Firudin Gilar Bəg

вторник, 5 марта 2013 г.

Novruz bayramının sirləri

              Müqəddəs elimizin ən sevimli bayramı Novruz bayramıdır. Bu gün Novruz bayramı yazın gəlişi, təbiətin oyanması, torpağın canlanması və s. hadisələrlə əlaqələndirilsə də, mənbələrdə bu bayram mistik hadisələrlə əlaqələndirilir. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə isə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, onun taxta çıxdığı, cinlər diyarına göndərildiyi, Fatimə ilə evləndiyi və s. gündür. Bu gün, digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı, Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür və s. Belə çıxır ki, Novruz bayramı bizə məlum olmayan sirli bayramdır və onu dərk etmək üçün araşdırmalar aparılmalıdır.
         Novruz bayramında insanlar tonqal başına yığışar, od üstündən tullanaraq “Qodu xan”, “Kosa”, “Aban”, “Yada” və s. nəğmələri oxuyardılar. Qodu xan nəğməsində deyilir:
“Qodu-Qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə,
Qırmızı gün gördünmü?
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək.
Qodu Gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Qodu palçığa batdı,
Qamarladım çıxartdım,
Qızıl qaya dibindən
Qırmızı Gün çıxartdım”.
“Qodu xan, Qodu xan,
Söndürmə odu xan.
At üstə qod gətir,
Ulusa od gətir.
Qodu xan göy xanıdır,
Qodu xan dağ xanıdır,
Qodu xan ağ xandır,
Sözü bal Qodu xan,
 Özü al qodu xan

Bu nəğmədən belə çıxır ki, Qodu xan Qırmızı Günəşlə, göylərlə, dağlarla bağlı xandır və o eyni zamanda od da gətirə bilir. Qodunun od gətirməsi, onun Xızır peyğəmbərlə eyni obrazda olması deməkdir. Çünki, bu bayramda oxunan nəğmələrdə Xızırdan da od gətirməsi xahiş edilir:
Xızır, Xızır xız gətir,
Var dərədən od gətir.
Xızıra Xızır deyırlər,
 Xızıra çıraq qoyarlar.

         İnama görə, Allah insanların inamını artırmaq üçün Xızır peyğəmbərə ölümsüzlük vermişdir və o adada yaşayır, göydə uçur və çətin vaxtlarda insanların köməyinə gəlir. Xızırın var dərədən, yəni odun həmişə mövcud olduğu yerdən od gətirməsi isə buradakı od rəmzinin adi alov yox, bilavasitə göydə olan ilahi od mənasında olması deməkdir.
        Bütün müqəddəs yazılarda od dedikdə göydəki ilkin materiya məzərdə tutulur. Qədim Misirin “Ölülər kitabı”nda bu ilahi od Abtudan (Abidos), yəni mənbələrdə Beyt/Bit kimi qeyd olunan Evdən qalxır ki, Tövrata görə bu odu orada Musa peyğəmbər yaratmışdır. Madiamın Kadeş kahinlərinin banisi, yəni Midiya kaduslarının əcdadı Musa peyğəmbərin göydən ilahi od gətirərək ondan göydə “Vəhy çadırı” yaratması, Quranda (37:97, 2:125-128, 27:8) Kəbə evi kimi qeyd edilir ki, Allah buranı təhlükədən uzaq xoşbəxt ölkəyə çevirmişdir. Kəbə rəmzi qədim Misir yazılarında Qeb (Qeyb) kimi yazılır və Nut göyündə yaradılmış ruhlar dünyası mənasındadır. Belə çıxır ki, od gətirən Qodu xan və Xızır peyğəmbər bilavasitə qədim Misir Allahları ilə bağlıdır.
           Qodu xanın Qırmızı Gün rəmzində olması, onun qədim Misirin Ra günəşinin obrazı olması deməkdir. Bu odun Xız (Oğuz) adlanması da bilavasitə qədim Misirlə bağlıdır ki, mətnlərdə bu rəmz «KZ» - «həyat enerjisi» mənasında işlənmişdir və ilkin materiyanı bildirmişdir. Bu o deməkdir ki, Xızır rəmzi Xız-Ra (Oğuz Ər) mənasında ilkin materiyadan yaranmış Günəş deməkdir.
            Firdovsinin “Şahnamə” əsərində xüsusi nəzərə çatdırır ki, Cəmşid şah bir dənizi keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid, fəzada Günəştək qərar tutur və məhz bu günə xalq Novruz adı qoyur ki, bu gündən təzə il başlanır. Belə çıxır ki, Cəmşid şah göydəki Kəyan taxtında Günəştək qərar tutmuşdur. Qədim Misir yazılarında isə bu hadisə göydə Ra - Günəş diski ilə birləşən Amon Allahına aid edilir ki, O subasmanın üçüncü ayı, yeddinci günündə özünün göydəki sarayına (günəş Allahının göydəki evi) qalxır Ra günəş diski ilə birləşir.
         Mənbələrə görə Amon Allahı göydə Ra günəş diskini yaratmış, özünün fiziki ölümündən sonra, onun ruhu göyə qalxaraq bu disklə birləşmiş və Ra-Amon (Ra-Əman) Allahına çevrilmişdir. Məşhur araşdırıcı C. Frezer isə bu Allahı Silvi şahlarının banisi kimi qeyd edir ki, o da öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur.
          İslamda Ra-Amon/Ra-Əman Allahı Rəhman kimi qeyd olunur ki, Quranda Rəhmanın ərşə yüksəlməsi, öz taxtında qərar tutması və s. açıq yazılmışdır (Quran, 2:29, 13:2, 20:5). Sufilikdə Əman Allahın ilkin materiyadan yaradılmış Ra günəşi ilə birləşməsi hadisəsi “Vəhdət əl Vücud” adlanır və “xulul” rəmzi ilə əlaqələndirilir. Xulul rəmzi “ittihad” – “birləşmə”, “axma” mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad - insani və İlahi mahiyyətlərin birləşməsi (“ittihad əl-ləhut bi-n-nəsut”) deməkdir ki, bu zaman sufi birdəfəlik Allahla vəhdət təşkil edir, yəni ilkin materiya ilə əbədi birləşir. Deməli, “ittihad əl-ləhut bi-n-nəsut” rəmzi, yəni insani və İlahi mahiyyətlərin birləşməsi – insanın Allaha çevrilməsi deməkdir ki, bu səviyyəyə məhz Ra-Amon Allahı yüksəlmişdir.
         Xulul [XLL] rəmzi qədim Misir dilçiliyində və sufizmdə Allah [LLH] rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Allah dedikdə ilkin materiyanı özünə tabe edərək ondan Günəş rəmzli disk yaradaraq onunla burləşmiş ruh başa düşülməlidir ki, Qodunun gün çıxarması da Ra günəşinin yaradılması mənasındadır.
           Novruz bayramında günün çıxması ilə əlaqədar oxunan mahnıda deyilir:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx,
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür çıx.
Bu deyimi başa düşmək üçün nəzərə almaq lazımdır ki, qədim Misir, şumer və s. rəsmlərində göydə üç varlıq təsvir olunur ki, bunlar ay, günəş və səkkizbucaqlı işarəsidir. Əgər biz keçəl qızı ay, saçlı qızı günəş kimi qəbul etsək, kəhər atı minib çıxan günün səkkizbucaqlı işarəsi ilə təsvir olunan Allah olması qərarına gələrik. Səkkizbucaqlı işarəsi iki xaçın birləşməsi deməkdir k, bu da iki dünyanın həyat enerjisi mənasında sufilikdə və qədim dilçilikdə “Dədə” fikrini ifadə edir.
           Yazdıqlarımızdan belə çıxır ki, ölümsüzlük qazanmış Xızır peyğəmbər də göydə günəş rəmzində olan Ra-Amon Allahının obrazıdır. İlkin materiyadan yaradılmış və günəş mənasında olan Xızır (Oğuz-Ər) rəmzi ərəb mənbələrində Xıdır kimi qeyd olunur ki, bu rəmz də qədim Misir yazılarındakı Xator rəmzi ilə eynidir. Xator (Xuda/Qodu-Ər) rəmzi isə qədim Misirdə Qor Allahının evi mənasını verir. Qədim Misir dilçiliyində Ra günəş Allahı eyni zamanda Qor kimi də yazılır ki, bu da Qor-Xuda, yəni Qorqud deməkdir. Qorqud rəmzi qədim Misir yazılarında da “XRXT”, yəni Xorxut kimi yazılır ki, tərcüməcilər bilməməzlikdən onu “Xor Axtı” kimi oxumuşlar. Bu isə o deməkdir ki, Qodu xan elə qədim Misirin Qorqud Allahıdır.
       Bayramda keçirilən “Kosa” törənində deyilir:
Mənim Kosam canlıdır,
Qolları mərcanlıdır.
Kosama əl vurmayın,
Kosam iki canlıdır.
        Buradakı Kosa rəmzi, yuxarıda qeyd etdiyimiz “həyat enerjisi” mənasında olan «KZ» rəmzindən yaranmışdır. Bu rəmz “Həyat enerjisinin ruhu” fikrini ifadə edir ki, bu da Ra Allahını yaratmış Amon Allahının ruhuna işarədir. Deməli, Kosa elə Amon Allahının obrazıdır. Kosanın qollarının mərcanlı olması, onun əllərinin bəhrəsi olan Qor/Ra günəşinin dairəvi olması mənasındadır. Kosanın ikicanlı olması isə Amonun Qor/Ra günəşini yaratmasına işarədir. Belə ki, firon Amon bir il müddətində göydə ilkin materiyadan Qor/Ra günəşini qurban və rituallar hesabına yaratmış və bir ilin tamamında Qor Allahı artıq canlanmışdı. Bayramdakı “il təhvil oldu” ifadəsi də məhz buradan qalmışdır. Deməli, Novruz bayramının il təhvil olan günü Amon Allahı Qor/Ra günəşini öz “beynindən ayırmışdır”.
        “Kosa” törənində kosa birdən yıxılıb ölür və bir müddət sonra yenidən dirilir ki, bundan sonra bayram mərasimi yenidən canlanır. Kosanın yıxılıb ölməsi, onun axirətdə öz gücünü itirməsi, yenidən dirilməsi isə axirətdən sonrakı dövrdə yenidən dünyaya sahib olması mənasındadır. Bu isə o deməkdir ki, bu törən qədim Misirdəki “ölüb-dirilən” Oziri/Osiris, yəni Azər Allahının törənidir ki, bu da 23 Martda keçirilirdi. Kiçik Asiyada Kibelanın, Attisin bu böyük yaz bayramı, yəni ölüb-dirilən Oziri, Attis, Adonis,Tammuz, Kibela və s. Allahların bayramı Gilar bayramı adlanırdı.
        Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabinda verilmişdir.

                                                    Firudin Gilar Bəg
                                                    www.gilarbeg.com

Комментариев нет:

Отправить комментарий