İmam
Buhari bildirir ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer
üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu
zaman insanlar özlərinə dinin sirlərini bilməyən insanları başçı seçəcəklər.
Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və
nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər.
Bu
gün qədim həqiqətləri bilməyən, dinin kökündən xəbəri olmayan din xadimləri
5500 illik tarixi olan mərasimlərimizi və adət-ənənələrimizi dəyişdirmək
istəyirlər. Onlar bilmədikləri şeylər haqqında fətvalar verir və xalqı
adət-ənənələrindən döndərməyə cəhd edirlər. Dini rəvayətlərin, hədislərin və
dilimizdə bu günə qədər qalmış deyimlərin mənalarını anlamayan bu din xadimləri,
bunların nağıl olduğunu bildirir və xalqı öz dininə etinasız yanaşmağa sövq
edirlər. Nəticədə minlərlə müsəlman digər dinləri, bizə yad olan cərəyanları
qəbul edirlər.
Firudin
Gilar Bəg
Hər bir millətin qədimliyi və mədəni zənginliyinin
əsas göstəricilərindən biri də onun adət-ənənəsi və mərasimləridir. Bu
adət-ənənə və mərasimlərin kökünü axtarmaq, qədim həqiqətlərə aydınlıq gətirmək
isə hər bir tədqiqatçının istəyidir. Əsil tədqiqatçı, mənafeləri kənara qoyub,
yalnız və yalnız həqiqəti araşdırmalı və onu xalqa çatdırmalıdır. Məhz bu
məqsədlə biz də Aşura mərasiminin kökünü araşdırmaq qərarına gəlib, mənbələrə
məntiqlə yanaşmağa çalışdıq.
Aşura mərasimi haqqında söz demək üçün, qədim
mənbələrdəki bu tip mərasimlərə nəzər salıb, onların nə məna kəsb etdiyini başa
düşmək vacibdir. Adi insanın ölümü ilə əlaqədar keçirilən mərasimin belə böyük
miqyasda minilliklər boyu davam etməsi ağlasığmaz bir hadisədir. Deməli, Aşura
mərasimi bizə məlum olmayan hansısa İlahi varlıqla əlaqəlidir.
Misirşünas Erdmanın fikrincə Hüseynin mərasimi,
yəni Aşura – Tammuz/Ta-uz şəbihi ilə əlaqədar keçirilən mərasim ilə bağlıdır
(Б. А. Тураев, «История древнего востока», I cild, səh.147). Bu mərasim qədim
Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilirdi və mənbələrdə
Tammuz/Ta-uz, Osiris/Oziri, Adonis, Attis, Kibela və s. Allahların ölüb-dirilməsi
mərasimi adlanırdı. Həqiqətən də, müsəlmanlarda matəm günü olan Aşura axşamı,
yəni məhərrəm ayının 9-cu günü Tasua/Tasus adlanır ki, bu da Ta-uz adına, yəni
Tammuz mərasiminin adına çox uyğun gəlir. Bu matəm mərasimindəki ağlaşma isə
Təziyə adlanır ki, bu da Ta-uz simvolu ilə eynidir. Belə çıxır ki, Aşura
mərasimi adi insanın ölümü ilə yox, bilavasitə Allahla bağlı mərasimdir ki, biz
bu haqda demək olar ki, heç nə bilmirik.
Qədim folklorun tədqiqatçısı C. Frezerin yazdığına
görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə keçirilən Tammuz/Ta-uz,
Adonis, Attis və s. Allahların ölüb-dirilməsi mərasimləri eynidir və öz köklərini
qədim Misirdə keçirilən «Oziri Allahının ölüb-dirilməsi» mərasimindən
götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda İsanın ölüb-dirilməsi kimi
qalmışdır.
Finikiya ibadətgahı olan Biblosun Astartasında
Adonisin ölümü hər il xüsusi mərasimlə keçirilirdi. Bu zaman insanlar ah-zar
edir, öz sinələrinə döyür və inanırdılar ki, növbəti gün ilahi Adonis həyata
qayıdacaq və hamının gözü qarşısında ərşə yüksələcək (Дж. Фрезер, «Золотая
ветвь», M.1986, səh.316). Kibela və Attisin böyük yaz bayramının Roma, Friqiya
variantına görə 22 martda meşədən şam ağacı qırılaraq məbədgaha gətirilir. Onu
müqəddəs hesab edərək, parçaya bürüyüb üstünə gül tökürdülər. 23 martda əsasən
nəfəs alətləri çalınırdı. «Qanlı» üçüncü gün baş kahin öz venasını kəsir, aşağa
təbəqəli kahinlər isə baraban və digər alətlərin qarışıq səslərinin müşayəti
ilə başlarını əsdirərək dağınıq saçla, ağrı hissiyatını itirib quduzluq halına
gələnə qədər fırlanırdılar. Daha sonra onlar bıçaq və s. alətlərlə özlərini
yaralayıb, qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Eyni
mərasimi Avstraliya aborigenləri də keçirirdi. Belə ki, onların kahinləri
özlərini axtalayır və bədən üzvünü ilahə heykəlinin altına atırdı. Daha sonra
isə onu yerdə basdırırdılar ki, Attis Allahı qayıtsın. Qədim şərqin ən populyar
yeri olan İerapolisdə, Astartanın məbədgahında keçirilən bu tip mərasimlərə
varlılar Assuriya, Babil, Finikiya, Ərəbistan və s. ölkələrdən axışıb gəlirdi.
Baraban və qışqırıq səsilə axtalanan kahinlər özlərinə bıçaqla zərər yetirir və
ekstaz halına gəlirdilər (orada səh.328,329,332). Kiçik Asiyada Kibelanın,
Attisin bu böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və
s. Allahların bayramı Gilar bayramı adlanırdı (Е. Ярославский, «Как родятся,
живут и умерают Боги», М., 1941, səh.83,86).
Herodota görə, Oziri (Osiris) Allahının qəbri aşağa
Misirin Sais şəhərində yerləşirdi və buradakı gölün ətrafında xalq gecələr
Oziri Allahının əziyyətlərinin şəbihini çıxarırdı. İldə bir dəfə keçirilən bu
mərasimdə Allahın ölməsinə münasibətini bildirərək insanlar hönkürtü ilə
ağlayır və öz sinələrinə vurub, İsidanın Ozirisi diriltməsi üçün getdiyi yolu
təsvir edirdilər. Qeyd edək ki, «ölüb-dirilən Attis Allahı»nın mərasimi martın 24, 25-də keçirilirdi ki, bu
gün də eyni zamanda Xristosun ölüb-dirilməsi günü sayılırdı. Maraqlı faktdır
ki, xristian və bütpərəstlərin ölüb-dirilən Allahlarının mərasimi eyni ərazidə və eyni vaxtda
keçirilirdi. C. Frezer yazır ki, buna görə xristian və bütpərəstlər arasında
mübahisələr olurdu. Bütpərəstlər, xristianların «ölüb-dirilən Xristos»un
mərasimini saxta adlandırıb, öz mərasimlərinin daha qədim olduğunu iddia
edirdilər (orada səh.350,351, 339). Bütün bu mərasimlərin kökü isə bilavasitə
qədim Misirin «ölüb-dirilən Oziri» (Osiris) Allahı haqqındakı rəvayətlə
bağlıdır ki, onun da yaşı 5500 ildən artıqdır.
Qədim Misir rəvayətinə görə Allahın ilkini olan Oziri (Azər – F. G.
B.) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara
buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set
ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Ozirinin arvadı
İsida isə, oğlu Qorla yenidən Oziri Allahını dirildir və o əvvəlki kimi dünyaya
hakimlik etməyə başlayır. Rəvayətin açması müəllifi olduğum «Batini-Quran»
kitabında geniş verilmişdir (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Kibela, Attisin və s. Allahların bu böyük yaz bayramının 22 martda
keçirilməsi, bu bayramın Novruz bayrami ilə eyniliyi mənasındadır. Novruz
bayramında keçirilən törəndə Kosanın ölməsi və sonra birdən dirilməsi, bu
bayramın bilavasitə qədim Misir Allahının ölüb-dirilməsi bayramı olması
deməkdir. Ümumiyyətlə, “Kosa” [KS] rəmzi sufilikdə eyni mənalı “XZ”, “HS” və s.
rəmzlərlə eynidir ki, Novruz bayramındakı Xızır rəmzi də bu rəmzdən yaranmışdır.
Novruz bayramında “Xızır, Xızır Xız gətir, var dərədən od gətir” deyimi isə onu
göstərir ki, Kosa, Xızır obrazları ölümsüzlüklə və bu ölümsüzlüyü verən “xız”
enerjisi ilə, yəni yer kürəsini əhatə edən ilahi od - ilkin materiya ilə
bağlıdır. Ən qədim Misir yazılarında “XZ”, “KZ” və s. oxşar rəmzlər həyat
enerjisini, yəni ilkin materiyanı bildirirdi. Deməli, Kosanın obrazı, Prometey
(Musa peyğəmbər və s. obrazlar) tərəfindən yerə gətirilmiş bu ilahi odun, yəni
ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hesabına insan - kamil insana
(Homo sapiens) çevrilmişdir.
İslama görə Novruz bayramı Həzrəti Əli-nin doğum, taxta çıxdığı və
Fatimə ilə evləndiyi gün hesab edilir. Lakin bu bayram eyni zamanda Həzrəti
Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta
çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından
çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu və s. gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Bu isə o deməkdir ki, İslam dini özü VII əsrdə
yox, daha qədimdə yaradılmışdır.
İbn Fəhd Hillinin (841 h.q)
«Əl-muhəzzəbul-bare» kitabına görə İmam Sadiq buyurmuşdur: «Novruz günü Allahın
Rəsulunun Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli barədə beyət aldığı
və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə
möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay
halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin Əlinı cinlərin məntəqəsinə
göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əlinın
Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam
Zamanın zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin
zibilxanasında dara çəkəcəyi gündür...» (sayt: http://kovser.az/index.php?adid=MjAvMi50eHQ=). Əllamə Məclisinin (1111 h.q) «Biharul-ənvar» kitabına görə isə İmam
Sadiq demişdir: «Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik
qoşmamaları, Peyğəmbər və onların höccətlərinə tərəfdar olmaları və İmamlara
iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin
əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh gəmisinin
Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış
minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin İslam Peyğəmbərinə nazil
olduğu və Peyğəmbərin İmam Əlinı Məscidul-Həramda Qureyşin bütlərini sındırmaq
üçün çiyninə çıxartdığı və həmçinin İbrahimın bütləri qırdığı gündür. Bu gün
Peyğəmbərin səhabələrinə Əli ilə beyət etmələrinə göstəriş verdiyi və Əlinı
cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür” (yenə orada).
Yazdıqlarımızdan belə çıxır
ki, Novruz bayramı adi bayram yox, bir neçə mistik hadisənin bayramıdır. O eyni
zamanda axirətdə zühur edəcək imam Əlinin bayramıdır ki, bu da qədim Misir
Allahı olan Ozirinin, yəni Azərin yenidən dirilməsi mənasındadır. Bu o deməkdir
ki, Novruz bayramı qədim Misirin “ölüb-dirilən Oziri” bayramındakı Ozirinin
dirilməsi hissəsidir. Ozirinin ölümlə bağlı hissəsi isə bu günə “Aşura” adı ilə
gəlib çatmışdır. Nəzərə alsaq ki, Oziri Allahını Assuriya və s. ölkələrdə Aşşur
adlandırırlar, onda razılaşarıq ki, Asur/Aşur sözü də Oziri/Azər mənasındadır. Azər
rəmzinin pəhləvicə “od” mənasını verməsi və ədəbiyyatımızda –“Nuri-Azər”, yəni
Allahın nuru mənasında olması bu rəmzin bilavasitə ilkin materiya mənasında
olması deməkdir.
Aşura mərasiminin adı mənbələrdə «Şaxsey-Vaxsey» kimi də qeyd olunur ki, sufilikdə bu rəmzlər Şah-Say və Bəg-Say mənasında izah olunur. Say sözü şifahi xalq ədəbiyyatımızda qoruyucu ruh, elin ruhu və Allah mənasında işlənilir. Deməli «Şaxsey-Vaxsey» mərasimi, dünyaya şah kimi, bəg kimi gəlmiş Allahın ölümünün mərasimidir.
Aşura mərasiminin adı mənbələrdə «Şaxsey-Vaxsey» kimi də qeyd olunur ki, sufilikdə bu rəmzlər Şah-Say və Bəg-Say mənasında izah olunur. Say sözü şifahi xalq ədəbiyyatımızda qoruyucu ruh, elin ruhu və Allah mənasında işlənilir. Deməli «Şaxsey-Vaxsey» mərasimi, dünyaya şah kimi, bəg kimi gəlmiş Allahın ölümünün mərasimidir.
Kərbəla müsibətində «qətlə
yetirilən» İmam Hüseynin oğullarının Əsğər və Əkbər adları, sufilikdə «ilahi
od» (Quranda Sokar) və Böyük Allah mənasındadır. Kərbəla rəmzi isə sufilikdə
Qor-Baal (Balaat) mənasında «Qor vilayəti», yəni ruhlar dünyası fikrini ifadə
edir. Belə çıxır ki, Kərbəla müsibəti zamanı, Əsğər və Əkbərin öldürülməsi
dedikdə, Allah tərəfindən insanlara verilmiş «ilahi od»un və bu oddan
yaradılmış Kosmik insan Kəbirin (Əkbər) sonu başa düşülməlidir ki, bu da
göydəki dünyanın sonu deməkdir. Qeyd etmək istərdik ki, Tövratda, Allahın
dünyanı yeddi günə yaratması qeyd olunur ki, bu da bilavasitə qurbanla göydə
yaranan ruhlar dünyasına aiddir. “Kniqa Qora ili rasşifrovka Torı” kitabında
biz bu yaradılışın qısa məzmununu açmışıq və s. (sayt: http://hosting.bakinter.net/torah/index.html).
Aşurada ölənlərdən biri də Qasimin nişanlısı, imam Hüseynin qızı
Səkinədir (Vəfati – Səkinə) ki, sufilikdə bu rəmz (Sakin/Skiniya) «Allahın
mövcudluğu» mənasındadır. Digər tərəfdən Qasim adı «Qas» [QS] rəmzindən
yaranmışdır və bu rəmz yəhudi, xristian mənbələrində Aqios [QS] və Aqiazo [QZ]
kimi yazılaraq müqəddəs mənasını verir. İslamda Əqsa [QS] kimi qeyd olunan Qas [QS]
rəmzi, Kitabi Dədə Qorqudda Oğuz kimi, qədim Misir yazılarında isə «KZ», yəni
«həyat enerjisi» mənasında işlənmişdir və ilkin materiyanı bildirmişdir. Mənbələrdə
bu rəmzlərin yerinə əsasən «müqəddəs» mənasını verən yəhudilərin «kodeş», yəni
Qades/Qüds/Kadus (islamda əqdəs, kuddus) rəmzi işlənir. Qeyd edək ki, Hüseyn və
Həsən adlarınının «HS» rəmzləri, xristianların Qospod rəmzi də bu rəmzdən
yaranmışdır. Bu isə o deməkdir ki, Hüseynin mərasimi Prometeyin (Allahin
obrazı) göydən yerə gətirilmiş “HS”, ”XZ” ilahi odunun, yəni ilkin materiyanın
yoxa çıxmasının mərasimidir.
Məlumdur ki, imam Hüseyn 72 əshabəsi ilə şəhid olmuşdur ki, buradakı
72 rəmzi də qədim Misirlə bağlıdır. Belə ki, rəvayətə görə Oziri Allahını Set
öz 72 dostu ilə qətlə yetirir. Əgər Aşurada 72 rəmzi ölənlərə aiddirsə, qədim
rəvayətdə bu rəmz öldürənlərə aid edilir. Qədim mənbələrdə 72 rəmzi göydəki
ruhlar dünyasının rəmzidir və onun sonu da «dünyanın sonu» mənasındadır.
Deməli, imam Hüseynin 72 əshabəsinin ölümü dedikdə, axirətdə, Rəhmanın göydə
yaratdığı ruhlar dünyasının məhv olması başa düşülməlidir.
Yazdıqlarımızdın belə çıxır
ki, Aşurada müqəddəslərin ölməsi rəmzində, 5500 il bundan əvvəl Allah
tərəfindən yaradılmış ruhlar dünyasının məhv olması nəzərə çatdırılır. Həzrəti
Hüseynin mənbələrdə Sultani-Neynəva adlanması, yəni Nineva-Kufə (Nun-Qaf
rəmzləri) səhrasında məhv olması rəmzi, onun, qədim Misir mənbələrində Nun
adlanan ilkin sularda, yəni işıq okeanında məhv olması deməkdir.
Qədim Misir yazılarına görə, Misirin Ra-Amon (Amon-Ra) Allahı, ilkin
Nun sularında, milyonlarla qurban hesabına ruhlar dünyası yaratmış və özü də
onun daxilində Allaha çevrilmişdi. Quran bu hadisə belə təsvir olunur: «O elə
bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini göyə
yönəldib onları yeddi göy olaraq düzəltdi…
Allah göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və günəşi,
ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran 2:29, 13:2, 20:5). Rəhmanın
ərşə hakim olması qədim Misir yazılarında Amon Allahının Şərqə - göyə qalxması
(ərşə ucalması – F. G. B.) və Ra günəşi ilə birləşməsi kimi təsvir olunur:
«Otuzuncu ilin, subasmanın üçüncü ayı, yeddinci gün Allah özünün göydəki
sarayına (günəş Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı
Sexotepibre, O göyə ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu
yaradana qovuşdu. Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar
bağlandı, saray əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar
içindədir» (“Сказки и повести древнего Египта», Л.1979, səh.9). Bu yazılarda
Amon Allahının ölümündən sonra, onun ruhunun göyə qalxaraq, sağlığında göydə
yaratdığı Ra – günəş diski ilə birləşməsi və Ra-Amon/Ra-Əman, yəni Rəhman
Allahına çevrilməsi təsvir olunur. Dahi Firdovsi, Allahın bu göyü tutuması
hadisəsini «Şahnamə»sində Cəmşidlə bağlayır və qeyd edir ki, o hansısa dənizi
keçərək, göyə ilk ayaq açır. Göydə kəyan taxtı qurub, divin çiynində taxta
çıxan Cəmşid fəzada günəş tək qərar tutur (Firdovsi, «Şahnamə», B.1987, səh.33).
C. Frezerə görə isə, məhz Silvi şahlarının banisi öləndən sonra Allaha
çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», M.1986,
səh.147). Belə çıxır ki, göyə, yəni ərşə yüksələn Ra-Əman elə
islamda Rəhman kimi qeyd olunan tək Allahdır və o Azərbaycan ərazisindəki Alban
dağının üstündə qərar tutmuşdur.
Aşuranın atributlarından biri də «ələm götürmə»
mərasimidir ki, bu mərasimi başa düşmək üçün qədim həqiqətləri bilmək vacibdir.
Kainatın sirlərini ilk dəfə dərk edən Misir piri (firon) Amon, göydən yerə ilahi
od (dirilik suyu) gətirmək və ondan ruhlar dünyası yaratmaq üçün, dirilik
suyunun özündən, yəni ilkin materiyadan magik rituallar vasitəsilə bir cüt
gözəgörünməz əl düzəltmiş və onu öz əllərinin kölgəsi adlandırmışdır. Məhz bu
Əl-in köməyi ilə o göydəki ruhlar dünyasını və digər şeyləri yaratmışdır. Qədim
yazılarda «Aşiratın barmaqları» (Aşşur/Assur/Usir/Azər) kimi qeyd olunan bu bir
cüt əl, qədim Misir yazılarında «Ka», yəni «Ağa» adlandırılır və rəsmlərdə Allahın
başının üstündə göstərilir. Qədim Misir kitabələrində, insan və s. varlıqların
üzərinə günəşdən uzanan əlin («ələm») və bir-biri ilə qol vasitəsilə birləşən
bir cüt əlin və s. rəsmləri geniş yayılmışdır. Deməli, Aşura günü keçirilən
«Ələm götürmə» ənənəsi də qədim Misirdə Allahın müqəddəs sayılan bir cüt əli
ilə bağlıdır. Allahın bir cüt əllərinin olması, lakin onun formasının qeyri
müəyyənliyi Quranda (38:75), İbn Ərəbinin, Əşarinin və s. kitablarında qeyd
edilmişdir. Ələmin cuşa gəldiyini görən hər bir adam təsdiq edə bilər ki, bu
adi hadisə yox, bilavasitə Allahla bağlı hadisədir.
Aşuranın sonunda, «əsirlərin qayıtması» mənasını
verən «Riəti-Üsəra» rəmzi axirətdən sonra Üsarə kimi qeyd olunan Osirisin
(Oziri/Azər) dirilməsi deməkdir ki, bu zaman birinci ruhlar dünyasının yerinə
ikinci ruhlar dünyası yaranmalıdır. Quranda (14:48) bu hadisə «torpaqların
dəyişdirilməsi» kimi qeyd olunur. Əsirlər gecəsinin Şami-Qəriban adlanması isə
«Səma-Qor» mənasında səmada yeni Qor dünyasının (Qərəə - Quran) yaranması
deməkdir.
Bütün bunlar
o deməkdir ki, biz dinimiz haqqında çox həqiqətləri bilmirik. Son dövrün
araşdırmaları da sübut etmişdir ki, bu günə qədər əsil ərəb ölkəsinin, əsil
Misirin də harada yerləşdiyi çox müəmmalıdır. Müqəddəs kitablarda Ərəbistan rəmzi
– «Şərq ölkəsi» (Библия, Bıt. 25:6), əhalisi isə «şərqin əhalisi» (Библия, Sud.
6:3, 7:12) kimi qeyd olunur. Qədim Misir mətnlərində
Şərq «Allahın ölkəsi» sayılır, çünki, «Günəş şərqdə öz gənc şanı ilə qalxırdı».
Qurana görə Allah, günəşin qalxdığı bu yerdə yaşayan xüsusi seçilmişlər nəsli
ilə öz arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər
(Quran, 18:90, 18:84). Lakin, tarixçi İ. Dyakonovun yazdığına görə, hələ e. ə.
VIII əsrə aid Assur yazılarında Midiya ərazisində, yəni Azərbaycanın cənub
bölgəsində «şərqin ərəbləri» ölkəsi mövcud olmuşdur (И. Дьяконов, «История
Мидии», M.1956, səh.219, 220).
Yunan
mifologiyasında “Ereb” rəmzi xaos mənasında göydə yaradılmış el fikrini ifadə
edir. “Şərq” rəmzi də, dahi azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdinin «Şərq» fəlsəfəsində göyləri və göydəki dünyanı
bildirir. Görkəmli etnoqraf Q.
Qeybullayev isə «şərq» rəmzinin bilavasitə Albaniya ilə bağlı olduğunu yazır. Əgər
C. Frezerin, Silvi şahlarının banisinin öləndən sonra Allaha çevrilməsini və
Alban dağlarındakı şəhərin üstündə qərar tutmusı faktını nəzərə alsaq,
razılaşarıq ki, qədim mənbələrdəki Ərəbistan rəmzi məhz Azərbaycanın Alban
dağlarında yaradılmış ruhlar dünyası mənasındadır.
Təbəri qeyd edir ki, ərəb geneoloqlarına görə
indiki ərəblər əsl ərəblər deyil. Əsil ərəblər cədis, ad, samud və s.
tayfalarıdır ki, İslama qədər köçüb getmişlər (Təbəri I, s. 215). Cədis
tayfasının Kadus olduğunu nəzərə alsaq, başa düşərik ki, əsl ərəblər hələ e. ə.
VIII əsrdə Azərbaycan ərazisindəki Midiyada yaşamış və bu gün pir, bəg, seyid,
şıx və s. adlandırılan Azəri tayfalardır. Tarixçi B. A. Turayev də xüsusi qeyd
edir ki, marlar ölkəsi olan Kadeş, yəni Kadus – Aziru (Azəri) şahlığıdır. Qədim
Misir yazılarına görə də İran dağlarında yerləşən məhz bu Oziri/Azəri eli
(Osiris) Allahların vətəni sayılmışdır.
Əhdi-Ətiqdəki Yezekiil peyğəmbərin kitabına görə
Misir ölkəsi Assur ölkəsi ilə eynidir və dünya ağacı timsalında Allahın ilkin
materiyadaki, yəni göydəki eli mənasındadır (Библия, Езек.31:3,4,7). Məşhur
tədqiqatçı D. Rola görə Misir rəmzi M-Əsər, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri)
mənasındadır ki, bu da Misir, Aşşur/Assur/Assuriya (Azəriyyə) rəmzlərinin
bilavasitə Usir/Osiris/Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim
mənbələrdəki Ərəbistan, Misir, Assur və s. rəmzləri göydə yaradılmış ruhlar
dünyasına aiddir.
Şərq, qədim Misir
yazılarına görə böyük Allahların, əsasən də Geliopolun (Gel şəhərinin) baş
Allahı Ra – Xaraktinin, yəni Ər Qorqudun (Xorxut) sevdiyi yer olmuşdur. Lakin Gel eli eyni zamanda Məhəmməd peyğəmbərin və
imam Əlinin də evidir. Buxarinin hədisinə görə Məhəmməd peyğəmbərin
Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Akilə [KL], yəni Gelə [GL] çatmış
evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim
Geliopol şəhəri ilə bağlıdır. “Məhəmməd” rəmzi sufilikdə “Midiya maqı” fikrini
ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid
edilməlidir. Deməli, həqiqətən də Ərəb ölkəsi deyəndə, indi özlərini pir, şıx,
seyid və s. adlandıran Azəri türklərinin ölkəsi başa düşülməlidir. Ərəb rəmzinin mənbələrdə
“arap” [RP] kimi yazılışı isə onu göstərir ki, bu rəmz məhz “pir” [PR] , yəni
Misir fironlarının nəslinə aid edilməlidir. Çünki qədim Misirdə müqəddəslər
nəsli pir (pirao) adlandırılırdı ki, bu rəmz indi də Azəri müqəddəslərinə aid
edilir.
Strabona görə
qədim dövrdən Gel şəhərində, yəni Geliopolda fəlsəfə və astronomiya ilə məşğul
olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М.,
1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib
edilmişdir. Əflatuna görə də dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdira
bilər. Əgər nəzərə alsaq ki, Qurana görə də
Allah, məhz bu filosoflar nəsli ilə öz arasında pərdə yaratmamışdır,
razılaşarıq ki, İslam müqəddəsləri də məhz bu nəslin nümayəndələridir.
Tarixçisi M. Xorenatsiyə görə Yerusəlim şəhəri tikilib
qurtardıqdan sonra Gel adlanmağa başlayır. Yerusəlim rəmzinin mənbələrdə Səlim
kimi yazılışı, bu rəmzin isə eyni zamanda Mədinət əs-Salam rəmzi ilə eyniliyi
onu göstərir ki, sasanilərin əl-Mədain adlandırdıqları Midiya şəhəri elə
Məhəmməd peyğəmbərin Mədinə şəhəridir. Mənbələrə görə, Midiyanın Gel şəhərinə
gələn Gelam (Kəlim-Ullah) bura Gelarküni adını verir və məhz burada doğulmuş
sak (İsağ) nəslindən olan kiməsə Alban torpaqları əbədi verilmişdir.
Gelarküni adındakı “Kün” rəmzi Qurandakı “Ol!” əmri
ilə bağlıdır. Məlumdur ki, Allahın “Kün!” əmrindən (Əmir/Mir rəmzləri) Adəm və
İsa peyğəmbər yaranmışlar. Gelarküni rəmzinin mənbələrdə eyni zamanda Qarni
[QRN] adlandırılması o deməkdir kı, Quran/Qərəə [QRN] rəmzi də, yəni Qor Allahı
da bilavasitə Gel eli ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Kiçik Asiyada Kibelanın,
Attisin böyük yaz bayramı, yəni ölüb-dirilən Attis, Adonis,Tammuz, Kibela və s.
Allahların bayramı Gilar bayramı adlanırdı, onda razılaşarıq ki, Hüseynin
mərasimi bilavasitə burada yaşayan Əli nəslinin mərasimidir. Bu ölüm isə, sözlə
ilkin materiyanı idarə etmək qüdrətində olan bu bəglərin sözünün qüdrətinin
itməsi mənasındadır. Başqa sözlə, bu - pir, seyid və s. adlandırdığımız Azəri
müqəddəslərinin cəddlərinin (İlahi nur) gücünün yoxa çıxması mənasındadır.
Azərbaycanın cənub bölgəsinin seyidləri indi də açıq iddia edirlər ki, biz adi
insanlar deyilik, çünki biz Allahın nurundan yaranmışıq. Deməli, Aşura - adi
insanın ölümü ilə yox, Allah tərəfindən Azəri müqəddəslərinə verilmiş ilahi
nurun yox olması ilə bağlı keçirilən mərasimdır.
Sufiliyin ən ali məqamı olan Bəqa (Allahla vəhdət
səviyyəsi - Bəg/Boq/Baqa) səviyyəsinə yüksəlmiş Gel bəglərinin şəhəri qədim
Misir mənbələrində Biqqe adlanır ki, ərəb mənbələrində bu şəhər Bəkkə adlanır.
Qurana və qədim Misir yazılarına görə Biqqe/Bəkkə evi dünyada ilk inşa olunmuş
evdir (Quran, 3:97,98). Bəkkə rəmzi məbələrdə eyni zamanda Məkkə və ya Mükərrəm
adlanır ki, bu rəmz də sufilikdə Maq-İrəm kimi açıqlanır. İrəm rəmzi Quranda,
tayı-bərabəri olmayan “sütunlar şəhəri” kimi qeyd olunur (Quran, 89:7). Qədim
mənbələrdə “sütun” rəmzi Herakla aid edilir ki, o məhz Gel elində ilan rəmzli
ilkin materiya ilə “izdivac”da olmuşdur və bundan əjdahalar nəsli yaranmışdır.
Sanadan olan məcnun şair Əbdül Həzrətin
“Nekronomikonun sirri” (“Əl-Əzif”) kitabına görə sütunlar şəhəri olan İrəm Zat
əl-İmad (Midiya) şəhəri Böyük boşluqda, yəni göydə tikilmişdir. Rəvayətə görə, İrəm Zat ə-İmad şəhərini cinlər Ad oğlu
Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən tikmişlər. Lakin mənbələrə görə
dünyada cinlərin tikdiyi yeganə şəhər Süleyman peyğəmbərin tikdiyi Yerusəlim
(Qüds) şəhəridir ki, onun də digər adı qeyd etdiyimiz kimi Gel şəhəridir. Qüds
rəmzinin Kadus rəmzindən yaranmasını, kadus rəmzinin isə mənbələrdə yalnız Gel
nəslinə aid edilməsini nəzərə alsaq razılaşarıq ki, Allahın göydə yaratdığı
ruhlar dünyası məhz Gel dağlarının üstündə yaradılmışdır.
Bütün bunlardan belə bir nəticə
çıxarmaq olar ki, Aşura mərasimi dedikdə, qədim Misirin Oziri (Azər) Allahının
ölüb-dirilməsi mərasimi başa düşülməlidir. Bilavasitə axirətə aid olan bu
mərasimlərin yaşı isə 5500 ildir və bilavasitə Azər Allahının eli olan
Azərbaycanla bağlıdır.
Bu gün Aşura
mərasimində keçirilən sinəvurma, zəncirdöymə və s. hərəkətləri arzuolunmaz
hərəkət hesab edilir ki, bu da əcdadlarımızın ruhuna və Allaha hörmətsizlik
deməkdir. Müasir din xadimləri bilmirlər ki, Allah real varlıqdır və hər şeyi
görür. Lakin O, Lövhi-Məhvuzda əvvəcədən qeyd etdiyi zamanın yetişmədiyi üçün
müdaxilə etmir. Vaxt yetişəndə, Allahın qanunlarına müdaxilə edən hər kəsi O,
üç-dörd arxadönəninə qədər cəzalandıracaq (Библия, Исх.20:5).
Heç kəsin buna şübhəsi olmamalıdır.
Bütün bunlar haqqında daha geniş məlumat,
minlərlə təkzibolunmaz faktlarla yazılmış «Batini-Quran» kitabında verilmişdir.
Firudin Gilar Bəg
firudin@gilarbeg.com
Комментариев нет:
Отправить комментарий