişdir. Bu onu göstərir ki, Yerusəlim şəhəri, Allahın göydə yaratdığı Göy dünyasının rəmzidir, yəni Göy Yerusəlimidir. Mətnlərə görə Geliopol yuxarı və aşağı Geliopoldan ibarətdir və Geliopolun Atum Allahı da “Geliopolun İki torpağının ağası”adlandırılır. Belə çıxır ki, “Yuxarı Geliopol” dedikdə Göy Yerusəlimi, “Aşağı Geliopol” dedikdə isə Midiyanın Gel Eli nəzərdə tutulmalıdır. Əhdi-Ətiqdə Gel [GL] rəmzi, Qaliley [QLL] kimi qeyd olunur və o da Yuxarı və Aşağı hissələrə bölünür. Qədimdə Qalileyanın aşağı hissəsi İezreil, yəni İzrail adlanırdı. Deməli, əsl Yerusəlim bilavasitə Midiyanın Gel torpağındadır və İzrail də Azər eli mənasında olmaqla bu ərazinin qədim adıdır.
Qədim Misirin “Ölülər kitabı”nda xüsusi qeyd olunur ki, Ev məhz İunu şəhərində yaradılmışdır və bu ad da Geliopol şəhərinin digər adıdır. Bu kitaba görə, Geliopolun Ptah Allahı bu günə qədər burada yaşayır. Osiris Allahının da bədəni Geliopolda uyuyur. Ölənlərin ruhları, məhz burada yeni “saxu” bədəni alıb göydəki ruhlar dünyasına qalxırlar. Geliopol ona görə xüsusi yer sayılırdı ki, burada Amon Allahının yeganə oğlu, Məsih obrazlı Senusert doğulmalıdır. Bu isə onu göstərir ki, Geliopol qədim dünyanın ən sirli torpağıdır.
Bildirmək istərdim ki, qədim Misirin Günəş Allahı Ra, mənbələrdə Qor Allahı ilə eyniləşdirilir. Qor rəmzi Xor kimi də yazılır və “ilkin materiyanın (Ra) Günəşi”, “ilkin materiyadan yaranmış Günəş (Ra)” fikrini ifadə edir. “İlkin materiya Günəşinin ruhu” mənasını verən Xoris [XRS] rəmzi isə elə Xrist [XRS-T], yəni İsa peyğəmbər (İsus Xristos) mənasındadır. Bu isə İsa Məsih obrazının, elə qədim Misirin Günəş Allahının obrazı olmasına işarədir.
Əhdi-Cədidə görə İsa peyğəmbər ölümü xaçda qəbul edir. Xaç rəmzinə ilk dəfə qədim Misir, aramey rəsmlərində rast gəlinir. Rəsmlərdə, yuxarısında dairə olan xaç - «anx» adlanır və «həyat», «həyat enerjisi» fikrini ifadə edir. Ən qədim mənbələrdə boyunda xaç gəzdirmək, “həyat enerjisi”ni özü ilə daşımaq, onunla birləşmək mənasını ifadə etməklə, ilkin materiya ilə vəhdəti bildirirdi. Sufizmdə bu birləşmə “Vəhdət əl Vücud” adlanır ki, bu zaman insan, ilkin materiyanı özünə “bağlayıb”, ondan öz istədiyi kimi istifadə edir.  Deməli, İsa peyğəmbərin xaça bərkidilməsi, onun “həyat enerjisi” olan ilkin materiya ilə birliyi kimi qəbul edilməlidir. Belə çıxır ki, İsa peyğəmbər, bəşəriyyətə həyat vermiş enerji ilə birləşmişdir, yəni o, Allah mənasında olan ilkin materiya ilə vəhdətə nail olmuş və bu vəhdət nəticəsində istədiyi varlığı yaratmaq qüdrətinə sahib olmuşdur. Bu isə İsa peyğəmbərin Allaha çevrilməsi deməkdir. Bir çox mənbələrdə İsa peyğəmbərin xaç əvəzinə həyat ağacına vurulması təsvir olunur. “David və Konstantinin əzabı” gürcü abidəsində deyilir ki, Xristos əzabları Həyat ağacında, yəni dünya ağacında qəbul edir. Əgər nəzərə alsaq ki, ağac rəmzi qədim mənbələrdə ruhların yaşadığı dünya ağacı mənasındadır, razılaşarıq ki, İsanın xaça vurulması, onun ruhlar dünyası ilə birləşməsi, yəni onun, ilkin materiyadan yaradılmış ruhlar dünyasının sahibinə çevrilməsi anlamındadır.
M. Xorenskiyə görə, Xristin, yəni İsanın xaçını Klarcka şəhərindən Şərq tərəfdəki təpədə yaratmışlar və Allah Göydən bulud sütunu göndərmiş, dağlar ətirlə dolmuş və xaç formasında işıq əmələ gəlmişdir. O dövrlərdən ondan şəfaverici möcüzələr baş verir. Klarcka rəmzi, Apollon Allahın vətəninin adı Klar kimi, Gel şəhərinin və buradakı Ra Günəşinin  rəmzləridir. Deməli, Xoris, yəni Xristin birinci ruhlar dünyası, Gel şəhərinin Şərq tərəfindəki təpədə yaradılmışdır.
Mənbələrə görə, İsa peyğəmbərin çarmıxa çəkildiyi Qolqof dağı İslamda Moria [MR] dağı adlanır. Digər mətnlərdə bu yer Mera-Qolqof kimi qeyd olunur. Hind mənbələrində Moria/Mera/Meru [MR] rəmzi İndra Allahının  cənnəti və cinlərin hökmdarı Ravananın şahlığı mənasındadır. Qədim Misir mənbələrində isə bu ərazi Meroy kimi qeyd edilir və Napatlı Amonun, yəni Ra-Amon Allahının vətəni hesab edilir.
Moria dağı islamda da müqəddəs yerlərdən biri sayılır. Deyilənlərə görə, Məhəmməd peyğəmbərin mindiyi adambaşlı Buraq atı, Yerusəlimdə, İsa peyğəmbərin çarmıxa çəkildiyi Moria, yəni Mera-Qolqof dağına enmişdir (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М. 2009, səh.83,82). Qolqof rəmzi sufizmdə Gel-Qaf kimi açıqlanır və “Qaf dağındakı Gel eli” fikrini ifadə edir. Bu isə onu göstərir ki, xristianlıq da, digər bütün dinlər kimi öz mənbəyini Qafqazdan götürür və Xristin xaçı, yəni Qor Allahının göydəki dünyası da məhz qədim Midiya ərazisində yaradılmışdır.
Qədim Misir mənbələrində deyilir ki, məhz Geliopol şəhərində, məhkəmə günündə Nu-Oziri, yəni Osiris Allahı diriləcək. Nu-Oziri/Nu-Osiris rəmzlərini [N-ZR/N-SR] sufilər Nizar/Nisir [NZR/NSR] kimi də oxuyurlar. Nizar isə nizarilərin, yəni deyləm-ismaililərin müqəddəs obrazıdır. İsmaili-nizarilərdə Nizar irqin fəxri sayılır və deyilənə görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir. Bu isə o deməkdir ki, ismaililərdə müqəddəs Nizar - əbədiyaşar Allahın obrazıdır. Belə bir Allah isə bildiyimiz kimi qədim Misirin Oziri, yəni Osiris Allahıdır. İslamda əbədiyaşar obraz Xızır kimi qeyd olunur ki, bu rəmzin açmasına qayıdacağıq.
Mənbələrə görə, deyləm-nizarilərin dövləti İranın Ələmut qalasında yaranmışdır. Müxtəlif mənbələrdə bu ismaililər - melaxi, məlahi, əl-mülhid, əl-məlahid və s. adlandırılır. Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni “Midiya eli” mənasını verir. Melaxi, məlahi, əl-mülhid, əl-məlahid [MLX/MLH/MLHD] və s. rəmzləri isə mələk və mələküt, yəni mələklər [MLK/MLKT] dünyası (yəhudilərdə Malxut) fikrini ifadə edir. Bu isə onu bildirir ki, mələklər nəsli olan ismaili-deyləmlər, üstündə ruhlar dünyası yaradılmış Midiya elinin sakinləridir.
Nizar rəmzi [NZR] xristian mənbələrində Nazaret [NZR-T] kimi də yazılır və məlumdur ki, xristianların Allahı İsa peyğəmbər - Nazaret şəhərindən olmuşdur. Nizar [NZR], Nazaret [NZR-T] rəmzləri ilə eyni mənalı olan Nazorey [NZR] rəmzi Əhdi-Ətiqdə, öz həyatlarını Allaha həsr etmiş insanlara şamil edilir. İslamda belə insanlar imam Əli vurğunları olan ifrat ismaili şiələridir. Belə çıxır ki, Əhdi-Ətiq nazoreyləri elə Azərbaycan ərazisində yaşayan şiə məlahiləri, yəni ismaili mələkləridir və İsa peyğəmbər də Deyləm elindən olmuşdur.
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər, Əli və ailəsi islamda Əl-Beyt [L-BT] adlanır. Bu da yəhudi seçilmişlərinin Levit [LVT] evi ilə eyni mənalıdır. Tövratda Allah deyir: “Budur, Mən levitləri İsrail oğullarından, onların bütün ilkinlərinin əvəzi kimi, İsrail oğullarından, analıq bətnini ilk açan kimi götürdüm. Levitlər Mənim olmalıdırlar” (Библ.Чис.3:12). Bu o deməkdir ki, yəhudilərin Levit adlandırdıqları Allahın seçilmiş övladları, islamın əl-Beyt adlandırdığı imam Əlinin ismaili bəgləridir.
Tövratda izmailli, yəni ismailli rəmzi, Qalaad elindən gələnlərə deyilir. Əhdi-Ətiqdə, Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım”adlandırır (Библ. Пс. 59:9). Bu kitabda, izmailli deyəndə madiamlılar, yəni midiyalılar nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, Qalaad/Qelat [QLD/QLT] rəmzi, imam Əlini Allah kimi qəbul edən “Qulat” [QLT] ifrat şiələrinin rəmzi ilə eynidir, razılaşarıq ki, Qalaad izmaililərinin nəsli elə imam Əlinin ifrat şiələrinin nəslidir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Allahın özünə qulluq üçün seçdiyi Levit, yəni Əl-Beyt ismaililəri, Allahın xüsusi məkanı olan Qalaadda yaşayırlar.
Qulat rəmzi [QLT] digər mənbələrdə Kelt/Qalata/Xilat [KLT/QLT/XLT] və s. kimi də qeyd olunur. Mənbələrdə Kelt əhalisi qiqant adlanır ki, qədim mətnlərdə onlar Allahlar və onlara qohum olan nəhənglər nəsli hesab edilir.
Rus mənbələrində Qulat rəmzi [QLT] Kolyada [KLD] kimi göstərilir və bildirilir ki, axirətdə İsa Məsih məhz Kolyadadan çıxacaq. Deməli, şiələrin Mehdi obrazı olan imam Əli elə Kolyadadan çıxacaq xristianların İsa Allahının obrazıdır. Əgər nəzərə alsaq ki, Əli [L] rəmzi göydəki “El” [L] rəmzi ilə eynidir, razılaşarıq ki, imam Əli - Allahın göydəki Elinin şəxsləndirilmiş obrazı mənasındadır.
Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi, vərəsəliklə imam Əlinin qardaşı Akilə (Aqil) çatmış evdir. Akil [KL] rəmzi Gel [GL] rəmzi ilə, yəni qədim Misirin Geliopol və Yerusəlim şəhərləri ilə eynidir. Əhdi-Cədiddə Akilin evi “kilsə ev” adlandırılır  (Библ.1Кор.16:19). Bu, onu deməyə əsas verir ki, Məhəmməd peyğəmbərin evi, qədim Misir Allahlarının evi olan Gel evidir və islama qədər o “kilsə ev” hesab edilmişdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbər də qədim Misir Allahları ilə bağlıdır.  
Son dövrün araşdırmaları, Məhəmməd peyğəmbərin həqiqətən də adi insan yox, bilavasitə qədim Allahlarla bağlı bir Varlıq olduğunu göstərdi. Mənbələrdə Məhəmməd peyğəmbər “İki dünyanın Ağası” adlandırılır ki, qədim Misir mətnlərində bu rəmz məhz Ra-Amon Allahına və onun obrazlarına şamil edilir. Bu isə Məhəmməd peyğəmbərin, Quranda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın obrazı olması deməkdir.
İbn Xişamın yazdığına görə, Məhəmməd peyğəmbərin atası Abdulla, anası Əminə ilə evlənəndə Abdulla nur saçırdı. Peyğəmbərin anası da bildirirdi ki, “Mən Ondan hamilə qalanda gördüm ki, məndən bir işıq çıxdı və Suriya torpağındakı Bursa sarayını işıqlandırdı” (Г. В. Носовский, А. Т. Фоменко, «Пророк завоеватель», М.,2009, səh.39). Qurana görə, Məhəmməd peyğəmbərə həqiqətən Allah Nuru verilmişdir ki, ibn Ərəbi bu Nuru «Həqiqə Məhəmmədiyyə» rəmzi ilə əlaqələndirir. «Həqiqə» rəmzinin eyni zamanda «Haqq», yəni Allah mənasında olması onu göstərir ki, Haqq-Məhəmməd adi peyğəmbər yox, Allah obrazında olan Varlıqdır.
Rus alimləri A. T. Fomenko və Q. V. Nosovskinin son elmi araşdırmalarına görə, Məhəmməd peyğəmbər, Fateh Sultan II Məhəmməd, Ulu-Mehmet xan, İvan Qroznı və s. obrazlar bir simanın müxtəlif adlarıdır. Digər tərəfdən, Məhəmməd, İsa və Musa peyğəmbərlərin həyat yollarında kifayət qədər oxşar paralellər vardır. Müsəlman nağıllarının birinə görə Məhəmməd peyğəmbər və İsa peyğəmbər qardaşdırlar və ya İsa, Məhəmməd peyğəmbərin qardaşı oğludur. Qədim mətnlərdən olan”Yanıçarın yazıları”nda qeyd olunur ki,  Məhəmməd peyğəmbər ölənə yaxın öz ardıcıllarını yanına çağırıb bildirmişdi ki, “Mənə dəfn təşkil edin və Mən dirilənə qədər yanımda olun”. Başqa rəvayətə görə, Məhəmməd peyğəmbərin tabutu göyə qalxaraq orada asılı vəziyyətdə qalmışdır. (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.2009,səh.5,238,37,46,81,83,85). Bütün bunlar isə onu bildirir ki, Məhəmməd peyğəmbər adi insan yox, Allahla bağlı olan obrazdır.
Sufizmdə Məhəmməd [MH-MD] rəmzi Maq-Mada [MQ-MD], yəni Maq-Midiya mənasını daşımaqla Midiya maqı fikrini ifadə edir. Mad [MD] rəmzinin sufizmdə Adəm [DM] rəmzi ilə eyni formada yazılması, Məhəmməd peyğəmbərin ilk insan olan Adəmlə  bağlı olduğunu deməyə əsas verir.
Devid Rola görə, Adəm [DM] adı, qədim Misirin Atum [TM] Allahının adı ilə eyni mənalıdır. Bu isə Adəmin elə Atum Allahı olması deməkdir (Д. Рол Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М., 2002, səh. 441). Tövrata görə, Adəm yaradılanda kosmik ölçülü olmuşdur: “... Allah yerdə insan yaratdı – dünyanın o başından bu başına qədər” (Библ.Втор.4:32). Digər tərəfdən, Adəm [DM] rəmzi ilə, cənnət mənasında olan Edem [DM] rəmzi eyni məna ifadə edir. Məlumdur ki, Allah Adəm üçün Şərqdə, Edemdə cənnət yaratmışdır. Bu isə ona işarədir ki, Atum Allahı, yəni Adəm, Allahın və onun göydəki Edem cənnətinin rəmzidir. Belə çıxır ki, Məhəmməd peyğəmbər də qədim Misirin Atum Allahının obrazıdır. Hədislərin birində Məhəmməd peyğəmbər deyir: «Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim daxili vəziyətimdir». Peyğəmbərin daxili vəziyyətinin həqiqət [HQQ-T], yəni haqq [HQQ] olması, onun bədəninin, bütün yer kürəsini əhatə edən ilkin materiyadan ibarət olması deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, Məhəmməd peyğəmbər, yer kürəsini əhatə etmiş kosmik insan obrazında olan Allah mənasındadır.
Qəzali irsinin araşdırıcısı olan Nikolsona görə, Məhəmməd peyğəmbər, Allahın obrazı ilə yaradılmış və kosmik güc hesab edilən Göy insanıdır. Kainatın qayda-qanunu və qorunması ondan asılıdır (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.284). Mühiddin ibn Ərəbi, Məhəmməd peyğəmbərin İlahi gücü oyadaraq hərəkətə gətirdiyini bildirir.
İbn Ərəbi “Füsus ül Hikəm” kitabında yazır: “Allah, bütün saylardan artıq olan Öz şanlı adlarının sahibi kimi, onların təcəssümünü (əyan) görmək istədi – və ya deyə bilərsən: Öz təcəssümünü - dünya tərtibini tam əhatə edən, mövcudluq atributunu daşıyan yığcam bir varlıqda görmək və onun vasitəsi ilə Özü üçün Öz sirrini açmaq istədi… Beləliklə, dünya güzgüsünün aydınlığı tələb olunurdu və məhz Adəm, bu güzgünün aydınlığının özü və o formanın ruhudur (mələklər isə onun gücünün bir hissəsinin mənasıdır), bəzilərinin «Böyük İnsan» adlandırdıqları dünyanın formasıdır” (İbn Ərəbi, “Füsus ül Hikəm”,1). Bu o deməkdir ki, Adəm, varlıqları və bütün dünya quruluşunu, qanununu əhatə edən kosmik insanın obrazıdır. Qədim Misir mətnlərində isə qeyd olunur ki, yaranışın Geliopol variantına görə, məhz Atum adı «hər şey» mənasını verir və ilkin Nun sularının ortasında təpəyə yüksəlmişdir ("История древнего востока" М. 1988, Часть 2, səh. 380). Bu isə o deməkdir ki, hər şeyi özündə birləşdirən və əhatə edən qədim Misirin Atum Allahı, bədəni ilə bütün yer kürəsini əhatə edən ilk “insan” - Adəmdir.
R. Nikolson sufi müqəddəslərinin kateqoriyalarını müəyyənləşdirərkən yazır: «Vəli, yəni müqəddəs, Kamil İnsanın (yəni Adəmin) kütləvi tipidir və bilmək lazımdır ki, Məhəmməd peyğəmbərin müqəddəsləri kultu, peyğəmbərlər kultu kimi «birdən görmə», «görülməyən və başa düşülməyən şeyləri görmə», «hər şeyin aydınlaşması» (qamlıq vəziyyətində görmə mənasında) və s.-dən başqa bir şey deyildir. Bu zaman “ağlın pərdəsi” gözlənilmədən qaldırılır və dərk edən “Mən” Allahın vahid İlahi nurunda yox olur» (Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh.276). Bu isə o deməkdir ki, həqiqətən də Məhəmməd peyğəmbər, daxili vəziyyəti həqiqət olan (Haqq) Allahın obrazıdır. Müqəddəslər nəsli isə Göy İnsanının (Atum Allahı, Adəm), yəni Məhəmməd peyğəmbərin obrazı və bənzəri olaraq yaradılmışdır.
İslamda müqəddəslik rəmzi olan “mü-qəddəs” sözü kuddus/əqdəs [KDDS/QDS] rəmzindən yaranmışdır ki, bu da bütün qədim yazılarda Midiyanin Kadus tayfasına aid edilir. Bu rəmzdən yəhudilərdə müqəddəs mənasını verən “kodeş” [KDŞ] rəmzi yaranmışdır. Digər tərəfdən buddistlərin müqəddəs mənasını verən “sadxu” [SDX/XDS] rəmzi də kadus [KDS] rəmzi ilə eyni kökdəndir. Bu isə onu göstərir ki, yəhudi, müsəlman və buddist müqəddəsləri eyni bir nəsildən – yəni mənbələrdə “ilandan doğulmuşlar” adlandırılan Midiya Kaduslarının nəslindən törəmişlər. Məhəmməd peyğəmbərin də kuddus, yəni müqəddəs olması, onun ilandan doğulmuş Midiya Kaduslarının nəsli ilə bağlı olması deməkdir.
“İlandan doğulmuşlar” rəmzi mənbələrdə Heraklın nəslinə aid edilir. Herodota görə Herakl, Gerionun öküzlərini qovaraq Gelə gəlir (Herodot, IV/8). Geldəki mağarada Herakl öz atlarına görə, yarıinsan-yarıilan olan Yexidna ilə cütləşir və buradan ilandan doğulmuşlar nəsli yaranır. Tarixçi Moisey Xorenskiy “Ermənistan tarixi” kitabında ilandan doğulmuş midiyalıları “əjdahadan doğulmuşlar” adlandırır.
Qədim Misir mətnlərində ilan - yaranış, yenilənmə və s. mənasında ilkin materiyanın rəmzi sayılır. İlanla cütləşmə dedikdə də, insanın ilkin materiya ilə vəhdəti, yəni sufilərin “Vəhdət əl Vücud” sistemi başa düşülməlidir ki, bu zaman insan, ilkin materiyanı özünə “bağlayıb”, ondan öz istədiyi kimi istifadə edir. “Vəhdət əl Vücud” rəmzi - “İlahi mahiyyətlə birlik”, “İlahi mahiyyətin insanda təcəssümü” və s. mənasını verir. Bu rəmz eyni zamanda “İttihad əl-ləhut bin-nəsut” kimi də qeyd edilir. Xristian rəmzlərindən yaranmış bu rəmz - “nəsut”, yəni insani və “ləhut”, yəni İlahi mahiyyətlərin birləşməsi deməkdir. Bu isə, ilandan doğulmuşların, ilkin materiya ilə vəhdət təşkil edən müqəddəslər nəsli olması mənasındadır.
Xristianlıqda İlahi mahiyyətin təzahürü İsa peyğəmbərə aid edilir.  Bu rəmz məna etibarı ilə təsəvvüf elmindəki «xulul», «xululiyyə» rəmzləri ilə eynidir və Allahla, yəni İlahi mahiyyət mənasında ilkin materiya ilə vəhdət təşkil etmək, İlahi mahiyyətə qovuşmaq deməkdir.  Xulul/xəlil [XLL] rəmzinin xristianlıqda qalil, Qaliley [QLL] kimi qeyd olunduğunu nəzərə alsaq qəbul edərik ki, İsa peyğəmbəri Allahla vəhdət təşkil etdiyi üçün qalileyli adlandırırlar. Qeyd etmək istərdim ki, İslamdakı Allah [LLH] rəmzi də, Hulul/Xulul [HLL/XLL] rəmzi mənasında İlahi mahiyyət olan ilkin materiyaya qovuşmağı bildirir. Deməli, Allah rəmzi «ilkin materiya ilə vəhdət təşkil etmək, ona qovuşmaq» deməkdir və sufilərə görə bu səviyyəyə yalnız sufi silsilələrini qalxdıqdan sonra nail olmaq olar.
Sufizmdə bu vəziyyət eyni zamanda Allahın “Sakin”liyi [SKN], Tövratda isə “Skiniya” [SKN] adlanır. Bu onu göstərir ki, bütün seçilmişlər nəsli ilkin materiya ilə, yəni Allah mənasında olan İlahi mahiyyətlə vəhdət təşkil edirlər.
Psevdoqnostik İustinin sistemində “ilandan doğulmuşlar” rəmzi mistik məna daşıyır. İppolit, İustinin doktrinasını Herodotun Herakl haqqındakı rəvayəti ilə əlaqələndirir. Yəni burada Herakl rolunda Allah, Yexidna rolunda isə Edem, İzrail çıxış edir və onların izdivacından xəbər gətirən mələklər nəsli yaranır. Bu isə o deməkdir ki, «ilandan doğulmuşlar» adi nəsil yox, ilkin materiyadan yaradılmış mələklərin nəslidir. Rus və digər dillərdə mələk mənasında olan “angel” rəmzi də, “Yevangel” rəmzi kimi Gel rəmzindən yaranmışdır ki, məhz burada Herakl Yexidna ilə cütləşmişdir. Belə çıxır ki, ismaili məlahiləri, yəni mələklər nəsli elə ilandan doğulmuş xəbərçi mələklərdir.
Digər tərəfdən bu, yerdəki həyatın əsas səbəbkarı olan ilkin materiyanın Amon Allahı ilə birləşməsi mənasındadır.
Beləliklə,  müqəddəslər nəsli, adi insanlardan onunla fərqlənir ki, onlar ilkin materiya ilə vəhdət təşkil edirlər. Bu isə o deməkdir ki, Allah bir yox, iki növ insan yaratmışdır. Tövratda da iki növ insanın yaradılması qeyd olunur. Tədqiqatçı Xosroev, Aleksandriyalı Filondan iqtibaslar gətirərək ilk insanın yaranması ilə bağlı yazır: «Formalaşdırılmış insanla (Библ. Быт.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Библ.Быт.1:27) arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni formalaşdırılmış insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki, kişi və qadın, təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansı ki ilkin obrazdır və ya nəsil və ya  möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın, təbiətinə görə məhv olmayandır. İki növ insan vardır: «Yer» (Библ.Быт.2:7) və «Göy» (Библ.Быт.1:27) insanı. Göy insanı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer insanı isə qanunsuz materiyadan yaranmışdır ki, Musa peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Belə çıxır ki, Allah iki növ insan yaratmışdır və bunun da birincisi göy insanıdır.
Tarixçi M. Xorenskiyə görə, bütün müqəddəs yazılar yalnız göy insanına, yəni seçilmişlər nəslinə aiddir. Adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər. Bu isə o deməkdir ki, mənbələrdə qeyd olunanların adi insanlara qətiyyən aidiyyəti yoxdur. Belə çıxır ki, qədim mənbələr yalnız Allaha və onun seçilmişlər nəslinə həsr olunmuşdur. Buna görə də ingiliscə tarix mənasını verən «history» rəmzi - «his story» kimi açıqlanır və “Onun tarixi”mənasında “Allahın tarixi” fikrini ifadə edir.
Quran yazır: «O, sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:54). Bu o deməkdir ki, ilk insan sudan, yəni ilkin materiyadan yaradılmışdır. Bundan sonra kişi və qadın, yəni adi insanlar yaradılmışlar. Əflatunun “Timey” əsərinə görə isə ilk insanı (Tanrıları) Allah özü yaratmışdır və ona görə də onlar ölümsüzdürlər. Adi insanların yaradılmasını isə, Allah öz yaratdıqlarına həvalə etmişdir.
Prometey haqqındakı rəvayətə görə, Yafət oğlu Prometey insanı öz əlləri ilə yaradır və Zevs Allahından, onu diriltməyi xahiş edir. Buradan çıxan nəticə isə odur ki, Göy insanının nəsli, Qafqaz dağlarına qandallanmış Prometeyin (Pir-Midiya), yəni Midiya pirlərinin nəslidir.
“Göy insanları” rəmzi, mənbələrdən bizə “göy türkləri” kimi də məlumdur. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində, türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır. “Moyun Çor” abidəsində isə türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134).
Tolis rəmzi onu göstərir ki, bu hadisə türk bəglərinin yaşadığı Talış dağları ilə bağlıdır. Məhz bu bəglər ilkin materiyanı Elə çevirərək göydə ruhlar aləmi yaratmışlar. “Gül-Təkin”in kiçik abidəsində, bu bəglər sağda duran Şad-Apıt bəgləri adlandırılır və «Göyəbənzər, Göydə yaranmış müdrik türk xaqanı»nın ən yaxın silahdaşları kimi qeyd olunur (И. В. Стеблева, «Поэтика древнетюркской литературы», M.1976, səh.10). Apıt (Yapet/Yafət) rəmzi bu bəglərin qədim Misirin Pta Allahının obrazları olması mənasındadır. Bu isə o deməkdir ki, qədim Misirin Ra-Amon Allahı həqiqətən də türk xanı olmuşdur və məhz O, Ptah [PTH] Allahı rolunda, yəni Fateh [FTH] rolunda ilkin materiyanı fəth edərək özünə tabe etmişdir.
Tanınmış alim A. Oppenheymin yazdığına görə, Mesopotamiyanın məhşur çarlar (şahlar) siyahısı, yəni kutilər sülaləsinin hakimiyyəti, mifik dövrlərdən - «çar hakimiyyəti»nin «Göydən yerə» endiyi dövrlərdən başlanır» (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146). Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt də var. Ərəb mənbələrinə görə göydən yerə enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş iran əhalisidir. Əl-Kufi «Kitab əl-fütuh» əsərində yazır: «Salman ibn Rəbiyyə və İran əhalisindən onunla gələnlər Ermənistana daxil oldular. Yerli əhali bir birinə deyirdi ki, üstümüzə gələn tayfa deyilənə görə Göylərdən enmişdir və guya bu adamlar ölmürlər və silah onlara heç bir xətər yetirmir» («Azərbaycan tarixi üzrə qaynaqlar», B.1989, səh.59). Bu isə o deməkdir ki, İran əhalisi kimi qeyd olunan ismaili bəg-ərənləri göydən yerə enmişlər, yəni onlar Göy insanının nəslidirlər. Deməli, Göy insanı dedikdə, göydən yerə enmiş Yafət nəsli olan Göy türkləri başa düşülməlidir ki, onlar ilandan doğulmuşlar, yəni xəbər gətirən mələklər nəslidir.
Erməni mifologiyasındakı Tork-Angelea rəmzi, yəni Türk-Gel nəsli, Allahlar hesab olunur. Təbrizli Arakel «ilandan doğulmuş» («əjdahadan doğulmuş») Midiya maqlarını – «Osman şahlarının nəsli» adlandırır (А. Даврижеци «Книга историй»,  М., 1973, böl. 51). Maraqlı faktdır ki, Diodor Siciliyalı Misir fironu II Ramsesi - Osimon-Dias, yəni Osman-Allah kimi qeyd edir. Osman [SMN] rəmzi sufizmdə - «issi Əman» [SS-MN], yəni «Əman ruhu» (Amon ruhu) kimi yozulur. Bu isə o deməkdir ki, mənbələrdə Osman türkləri dedikdə “Amon Allahının ruhu olan türklər”, yəni ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslər nəsli başa düşülməlidir. Bu rəmz mətnlərdə «Dami Osman» [DM-SMN] kimi də göstərilir ki, bu da «Adəm Osman» [DM-SMN], yəni Osmanın – qədim Misirin Atum Allahının obrazında olması deməkdir.
Qədim Misir mətnlərində Atum Allahı ilan adlandırılır və Xoşbəxtlik adasını əhatə edən sonsuzluğun hökmdarı kimi göstərilir. Atum eyni zamanda Atum-Xarakti [TM-XRKT] kimi qeyd olunur ki, bu da Adəm-Xorkut [DM-XRKT] obrazında, böyük Günəş Allahıdır (Д. Рол Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М. 2002, səh. 438,439). Əgər biz Xoşbəxtlik adasını, tam xoşbəxtliyə çatmış deyləmlərin Tilos adası kimi qəbul etsək, razılaşarıq ki, Adəm obrazında qeyd olunan Edem cənnəti, Talış dağlarının üstündə yaradılmış ruhlar dünyasıdır. Burada isə Ra-Amon Allahı - Xorkut/Qorqut (Qor-Xuda), yəni Qor Allahı (Qor-Qızılquş) obrazında yaşayır. 
İlan rəmzinə mənbələrdə ilk dəfə qədim Misir və Akkad möhür və mətnlərində rast gəlinir. Akkad dövrünün möhürlərində ilan adətən bədəni insan, aşağı hissəsi isə ilan kimi təsvir olunur. 
Kassit silindrində olan yazılardan birinin açma və tərcüməsini Dossen belə verir: «Oğul, üçdə iki insan, üçdə bir Allah! Yeddi müdrikin hökmdarı!... Nursaçan sifətli əjdaha!». Mənbələrdə «sirləri bilən müdrik» («Hər şeyi bilən») adlandırılan Gilqameş də – üçdə bir Allah, üçdə iki insan kimi təsvir olunur (В. К. Афанасьева Гильгамеш и Энкиду, М. 1979, səh. 135,136,129). Bu isə o deməkdir ki, Gilqameş obrazı da, Heraklın Yexidna ilə cütləşdiyi Gel eli ilə bağlıdır. Gilqameşin İlahi mənşəyı də, onun ilandan doğulması ilə, yəni ilkin materiya ilə vəhdəti ilə bağlıdır. Belə çıxır ki, bütün qədim Allahlar, peyğəmbərlər və müqəddəslər nəsli - “ilandan doğulmuş” midiyalıların, yəni bu gün ağa, bəg, seyid, şıx və s. adlandırılan Azəri türklərinin nəslidir.
Ağa rəmzi müqəddəs yazılarda «aqi», «aqiya» kimi göstərilir və “müqəddəs” mənasında xristianlara aid edilir. Xristian mənbələri, yəhudilərin müqəddəslik rəmzi olan kodeş (kdş) rəmzini isə - aqiazo/aqios kimi tərcümə edir. Bu ifadə Əhdi-Ətiq köklü hesab olunur və «Allaha qulluq və onu şöhrətləndirmə üçün seçilmişlər» mənasındadır. 
“Aqi” [Q] rəmzi «Kitabi - Dədə Qorqud»da “Oq” [Q] kimi yazılır və Oğuz rəmzinin qısa yazılış formasıdır. Əgər nəzərə alsaq ki, xristianlarda müqəddəslik bildirən “aqi” rəmzi “aqiazo” rəmzi ilə eyni mənalıdır, razılaşarıq ki, “aqiazo” adlanan xristian müqəddəsləri elə Oğuz ağalarının nəslidir.
Mütəxəssislər qeyd edirlər ki, qədim erməni mətnlərində “Q” hərfi əvvəllər “L” səsini də bildirirdi və buna görə də yazılarda Aqu rəmzi Alu rəmzi ilə eyni məna ifadə edirdi. Mətnlərdəki Aqu/Alu rəmzləri Albaniya ölkəsini bildirirdi. Bu isə o deməkdir ki, qədim Oğuz müqəddəsləri Albaniya ölkəsinin sakinləri olmuşlar. Qədim yazılarda “aqi”, “aqiya” [Q] adlandırılan Oğuzlara, yəni bəg, seyid, şıx və s. Azəri müqəddəslərinə bu gün də şimali və cənubi Azərbaycanda - “Ağa”, “Ağayi” [Ğ] kimi müraciət edilir. Bu isə o nəticəyə gətirib çıxarır ki, dünyanın bütün müqəddəsləri Midiyanın Kadus elindən çıxmış türk ərənləri olmuşlar.
Biz qeyd etdik ki, Əhdi-Ətiqə görə Kedes Qalileyada yerləşir. Qaliley [QLL] rəmzi sufizmdə, yəni qədim dünyanın vahid dilində, islamın Xulul/Xəlil [XLL] rəmzi ilə eynidir və təsəvvüf elmində «Allahla vəhdət təşkil etmək», «Allaha qovuşmaq» deməkdir. Kamillik yolunu tutmuş sufi, ekstazda, təriqətin son fazasına yaxınlaşdıqca Allahı seyr vəziyyətinə gəlir. Sufizmdə tərikə yolu – türk sufi müridinin Allaha (ilkin materiyaya) səyahəti deməkdir. Allaha səyahət (suluq) edən bu sufilər – tərikə [TRK] pillələrini qalxan türük [TRK], yəni türk [TRK] adlanır. Türk – təriqətin bəqa fazasına, yəni bəglik səviyyəsinə daxil olanda o ilkin materiyada, yəni Allahda olur. Bu səviyyədə artıq sufi ilə Allah (ilkin materiya) arasında heç bir maneə olmur. İkilik, yəni insanla (ruhu ilə) ilkin materiya birləşir və vəhdət əmələ gətirir ki, bu da insanın Allaha çevrilməsi deməkdir. Təriqətin son fazası isə Həqiqət, yəni Haqq – Allahdır. Ən ali faza olan Həqiqət, yəni Haqq rəmzi Haqan/Hakan/Xaqan rəmzləri ilə eynidir. Belə çıxır ki, türk Xaqanları (Hakan) elə Allahın obrazıdır.
Bu faza xristian mənbələrində də xüsusi qeyd olunur. Naq-Xammadidə tapılmış Filippin İncilində (44 və 122) deyilir: “Həqiqətdə bu, dünyadakı insan kimi deyil: o Günəşi görür, lakin o Günəş deyil, o Göyü, yeri və digər varlıqları, bu varlıqlara çevrilmədən görür. Lakin sən o yerdə nə gördünsə, sən o olursan. Sən ruhu gördün, sən ruh olursan. Sən Xristi gördün, sən Xrist oldun. Sən [Atanı] gördünsə, [sən] Ata olacaqsan. Ona görə də [o yerdə] sən hər bir şeyi görürsən və özünü tək [görmürsən]. Sən özünü o [yerdə] görürsən. Və [sən] gördüyün şey [olursan]». Bu isə o deməkdir ki, ilkin materiyaya daxil olan insan Allaha çevrilir və ilkin materiyanı idarə etmək və s. İlahi qüdrətə sahib olur.
Bütün bunlar isə o nəticəyə gəlməyə əsas verir ki, Midiya maqları, daxili kamilləşmə nəticəsində Bəqa səviyyəsinə, yəni əbədi Allahda olma səviyyəsinə yüksəlmiş sufilər olmuşlar. “Türk bəgi” rəmzi də, tərikə pillələrini qalxıb Bəqa səviyyəsinə çatmış və Allahla (ilkin materiya ilə) vəhdət təşkil edən sufi deməkdir. Deməli, bəgləri ona görə seçilmişlər adlandırırlar ki, onlar İlahi mahiyyətlə, yəni ilkin materiya ilə vəhdət təşkil edirlər. Belə çıxır ki, türk bəgləri Allahın yerdəki bənzərləridir. Əgər nəzərə alsaq ki, ruslar bəqa [BQ] rəmzini Boq [BQ], iranlılar isə Baqa [BQ] adlandırırlar və bu onlarda Allah mənasındadır, razılaşarıq ki, qədim dünyanın bir çox ölkələri məhz türk bəglərini Allah kimi qəbul etmişlər.
Afanasi Nikitinin “Üç dəniz arxasına səyahət» kitabında bəg, ər rəmzləri ruslara aid edilir və “Urus əri bəgləri” kimi yazılır. Rus çarlarının keşikçiləri isə rəsmlərdə qanadlı mələklər kimi göstərilir (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М. 2009, səh.249). “Kitabi - Dədə Qorqud”da Rus rəmzi Uruz (Aruz) kimi yazılır. Abdulqazi Uruz bəgi – Otkuzli Urus adlandırır. Bu isə o deməkdir ki, Rus [RS] rəmzi altında, Azər [ZR] rəmzi kimi qədim Misirin Usiri/Osiris/Oziri [SR/ZR] rəmzləri nəzərdə tutulur. Rus çarlarını qanadlı mələklərin gözləməsi, onların ismaili məlahiləri, yəni Gel mələkləri olması deməkdir. Bunlar haqda daha geniş məlumat müəllifi olduğum «Россия – страна Хазарских беков или о чём повествует «Книга Велеса» kitabında verilmişdir.
Qədim Misir yazılarının birində, yunanların «Bakxoris» adlandırdıqları və müdrikliyi haqqında rəvayətlər danışılan Bekneranfu obrazına rast gəlinir. Buradakı Bakxoris rəmzi qədim Misir yazılarında Xor Allahına aid edilir və mənbələrdə onu «Bakı Xoru» və s. də adlandırırlar. Əgər nəzərə alsaq ki, Bakxoris rəmzi Bəg-Xris, yəni Bəg-Xristos mənasındadır, razılaşarıq ki, xristianların İsa peyğəmbəri türk bəgi olmuşdur. İsa peyğəmbərin qədim sirləri bilməsi isə onun, Allahla aralarında pərdə olmayan batini ismaililərindən, yəni seçilmişlər nəslindən olması deməkdir.                         
ХIХ əsrdə Qahirə sinaqoqunda tapılmış tarixi əlyazmada bildirilir ki, əsl seçilmişlər, yəni yəhudilər - xəzərlərdir (Ф. Кандель Хазары. Хазарский каганат). Xəzər [XZR] rəmzi qədim dilçilikdə ölümsüzlük mənasında olan Xızır [XZR] rəmzi ilə eynidir. Erməni mənbələrində Xəzər rəmzi Yafət rəmzinə aid edilərək Xazarapet kimi yazılır. Araşdırıcılar hesab edirlər ki, «hazarapati» titulunu Əhəmənilər dövründə «minlərlə ölməz» daşıyırdı. Erməni mənbələrində Xazarapet rəmzinin, yəni Xəzər və Yapet (Pet/Pta/Yafət/Fət) adının, digər yerdə Azarapet kimi göstərilməsi isə o deməkdir ki, Xəzər ölkəsi elə Azər ölkəsidir. Bu isə onu göstərir ki, Xəzər yəhudiləri adı altında Azəri türk bəgləri çıxış edir. Deməli, əsl ölməz müqəddəslər Azəri türk bəgləridir. Bu eyni zamanda onu göstərir ki, Yafətin (İapet), yəni qədim Misirin Pta Allahının da vətəni məhz qədim Azər eli olan Azərbaycandır.
Yafət (Apet) rəmzindən Napat (Nifat) rəmzi də yaranmışdır ki, mətnlərə görə Napat, Napatlı Amonun və onun arvadı Napatlı Mut-un vətənidir. Buradakı Mut rəmzi Midiya mənasındadır. Strabona (Х1,13,3) görə Zaqr və Nifatu dağında kadus və amard tayfaları səpələnmişlər. Kadus və amard tayfalarının Midiya sakinləri olması, ərəblərin Fit adlandırdıqları Nifatu dağının Midiya ərazisində yerləşməsi deməkdir.                                    
Devid Rol bildirir ki, qədim Misir yazılarında fironlar arasında yaşayan bir qəbiləni (ailə) ifadə etmək üçün xüsusi kollektiv ad var idi ki, bu da Patu (Pat sözündən) idi. Bütün bu ailəyə aid olanlar İri-pati [R-PT] adlanırdı və  «Patın törəmələrindən biri» mənasını daşıyırdı. Pat, piramidanın ilkin mətnlərində Qorla assosiasiya olunurdu və bu, şahların yerdəki təcəssümü sayılırdı. Özünün bu nəsilə, yəni Qor-fironlarına aid olduğunu sübut edən hər kəs yüksək vəzifə tuturdu (Д. Рол. «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002, səh.388,389).
İri-Pat [R-PT] rəmzi bizə Ər-Yafət (Ərən-Yafət) [R-FT] kimi məlumdur. Mənbələrdə bu rəmz Midiyanın böyük və məşhur Gel nəslinə aid edilir. Ər [R] rəmzi, aran/ərən [RN] rəmzləri kimi türk dilində - kişi, mərd, qəhrəman mənasıdadır və iranlıların ari, aryayi [R] rəmzi də bu mənadadır. Xüsusi qeyd etmək istərdim ki, mənbələrdəki İran/Eran [RN] rəmzi də Ərən [RN] mənasında Yafət türklərinə, yəni bilavasitə Midiyanın Gel elinə aid rəmzdir. Ari/İran [R/RN], yəni ər/ərən [R/RN] rəmzlərinin türk bəglərindən başqa heç bir xalqa aidiyyəti yoxdur.
Bildirmək istərdim ki, qədim Misir yazılarında firon sözü yoxdur. Mənbələrdə bu rəmz “pirao” kimi yazılır. Pirao isə “pir” rəmzidir və bəg, seyid, şıx və s. türk müqəddəslərinə aiddir. “Oğuznamə”nin atalar sözlərində deyilir ki, “Ölüm pir üçün bayramdır”. Çünki onlar ölmürlər, öz Allahlarına qovuşurlar. Bu gün Qafqaz ərazisində yaşayan bəg, seyid, şıx və s. müqəddəslər qeyd edirlər ki, onlar adi insan deyillər, çünki onlar “Allah nurundan” yaranmışlar. Bu müqəddəslər haqda digər deyimdə bildirilir: “Avam (yəni adi insan) doyunca yeyər, molla ölüncə yeyər, seyid öləndən sonra da yeyər”. Bu o deməkdir ki, bu müqəddəslərin ruhları, bədənin fiziki ölümündən sonra da yaşayır.
Müqəddəslərin ruhlarının, bədənin fiziki ölümündən sonra da yaşamaları, rəvayət və nağıllarda da xüsusi qeyd olunur. Mifologiyaya görə, Araqil nəsli, Günəşin təcəssümü hesab edilir və çöllərin, səhraların mühafizəçisi sayılır. Ermənistana köçməzdən əvvəl onlar burada «qanad geyib» Ermənistana uçurlar. Araqil [R-QL] rəmzi – “Gel elinin Ra günəşi” [GL-R] mənasını verir və Midiya torpağında yaşayan ismaili türk tayfasına aiddir. Bu isə o deməkdir ki, buradakı “qanad” rəmzi ismaili türklərinin məlahi, məlahid, yəni mələklər nəsli olmasını göstərir. Deməli, ismaililərin mələk adlandırılması, onların ruhlarının, bədənin fiziki ölümündən sonra da ruhlar dünyasında quş rəmzində yaşaması ilə bağlıdır. Əgər nəzərə alsaq ki, qədim Midiya ərazisində yaşayan bu Azərbaycan pirləri sözlə təbiət və canlılara təsir edə bilirdilər, razılaşarıq ki, onlar mənbələrdə ölümsüzlük qazanmış Xızır, yəni qədim Misirin Oziri/Azər Allahının nəslidir. Dilimizdəki Həzrət [HZRT] rəmzi də Xızır rəmzindən yaranmışdır və Xızır Ata [HZR-T] fikrini ifadə edir.
Həzrət rəmzi ilə eyni kökdən olan Hazarapati/Azarapati rəmzləri isə onu göstərir ki, Pat rəmzi ilə bağlı olan bütün rəmzlər Yafət nəslinə, yəni türk bəglərinə aiddir. Belə çıxır ki, rus dilində Allah mənasını verən Qospod rəmzi də Yafət nəslinə aid edilməlidir. Çünki, Qospod [QS-PD] sözü - Qos-Pta [QS-PT], yəni Aqios-Yafət kimi açılır və bunu Oğuz-Yafət [ĞZ-FT] kimi də oxumaq olar. Bu məntiqlə Padişah [PD-ŞH] rəmzi də Yafət rəmzi ilə əlaqəlidir və Yafət-Sak [FT-SK], yəni Yafət-Saxu mənasında “ölümsüzlük qazanmış Yafət nəsli” fikrini ifadə edir və məşhur Gel elinə aiddir. Pat rəmzinin Yeqipet, yəni Misir və Mesopotamiya rəmzləri ilə bağlılığını nəzərə alsaq, razılaşarıq ki, bütün bunlar Pta Allahı və Onun yerdəki Elinə aiddir. 
Qədim Misir mənbələrində deyilir ki, Amon, özünü Pta/Ptah adlandıraraq ilkin Nun suları ilə, yəni ilkin materiya ilə eyniləşdirir. İlkin materiya adından çıxış edən Amon, ondan Atum Allahını, yəni insan obrazında göy dünyasını yaradır. Beləliklə, firon Amon bəşər tarixində ilk dəfə ilkin materiyanı dərk edərək, ekstaz vəziyyətində, yəni sufiliyin “bəqa” səviyyəsində ilkin materiyanı El-ə çevirir. Əvvəlcə, Amon, bir il müddətində, göydə ilkin materiyadan Ra Günəş diskini formalaşdırır. Özünün fiziki ölümündən sonra isə onun ruhu bədəndən çıxaraq göyə qalxır və “saxu”ya çevrilərək, formalaşdırdığı Ra diski ilə birləşir. Bu vəhdətdən Günəş Allahı olan və İslamda Rəhman adlandırılan Ra-Amon (Amon-Ra) Allahı yaranır. Sufilər “Vəhdətin Günəşi” dedikdə, misirlilərin Ra-Amon adlandırdıqları məhz bu Allahı nəzərdə tuturlar.
Bu prosesin izlərinə daha çox “Ermənistan tarixi” kitabında rast gəlmək olar. Çünki, Ərman/Ermən [RMN] rəmzi - Ra-Amon [RMN] Allahı mənasındadır. Xüsusi olaraq qeyd etmək istərdim ki, indiki ermənilərin qədim Ermənistana qətiyyən aidiyyatı yoxdur. Bu kütləni çar Rusiyası ХVIII əsrdə qədim Azərbaycan elinə köçürmüşdür. Əvvəldə qeyd etdiyimiz kimi, tarixçi Moisey Xorenskiyə görə, müqəddəs yazılar yalnız İlahi xalqa, yəni türk bəglərinə aiddir. İndi özlərini erməni adlandıran toplum isə türk bəglərinin öz əlləri ilə yaratdığı adi insanlardır. Avropa mənbələrində Ermənistan rəmzinin Germaniya və Prussiyanın digər adı kimi göstərilməsi, Ermən sözünün rəmz olduğunu göstərir.
Tarixçi Vardanın yazdığına görə, Sökmən (Sukman) [SK-MN], yəni saxu-Amon [SX-MN] «Xelat və digər çoxlu şəhərləri aldı… on iki şəhərə yiyələnəndən sonra özünü Şahi-Ərman adlandırdı ki, bu da onların dilində erməni şahı deməkdir…» (К. Гандзакеци История Армении. М. 1976, səh. 282). Türk bəginin Xelatı aldıqdan sonra özünü Ərman şahı adlandırması, Şahi-Ərman [R-MN] rəmzinin Ra-Amon [R-MN], yəni Amon-Ra [MN-R] Allahı mənasında olmasına işarədir.
Sökmən rəmzi, qədim Misir dilçiliyində Saxu-Amon kimi izah olunur ki, buradakı “saxu” rəmzi, öləndən sonra bədəndən çıxan insan ruhunun yeni forma almasını bildirir. Misirşünas U. Bac bu barədə yazır: «Totun sözləri və kahinin duaları insan bədəninin mahiyyətinin «saxu»ya çevrilməsini məcbur edir və o Allahların yaşadığı Göylərə qalxır... İnsan bədənində yaşayan ruh Saxuya keçir və çürüməyən bu yeni bədən Göylərdə ruhun bədənini təşkil edir, necə ki, fiziki bədən ruhun yerdəki evidir (У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143). Deməli, Şahi-Ərman (Saxu-Amon) rəmzi, “Amon Allahının ruhu” mənasını verir ki, bu ruh Xelatda (Qalaad/Qulat/Kolyada), yəni Gel elində əbədi şahlıq edən Ra-Amon Allahına çevrilmişdir.
Tanınmış Azərbaycan tarixçisi Ziya Bünyadov bildirir ki, Xilatın, Ərzincanın sahibi şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmən, atabəg Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (Историческая география Азербайджана. Б.1987, səh.95). Atabəg rəmzi, sufizmdə bəqa səviyyəsinə, yəni Allah səviyyəsinə yüksəlmişlərin, Allaha çevrilmişlərin atası mənasındadır və qədim Misir yazılarına görə bu adı bütün Allahların Atası və Ağası olan Ra-Amon, yəni Ər-Əman Allahı daşıyırdı. Deməli, Xilat, yəni Gel, Gelat eli - Allahların atası hesab olunan Ra-Amon Allahın yurdudur.
K. Qanzaketsiyə görə gürcü çarlarının da qəbirlərinin Xelatda, yəni Gelatda olması, bu ərazinin xüsusi ərazi olması deməkdir. Əgər nəzərə alsaq ki, Gürcüstan [Qruziya] rəmzinin kökü Gür/Qor/Qruz [QR/QRZ] rəmzi, yəni eyni mənalı Xoris/Xor/Qor rəmzləri [XRS/XR/QR] ilə bağlıdır, razılaşarıq ki, Xelat/Xilat elində qədim Misirin Qor [QR] fironları nəslindən olan bütün şahlar basdırılmışdır.
Qor və ya Xor Allahı Misir mifologiyasında qızılquş simasında göy və Günəş Allahı hesab edilir. Qədim Misir mənbələrində quş - müqəddəslərin ruhlarının obrazıdır və Ba rəmzi ilə qeyd olunur. «Piramida mətnləri»nə görə, Qədim şahlıqda Ba – Allahların və fironların malik olduğu güc və qüdrət təcəssümüdür. Əlləri və başı insanınkı kimi təsvir olunan Ba quşu insan öləndən sonra da yaşamaqda davam edir. “Saxu”-ya çevrilən fironun ruhu göyə qalxır və burada artıq o, adi insanın ruhundan fərqli olaraq Allahlara xas qüdrət qazanır. Qurana görə, insan ruhunun quş rəmzli varlığa çevrilməsini məhz Allah təşkil etmişdir (Quran, 17:13, 3:49). İslamda Ba Allahı - Va-Allahı kimi, yəni Vallah kimi məlumdur.
Ba ruhu eyni zamanda Benu adlanır və Geliopolda, yəni Gel şəhərində ona xüsusi ehtiram göstərilir. Ba quşunun Benu [BN] adlanması, onun ilkin Nun [NN] sularında, yəni ruhlar dünyasında yaşaması ilə bağlıdır. Deməli, Benu [BN] rəmzi Ba-Nun [BNN] rəmzindən yaranmışdır. Benu quşlarının yaşadığı göydəki el isə El-Benu [L-BN] adlanır ki, bu da elə Al-Ban [L-BN], yəni Albaniya mənasındadır. Bu isə o deməkdir ki, Albaniya dedikdə, müqəddəslərin Ba ruhlarının yaşadığı ruhlar dünyası təsəvvür olunmalıdır. Alban rəmzi qədim mənbələrdə Alvaniya [L-VN], Livan [L-VN], Lbnun [L-BNN] və s. kimi də qeyd olunur.
 “Alban tarixi” kitabında, Albaniya  – “Şərq” və “Şərq əyaləti”, onun xalqı isə “Şərq xalqı” adlandırılır. Lakin, müqəddəs kitablarda «Şərq ölkəsi» (Библ.Быт.25:6) deyəndə eyni zamanda Ərəbistan, «Şərq oğulları» (Библ.Быт.29:1), «Şərqin əhalisi» (Библ.Суд.6:3,7:12) deyəndə isə ərəbistanlılar nəzərdə tutulur. Belə çıxır ki, Şərq ölkəsi olan Albaniya eyni zamanda Ərəbistandır.
Dahi Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi özünün «Şərq» fəlsəfəsini məhz bu «Şərq»in axtarışına həsr etmişdir. Onun əsərlərində söhbət coğrafi Şərqdən yox, metafizik Şərqdən, Ruhun Şərqindən gedir. Sührəvərdi fəlsəfəsinin araşdırıcısı A. Korben qeyd edir ki, Sührəvərdi ezoterizmi, Şərq rəmzi altında ruhun mənbəyi olan Mələkütü (mələklər aləmi) nəzərdə tutur. Anri Korben «İran sufizmində İşıq insanı» kitabında yazır ki, İran sufi ədəbiyyatında əsas leytmotivlərdən biri «Şərqin axtarışı»dır. Lakin bu Şərq coğrafi xəritədə yoxdur və ola da bilməz. Bu Şərq, yerin yeddi tərəfinin heç birinə daxil deyil və mahiyyətcə səkkizinci tərəfi təşkil edir. Bu «səkkizinci tərəfin» axtarış istiqaməti də horizontal yox, vertikal, yəni şaqulidir. Belə çıxır ki, qədim mənbələrdə Şərq dedikdə – Allah və mələklərin göydəki dünyası başa düşülməlidir. Deməli, Albaniya və Ərəbistan ölkələri – ruhlar dünyası mənasındadır.
Yunan mifologiyasında da «Ərəb» (Ereb) rəmzi xaosu, yəni göyləri bildirir ki, burada sonradan «dünya» yaradılmışdır. E. ə. VIII əsrə aid Assuriya yazılarında isə «Şərqin ərəbləri» ölkəsi Midiya ərazisində qeyd olunur (И. Дьяконов, «История Мидии», М-Л.1956, səh. 219-221). Belə çıxır ki, qədim yazılarda da Şərq ölkəsi olan Ərəbistan Midiyaya aid edilir.
Mənbələrə görə, Midiyada əsasən «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» yaşayırlar. Burada «dağ və səhralarda dolaşan» deyəndə, Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə “dolaşan” midiyalılar, yəni tərikə yolunu gedən türklər başa düşülməlidir. Sufizmdə səyahət rəmzi olan suluq [SLQ] (yəh. “salxa” [СЛХ] – səyahət) kamilləşmə mərtəbəsi deməkdir (ərəb. seyr və suluk). Təsəvvüf elmində suluk - xüsusi səyahət, yəni “Allaha və Allahda səyahət” mənasındadır. Bu isə o deməkdir ki, «Şərqin ərəbləri» ölkəsi - Göydəki “Ərəb dünyasında dolaşan midiyalılar ölkəsi” anlamındadır. Buradan çıxan ümumi nəticə isə odur ki, Ərəbistan və Albaniya qədim Misir Allahlarının göy şahlığının müxtəlif adlarıdır və burada ölümsüz fironların ruhları Benu quşu şəklində yaşayırlar.
Qədim Misir yazılarında Ərəbistan səhraları Yalu [L], yəni El [L] kimi qeyd edilir ki, digər yerlərdə bu səhra Sexet sahələri adlandırılır. «Ölülər kitabı»nda deyilir ki, Allahın əmri ilə Xotep [XTP], yəni ilkin materiyanın düşünən hissəsi olan Ptax [PTX] - Sexet sahələrinə çevrilir və sonradan burada Allahlar yaşamağa başlayır. Sexet [S-XT] rəmzinin digər yazılış forması olan Kadus [KD-S] Midiya müqəddəslərinə aid rəmzdir və bu rəmz Qades/Qüds [QD-S] kimi də yazılaraq Yerusəlimi və yunanlıların ölüm şahlığını bildirir.
Erməni mənbələrində, Midiya ərazisində böyük səhra tikilməsi haqqında geniş məlumat verilir. Tarixçi Arakel Təbrizli yazır ki, paronterlər (fironların ruhları) Yerusəlimdə yaşayaraq, İordan çayının sahillərinə səyahət edirdi və onlar əzəli Ermənistanda, yəni Sünikdə səhra tikib bərqərar etdilər. Arakel, səyahət yerlərini “Ermənistanın Yuxarı vilayəti”  adlandırır. Aydındır ki, Ermənistanın Yuxarı vilayəti dedikdə, Ra-Amon Allahının yaratdığı göy dünyası nəzərdə tutulur. Öldükdən sonra isə paronterlər, yəni fironların ruhları, adlarını və qiyafələrini dəyişərək, buraya - insan səsi eşidilməyən məkana köçürlər.
Bu cənnətin yerini dəqiqiləşdirərkən, Arakel onu - “mələklərin yaşadığı məskən və müqəddəs səhra” adlandırır və Taron qavarında yerləşən Lazar monastrı ilə əlaqələndirir. Burada, böyük səhradakı “Atalar monastrı”nda ölmüşlərin ruhları yaşayış üçün bərqərar olurlar. Arakelə görə, ölmüşlərin ruhları bu səhradan çıxanda ölümcül vəziyyətə düşürdülər: “... və yalnız zaman-zaman çıxır, gəzir sonra yenidən səhraya qayıdırdı, çünki o sudan çıxarılmış, can verən balığa bənzəyirdi və geriyə, suya qayıtdıqdan sonra yenidən canlanırdı: səhradan çıxanda [Vardapet Movses boğulurdu] və geri döndükdə isə canlanırdı” (Даврижеци А. Книга историй. М.1973, böl.24,51). Bu o deməkdir ki, ölmüş insaların ruhları məhz burada, yəni göy Ərəbistanı olan Albaniyada yaradılmış xüsusi “səhra”da yaşamağa uyğunlaşmışlar. Buradan kənarda isə ruhlar üçün yaşayış yoxdur.
Albaniya [LBN] rəmzi, mənbələrdə Livan [LVN] kimi də yazılır. Əhdi-Ətiqdə Misir və Assur ölkəsi Livandakı sidr ağacı adlandırılır. Kökü böyük dərya sularında olan bu ağacı sonsuzluq ucaltmışdı (Библ.Иезек.31:3-9). Deməli, Livandakı sidr ağacı dedikdə, ağac rəmzində Midiya göylərində yaradılmış Alban ölkəsi təsəvvür olunmalıdır.
Yazılanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, qədim yazılardakı Ərəbistan, Albaniya, Livan, Misir, Ermənistan və s. adlar coğrafi məkan yox, Ra-Amon Allahın göydə yaratmış olduğu ruhlar dünyasının müxtəlif adlarıdır. 
Qeyd etmək istərdim ki, I Şapurun (III əsr) yazılarında, yunan variantında «Albaniya» kimi qeyd olunan ölkə – parfiya variantında Ardan [RDN] kimi yazılmışdır. Kartirin (III əsr) yazısında isə Albaniya - Aldan [LDN] kimi qeyd edilir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б. 1991, səh.58). Ardan [RDN] rəmzini biz İordan [RDN] kimi də oxuya bilərik. Bu isə qədim İordan çayının Albaniya ilə bağlı olması deməkdir. Erməni mənbələrində Alban rəmzinin Aqvan [QVN] kimi də yazılışı, bu rəmzin Qavaon [QVN] rəmzi ilə eyniliyi mənasındadır. Qavaon [QVN] isə yəhudi yazılarında Vəhy çadırının qurbangahla birlikdə yerləşdiyi şəhərdir (Библ.3Чар.3:4-14). Vəhy çadırı dedikdə, Musa peyğəmbərin göydən gətirdiyi ilahi od, yəni ilkin materiya və ondan yaratdığı məkan (skiniya-Allahın sakinliyi) təsəvvür olunmalıdır. Bu isə Albaniya ölkəsinin, həqiqətən də göydə ilkin materiyadan yaradılmış ruhlar dünyası mənasında olması deməkdir və bu dünyanın sahibləri də ölümsüz hesab edilən ismaili mələklərinin nəslidir.
Kartirin yazısında Albaniya Aldan [LDN] kimi qeyd olunur ki, bu rəmzi Ədn, Din [DN-L] eli kimi də oxumaq olar. Din [DN] rəmzi qədim dünyanın ən sirli rəmzlərindən sayılır. Sufizmdə “DN” rəmzi “TN” rəmzi ilə eyni mənalı hesab olunur və müxtəlif  variantlarda əsasən Allah (Odin/Adonay və s.) və ya onun eli (Tina/Tana/Oten və s.) mənasındadır. Ən qədim Misir mənbələrində bu rəmz Nut [NT] kimi yazılır və göyləri bildirir.
Dünyanın yaradılışının Geliopol variantına görə, göydəki ruhlar dünyası bir-birini əvəzləyən yaranışlardan törəmişdir. İlkin Nun sularının ortasındakı təpəyə Atum Allahı yüksəlir və öz-özündən Şu və Tefnut cütlüyünü yaradır. Bunlardan ikinci cütlük olan – Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Nut göyünü başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut cütlüyü öz növbəsində Osiris (Oziri), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum (Adəm) adlanan «Enneadanın böyük doqquz Allahı» yaranır ki, türk yazılarında bu “tuquzquz”, yəni «doqquz oğuz» kimi qeyd olunur.
Bu hadisə Quranda da nəzərə çatdırılır: «O inamsızlar görmədilərmi ki, bitişik Göy və Yeri biz ayırdıq; bütün canlıları sudan yaratdıq... Yerdə su onları çalxalamasın deyə, sabit dağlarda möhkəmləndirdik… Göyü qorunan ban (tavan) düzəltdik, onlar isə onun əlamətlərindən üz çevirirlər. O [Allah] gecə və gündüzü, Günəş və Ayı yaradandır. Onlar Göy qübbəsində üzürlər… Bir də biz səndən öncə heç kimə ölümsüzlük vermədik» (Quran, 21:30-34). Qurana görə, Göylə Yer ayrıldıqdan sonra sabit dağların birinə bağlanır ki, qədim Misir yazılarında bu dağ Mariyut şəhərindədir. Misir mətnlərində yazılır ki, Nut Göyü – Göy öküzünə çevrilərək Ra Günəşini öz belinə götürür və onu, Osirisin ayağının yerləşdiyi Mariyut şəhərinə gətirir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh.22).
Mariyut [MR-T] rəmzi qədim mənbələrdə Mar-Tu [MR-T] və ya Ta-Meri [T-MR] kimi də qeyd olunur və marlar, yəni amoreylər ölkəsi olan həqiqi Misirin digər adı hesab olunur. Biz, amoreylər, yəni marlar haqqında danışanda Moria dağının Midiyada yerləşməsini göstərdik və bildirdik ki, Göy Yerusəlimi burada yaradılmışdır. Misir mətnlərindən isə belə çıxır ki, Nut göyü də Moria dağındakı Mariyut şəhərində formalaşmışdır.
Mariyut [MR-T] rəmzinin digər yazılış forması olan Ta-Meri [T-MR] rəmzini misirşünas Uillis Bac – «subasma torpağı» kimi tərcümə etmişdir. Bu isə Nuhun subasmasının bilavasitə Mariyut, yəni Moria dağı ilə bağlı olması deməkdir.
Subasmanın Yəhudi və Babil variantlarına görə, Allah insana sirr açaraq, ona gəmi düzəldib, «həyat toxumunu» xilas etməyi tapşırır. Babil variantında qeyd olunur ki, su çəkiləndən sonra insan qurban kəsir və Allahlar səviyyəsinə yüksəlir. Şumerin Larsa şəhərində tapılan sənəddə bu barədə deyilir: «Daşqın gəldi… Daşqın gələndən sonra şah hakimiyyəti Göydən yerə göndərildi». Əhdi-Ətiqdə isə subasma ilə əlaqədar xüsusi nəzərə çatdırılır ki, «Allah subasma üzərində təntənəli surətdə əyləşdi və O, şah kimi əbədi əyləşəcək». Belə çıxır ki, şahlıq Allah hakimiyyətidir və o sirli daşqınla eyni vaxtda yerə göndərilmişdir. Subasmanın yəhudi variantına görə, daşqın, Göydən tökülən kişi sularının, yerdən qalxan qadın suları ilə birləşməsindən baş vermişdir. Quranda «kişi» və «qadın» sularının birləşməsi belə ifadə olunur: «Biz Göyün qapılarını şırıltı ilə tökülən su ilə açdıq. Yerdən də suyu püskürtdük və onlar əvvəldən təyin edilmiş iş üçün birləşdilər» (Quran, 54:11,12). Bu isə o deməkdir ki, subasma hadisəsi ilkin materiyanın “su” rəmzində yerə gətirilməsi mənasındadır və Rəhman Allah da məhz bu subasma hadisəsindən sonra ilkin materiyanı özünə tabe etmişdir.
Nut [TN] rəmzi qədim Misir yazılarında qeyd olunan Tatanen [TTNN] rəmzinin qısa formasıdır və «ilkin təpə», «qaldırılmış torpaq» və s. mənasındadır. Amon Allahı isə mənbələrdə Tatanen Amon adlandırılır ki, bu da onun öz bədəninin “ilkin təpə” mənasında olması deməkdir. Tata-Nen [TT-NN] rəmzi sufizmdə Nun sularından yaranmış Tet (Duat) fikrini ifadə edir. Tet/Duat [TT/DT] rəmzi qədim Misirdə ölüm şahlığı və ruhlar dünyası mənasındadır ki, bu da iki mənada, həm göydəki ruhlar dünyasını və həm də yerin altındakı “ölüm şahlığı” mağarasını bildirir. Deməli, Nut və ya Din dedikdə ölümlə, yəni ruhun ölümdən sonrakı həyatı ilə bağlı aləm başa düşülməlidir. Quranda Din [DN] rəmzi Ədn [DN] kimi də yazılaraq cənnəti bilirir (Quran, 9:72, 98:8).
Mühiddin ibn Ərəbinin yazdığına görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcək. Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Ərəbiyə görə İslam dini Allahdadır və bu Dinə tabe olaraq ölmək, Allahın qoyduğu qanuna tabe olub, onun göydə yaratdığı dünyada əbədi yaşamaq mənasındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və müsəlman olaraq ölmək də, Allahın yaratdığı Dində, yəni İslam Elində əbədi həyat qazanmaq mənasını bildirir.
İslam [S-LM] rəmzi sufizmdə “İssi-Aləm” [SS-LM] mənasında “göydəki aləmin ruhu” fikrini ifadə edir. Qədim Misir yazılarında ruh mənasını verən “İssi” (“Üzzə”)  rəmzi “Şu” kimi qeyd olunur və Amon Allahının ruhunu bildirirdi. Biz qeyd etdik ki, mətnlərə görə Şu qalxaraq - Nut göyünü Qeb [QB] torpağından ayırır. Şu-nun qalxması burada, Amonun ruhunun Bəqa [BQ] səviyyəsinə qalxması və bu səviyyədə ilkin materiya mənasında olan Tefnutdan (Pta-Nut) - Nut göyünü və Qeyb [QB] aləmini yaratması deməkdir. Mətnlərdə Nut Göyünü saxlayan sütun - «Şu sütunları» adlandırılır. Şu Allahı da Aton [TN] kimi qeyd olunur ki, bu da Nut [NT] göyü mənasındadır. Bu isə o deməkdir ki, Amon Allahı, Din [DN] adlandırdığımız Nut [NT] göyünü öz ruhuna tabe etmişdir. 
Qədim Misir mətnlərində deyilir ki, Allah göydəki suları axıdan və taxtı üçün su yaradandır. Abidosda qurban gətirən Allah öz qurbanlarını, ruhlar Evi olan göydəki Beytdə yerləşdirir və bu Ev üçün xüsusi qanunlar yaradır. Mənbələrdə, göydəki bu Beyt - «Möminlər adası» adlandırılır ki, o dünyadakı hakimlərin hamısı burada yerləşir. Mətnlərə görə, axirətdə ilkin materiya mənasında olan ilahi Od məhz bu Beytdən qalxaraq yenidən Osirisin bədəninə gələcək və o yenidən diriləcək. Buradan isə belə nəticə çıxarmaq olar ki, Din adlandırdığımız göydəki Nut aləmini, Amon Allahının ruhu mənasındakı “Şu sütunu” saxlayır.
Ra-Amon Allahın ruhu olan Şu, xristian mənbələrində Yeşua kimi yazılır və İsa peyğəmbəri bildirir. İslamda bu rəmz Şiə kimi qalmışdır və Allah ruhunun digər obrazı olan imam Əlinin ardıcılları mənasındadır.
Əli [L] rəmzi mənbələrdə El [L] kimi də yazılır və göydəki aləm mənasında ruhlar dünyasını bildirir. Ərəbinin qeyd etdiyi kimi, Din sözünün də əlif və lam səsləri ilə qeyd olunması, bu rəmzin göydəki El mənasında olması deməkdir. Deməli, imam Əli elə İslam Dininin, yəni göydəki ruhlar dünyasının şəxsləndirilmiş obrazıdır.
İslam [SLM] rəmzi ilə eyni kökdən olan Darussalam [DR-SSLM] rəmzi xoşbəxtlik evi, cənnət fikrini ifadə edir. Darussalam [DR-SSLM] rəmzi, «İslam/Salam dairəsi» mənasından başqa, Adəri-İslam [DR-SLM] kimi də oxunur ki, bu da İslam Elinin Adər, Adərbadaqan, yəni Azərbaycanla bağlı olması deməkdir. İslamla [S-LM] eyni mənalı Yerusəlim [RS-LM] rəmzinin isə Rus-Aləm [RS-LM] mənası da var ki, bu da “Osiri aləmi” mənasında Osirisin ölüm şahlığının məhz İslam Eli olması deməkdir.
El [L] rəmzi mənbələrdə Alu [L] kimi yazılaraq Albaniyaya aid edilir. Tarixçi M. Xorenskiyə görə, Alu – Albaniyanın digər adıdır və böyük, adlı-sanlı tayfa olan Sisaka (Saxu), yəni Gelarküni nəslinə vərəsəliklə verilmişdir (kit. II, böl. 8). Bunu “Ermənistan tarixi” kitabında İ. Drasxanakertsi də təsdiqləyir (böl. 2). M. Kalankatuasi (1,4) və digər müəlliflər də qeyd edirlər ki, “Sisaka nəslindən, Yafət-Ərən törəmələrindən kiməsə Alban dağları və sahələri miras kimi qalmışdır”. Bu isə o deməkdir ki, Allahın göydəki El-i, yəni mənbələrdə Alu kimi də qeyd olunan Albaniya/Alvaniya ölkəsi, Yafət-Ərən törəmələrindən olan Gelarküni, yəni Gelar nəslindən bir nəfərə miras qalmışdır. Belə çıxır ki, Allahın, İbrahim və Yaqub oğullarına vəsiyyət etdiyi Din elə, Gelarküni nəslinə əbədi verilmiş Albaniya dünyasıdır və Əli obrazı da bilavasitə bu nəslə aiddir.
Ruhlar dünyasının varisə verilməsi Quranda da xüsusi qeyd olunur. Burada bildirilir ki, Yer Allahındır və Allah öz qullarından istədiyini Varis seçəcək və Torpağını vərəsəliklə Ona verəcək (Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85). Tövrata görə də Allah əhd edərək torpağı İbrahim, İsaq və Yaqub nəslinə vərəsəliklə verəcəyini bildirmişdir (Библ.Исх.6:8).
Quranda Allah eli eyni zamanda «əl-Mülk» adlanır və bildirilir ki, Allaha məxsus olan bu Mülkü O, istədiyi şəxsə verir. Quranda, köhnəlib xarab olmayan bu Mülk, əbədilik ağacı ilə əlaqələndirilir (Quran, 67:1, 3:26, 20:120). Mülk [MLK] rəmzinin mələk [MLK] və malik [MLK] rəmzləri ilə eyniliyi onu deməyə əsas verir ki, Allahın Mülkündə yaşayan mələklər nəsli əsl hökmranlar nəslidir. Sufizmdə “mələk” [MLK] rəmzi - “Gelam” [GLM] rəmzi ilə də eyni məna verir ki, bu da Gel elini, yəni Geliopolu qurub-yaradan Allahın rəmzidir.  Deməli, Mülkün istədiyinə verilməsi, Ra-Amon Allahın yaratdığı Mülkünün axirətdə ismaili mələklərinin nəslindən olan varisə verilməsi deməkdir.
Xristian yazılarından olan “Siluanın nəsihəti”nə görə də Allah Nuru olan Xristos, yəni İsa peyğəmbər axirətdə Allahdan hər şeyi vərəsəliklə qəbul edəcək. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa obrazı elə imam Əlinin obrazıdır və bu obrazlar Amon Allahının Ruhu mənasındadır.
Qeyd etdiyimiz kimi Xristos, yəni Xoris/Xor/Qor qədim Misirin Qor Allahıdır. Qədim Misir yazılarına görə axirətdə, ölmüş Oziri Allahını diriltmək üçün oğlu Qor, anası İsida ilə birgə gəlir. Mətnlərdə, varis Qor rolunda gələn iddia edir ki, O Ra Allahının şiridir və ona, sonsuz - əvvəli və axırı olmayan zaman verilmişdir və O əbədiliyi vərəsə kimi qəbul edən, ölümsüzlüyü hədiyyə kimi alandır. Bu isə o deməkdir ki, Qor Allahı axirətdə ruhlar dünyası ilə birlikdə əbədiliyi, yəni ölümsüzlüyü Allahdan qəbul edəcək.
Qor rəmzi mənbələrdə Qarni [QRN] kimi yazılır və bunu Quran [QRN] kimi də oxumaq olar. Tarixçi  M. Xorenski (I/12) Gel elini, yəni Gelarkünini Qarni adlandırır. Bu isə o deməkdir ki, Misir yazılarında Qor (ərəbcə Qərə) adlanan Allahın Göy dünyası məhz burada, Gelarkünidə - Allahın «Kün» («Ol!») əmri ilə yaradılmışdır. Mənbələrdə kainatın nəhəng Qurana bənzədilməsi, Quranın həyat verməsi, cənnətə və axirətə əmr etməsi, cəhənnəmin atəşindən qoruması, məhkəmə günü onu oxuyanları himayə etməsi onu göstərir ki, Quran rəmzi bilavasitə qədim Misirin Qor Allahının obrazıdır.
Qeyd etdiyimiz kimi, mənbələrə görə Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” adlandırmışdır. Əli rəmzi isə El, yəni Alu (Albaniya) rəmzi ilə eyni mənalıdır və ifrat şiələr olan ismaili-deyləmləri imam Əlini Allah (“Əli-İlahi”) kimi qəbul edirlər. Onların elmlərinə görə, axirətdə məhz Əli gələcək və yeni, mahiyyəti yalnız kiçik bir qrup şeyx və dərvişlərə bəlli olan Quran gətirəcəkdir. Onların “Əli-İlahi” təliminə görə, Məhəmməd peyğəmbər Əli şəxsiyyətində təzahür etmiş carçı və xəbərçidir («Шииты, сунниты, дервиши: вечные тайны ислама», M., 2005, səh.103).
Əli [L] rəmzinin digər deyiliş forması olan El/Eliya/İliya [L] rəmzləri də yəhudilərdə və digər xalqlarda Allah mənasını verir. Əhdi-Ətiqdə Niftalı (Napat-Eli) boyundan və Qalaad (Qulat) elindən olan İliya - Aaron, yəni Ərən evinin son hakimidir (Библ.3Цар,17:1). Əhdi-Ətiq peyğəmbərləri yazırlar ki, axirətqabağı İliya peyğəmbər gələcək və xristianlar bunu Xristosun ikinci gəlişi kimi qəbul edəcəklər.
Mənbələrdə İlyanın, yəni Əlinin ölümsüzlük qazanması, onun göylərə”diri-diri” qaldırılması ilə əlaqələndirilir. İbn Ərəbi, İlyanı Günəş Allahı kimi qeyd edir və bildirir ki, O, Göy kürəsinin mərkəzindəki Günəş kürəsində dincəlir. İlya - Livan, yəni Alban dağında ilahi oddan bir at yaradıb onu minmiş və Allaha çevrilmişdir (İbn Ərəbi, “Füsus ül Hikəm”, 22). Əhdi-Ətiqə görə də atəşdən olan at arabası göydən burulğanla gəlib İlyanı göyə aparacaq (Библ.4Цар.2:11). Bu isə o deməkdir ki, İlya, yəni Əli obrazı burada, İlkin materiya ilə vəhdət təşkil edən Amon Allahı mənasındadır.
İslama görə, imam Əli Məhəmməd peyğəmbərin varisidir. Biz qeyd etdik ki, Qəzaliyə görə Məhəmməd peyğəmbər kosmik insanın, yəni bədəni Edem cənnəti olan qədim Misirin Atum Allahının obrazıdır. Əlinin varis kimi qəbul edilməsi, Məhəmməd peyğəmbərin yerinə, yeni ruhlar Eli mənasında Əli obrazının gəlməsi deməkdir. Ledun [L-DN] elmi də, göydə yaranacaq yeni Din Eli-nin [DN-L], yəni Nut göyünün yaranması, göydəki ruhlar dünyasının varisə verilməsinin elmidir.
Bütün bunlar haqqında daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
                                                                                     Firudin Gilar Bəg                                                                                                         www.gilarbeg.com



Комментариев нет:

Отправить комментарий