Müqəddəs elimizin ən
sevimli bayramı olan Novruz bayramı bu gün yaz bayramı kimi qəbul olunsa da, bu
bayram haqda həqiqətlər hələ də açılmamışdır. Son dövr araşdırıcılarının
gəldiyi nəticəyə görə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, taxta
çıxdığı və Fatimə ilə evləndiyi gündür. O digər tərəfdən Həzrəti Məhəmmədin
peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti
Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh
peyğəmbərin gəmisinin qayaya oturduğu gündür (sayt: http://www.sarigelin1.com/Az/QonaqShairler/HSherghi/HSherghi_1.html). Belə çıxır
ki, Novruz bayramı İslam dini ilə də bağlıdır.
Dahi
Firdovsinin “Şahnamə” əsərində xüsusi nəzərə çatdırır ki, Cəmşid şah bir dənizi
keçib Göyə ilk ayaq açır. Göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxan
Cəmşid, fəzada Günəştək qərar tutur və məhz bu günə xalq Novruz adı qoyur ki,
bu gündən təzə il başlanır (Firdovsi, “Şahnamə”, 1987, səh.33). Belə çıxır ki,
Novruz bayramı Cəmşid şahın göydəki Kəyan taxtında Günəştək qərar tutmasının
bayramıdır. Əgər biz bu rəmzin mənbəyini axtarsaq, oxşar hadisəyə 5500 illik
tarixi olan qədim Misir yazılarında rast gələ bilərik. Qədim Misir yazılarında
bu hadisə göydə Ra - Günəş diski ilə birləşən Allaha aid edilir: «Otuzuncu
ilin, subasmanın üçüncü ayı, yeddinci gün, Allah özünün göydəki sarayına (günəş
Allahının göydəki evi) qalxdı, aşağı və yuxarı Misirin şahı Sexotepibre, O göyə
ucaldı və günəş diski ilə birləşdi, «İlahi bədən», onu yaradana qovuşdu.
Paytaxt sükutdadır, ürəklər qəmgindir, Böyük darvazalar bağlandı, saray
əyanları, başlarını dizlərinə əyib əyləşmişlər, xalq ah-zar içindədir» (“Сказки
и повести древнего Египта», Л.1979, səh.9). Qədim Misir dilçiliyində
“Sexotepibre” kimi qeyd olunan rəmz “Pta Allahının ruhu” mənasında qədim
Misirdə yerin-göyün sahibi adlanan Ra-Amon Allahına aid edilən rəmzdir.
Mənbələrə görə Amon Allahı göydə Ra günəş diskini yaratmış, bədəni fiziki öləndən
sonra onun ruhu göyə qalxaraq bu disklə birləşmiş və Ra-Amon (Ra-Əman) Allahına
çevrilmişdir. Məşhur araşdırıcı C. Frezer isə bu Allahı Silvi şahlarının banisi
kimi qeyd edir ki, o da öləndən sonra Allaha çevrilərək Alban dağlarının
üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986,
səh.147).
İslamda Ra-Amon, yəni
Ra-Əman rəmzi Rəhman kimi qalmışdır. Bilavasitə rəmzləri “oxuya bilən” tayfa
üçün yazılmış Quran kitabında Ra-Amonun, yəni Rəhmanın göyə ucalması hadisəsi
belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün
yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi… Allah Göyləri dirəksiz ucaltdı, sonra öz
taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu
(Quran, 2:29, 13:2, 20:5). Belə çıxır ki, müsəlmanların Rəhman adlandırdıqları
tək Allah, elə qədim Misirdə yerin-göyün ağası adlandırılan və göydə ruhlar
dünyası yaratmış Ra-Amon Allahıdır. Novruz bayramı da pir (firon) Amonun (Əman)
Rəhman Allahına çevrilməsi və göydə ruhlar dünyasını yaratması bayramıdır.
İbn Fəhd Hillinin (841 h.q)
«Əl-muhəzzəbul-bare» kitabına görə İmam Sadiq (ə) buyurmuşdur: «Novruz günü
Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə)
barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi
gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb
onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli
(ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi
gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə
yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə
Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür...»
(sayt: http://kovser.az/index.php?adid=MjAvMi50eHQ=). Əllamə Məclisinin (1111 h.q) «Biharul-ənvar» kitabına görə isə İmam
Sadiq (ə) demişdir: «Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik
qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və
İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı,
küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh
(ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən
çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə
(s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin
bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri
qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət
etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün
göndərdiyi gündür” (yenə orada). Bu isə
o deməkdir ki, Novruz bayramı eyni zamanda İslamla bağlıdır.
Sufi
dahilərindən olan İbn Ərəbiyə görə İslam dininin yaşı üç min ildən çoxdur və
İbrahim, Yaqub və s. peyğəmbərlər də müsəlman olmuşlar: «Böyük Allah demişdir:
Bu Dini İbrahim oğullarına və Yaquba da vəsiyyət etdi: Ey oğullarım, Allah sizin
üçün Din seçdi: müsəlman olaraq ölün» - yəni Ona tabe olaraq». Burada ölümün
xüsusi nəzərə çatdırılması, dinin bilavasitə öləndən sonrakı həyat üçün
vacibliyi mənasındadır. Ərəbi xüsusi nəzərə çatdırır ki, burada Din – «əlif» və
«lam» səsləri ilə qeyd olunmuşdur ki, bu da - Əl, yəni El – «Göydəki el»,
«ruhlar dünyası» deməkdir. Böyük Allahın dediyi - «Allahda olan bu Din –
İslamdır» (Quran 3:19) ifadəsi isə «Allahda olan bu dünya – İssi Aləmdir», yəni
«Göydəki aləm - (Amon) Allahın ruhundadır» fikrini ifadə edir. Çünki İslam
rəmzi – “İssi-Aləm”, yəni göydəki aləmin ruhu mənasındadır. Tövratda, İbrahimlə
bağlı yazılarda İslam [S-LM] rəmzi yox, İsmail [S-ML] rəmzi işlənir ki, bu da
məna etibarilə eyni, yəni “Aləm İssi” mənasını verir. Əgər nəzərə alsaq ki, “müsəlman” [MS-L-MN]
rəmzi də sufilikdə “Amonun [MN] səma [SM] eli [L]” fikrini ifadə edir,
razılaşarıq ki, “müsəlman olaraq ölün” ifadəsi – “Amon Allahının səmadakı, yəni
göydəki elini qəbul edərək ölün” kimi başa düşülməlidir.
Quranda
«əl-İslam» rəmzi məna etibarilə «əl-İman» (əl-Əman) və «əd-Din» rəmzlərinə
yaxındır. “Din” [DN] rəmzi Ədn [DN] cənnətinin adı ilə eyni formada yazılır ki,
bu da “Din”in Göydə yaradılmış el, yəni Ədn (Eden) cənnəti olması deməkdir:
«Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və
Ədn cənnətində gözəl yaşayış
yeri vəd
etmişdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir
ki, onlar orada əbədi qalacaqdır…» (Quran, 9:72, 98:8). Belə çıxır ki, müsəlman
olaraq ölmək, Allahın yaratdığı Ədn cənnətində, yəni İslam «Din»ində əbədi
həyat qazanmaq mənasındadır.
Ədn bağları
qədim Misir mənbələrində ruhlar dünyası mənasında “Böyük yaşıllıq” adlandırılır ki, yaşıl rəng
qədim Misirdə dirilmə rəmzi sayılır. Qədim Misir mənbələrində yaşıl rəng göydə
yaradılmış Qeb torpağına aid edilir və bu rəmz islamda Qiblə (“Kitabi Dədə
Qorqud”da Qaba Aləm), yəni Qeb elı kimi qalmışdır. Buxari hədislərində yaşıl
rəngi ölümsüzlük qazanmış Xıdırla əlaqələndirir ki, türklərdə Xıdır obrazı
Xızır peygəmbər kimi göstərilir.
Qiblə rəmzi qədim mənbələrdə Kibela kimi qeyd
olunurdu ki, Kibelanın böyük yaz bayramı martın 22-də keçirilirdi. C. Frezerin
yazdığına görə qədim Finikiya, Misir, Yunanıstan, Suriya və s. ölkələrdə
keçirilən bu bayram - Tammuz/Ta-uz, Adonis, Attis və s. Allahların ölüb-dirilməsi
bayramı ilə eynidir və öz köklərini qədim Misirdə keçirilən «Oziri Allahının
ölüb-dirilməsi» mərasimindən götürmüşdür ki, bu mərasim sonralar xristianlıqda
İsanın ölüb-dirilməsi kimi qalmışdır. Daha sonralar, Oziri Allahının ölməsi ayrılıqda
Aşura kimi, dirilməsi isə Novruz bayramı kimi qeyd olunur. Aşura (Assur/Azər)
rəmzi sufilikdə və qədim Misir dilçiliyində, Novruz/Nouruz rəmzi kimi
Azəran/Azər mənasındadır.
Novruz bayramında keçirilən törəndə
Kosanın ölməsi və sonra birdən dirilməsi, bu bayramın həqiqətən qədim Misir
Allahının ölüb-dirilməsi bayramı ilə eyni olması deməkdir. Ümumiyyətlə, “Kosa”
[KS] rəmzi sufilikdə eyni mənalı “XZ” rəmzi ilə eynidir ki, Novruz bayramındakı
Xızır rəmzi də bu rəmzdən yaranmışdır. Novruz bayramında “Xızır, Xızır Xız
gətir, var dərədən od gətir” deyimi isə onu göstərir ki, Kosa, Xızır obrazları
ölümsüzlüklə və bu ölümsüzlüyü verən “Xız” enerjisi ilə, yəni yer kürəsini
əhatə edən ilahi od - ilkin materiya ilə bağlıdır. Ən qədim Misir yazılarında
“XZ”, “KZ” və s. oxşar rəmzlər həyat enerjisini, yəni ilkin materiyanı
bildirirdi. Deməli, Kosanın obrazı, Prometey (Musa peyğəmbər və s. obrazlar)
tərəfindən yerə gətirilmiş bu ilahi odun, yəni ilkin materiyanın obrazıdır ki,
məhz bu enerjinin hesabına insan - kamil insana (Homo sapiens) çevrilmişdir.
Əgər nəzərə alsaq ki, pəhləvicə “İlahi Od” mənasını verən müqəddəs elimizin
Azər adı qədim Misirin Oziri (Osiris) rəmzi ilə eynidir, razılaşarıq ki, “Odlar
yurdu Azərbaycan” deyəndə adi od yox, ilahi od olan ilkin materiya başa
düşülməlidir.
Əflatun (Platon) bildirir ki, İlkin materiya öz xüsusiyyətinə görə
asanlıqla su, hava, torpaq və oda çevrilir. Bu isə o deməkdir ki, göydəki
ruhlar dünyası da məhz bu dörd ünsürün “köməyi” ilə yaradılmışdır. Belə çıxır
ki, Tövratdakı Allahın Dünyanı 7 günə yaratması hadisəsi məhz göydəki ruhlar
dünyasına aiddir və Novruzun 4 çərşənbəsi də bilavasitə bu yaranışa işarədir.
Bildirmək
istərdim ki, qədim mənbələrdə Misir iki yerə - aşağı və yuxarı Misirə bölünürdü
ki, yuxarı Misir dedikdə göy səhralarında yaradılmış ruhlar dünyası və yerdəki Allahlar
ölkəsi olan Ta-meri/Tamar eli nəzərdə tutulurdu. Əhdi-Ətiqdə, Yezekiil peyğəmbərin
kitabında Misir və Assur rəmzləri dünya ağacı timsalında Allahın ilkin
materiyadaki, yəni göydəki eli mənasında göstərilir (Əhdi-Ətiq,
Yezek.31:3,4,7). Ta-meri/Tamar rəmzi qədim mənbələrdə marlar ölkəsi mənasında
bilavasitə Midiyaya aid edilir ki, bu ölkə də məhz Azərbaycanda yerləşmişdir.
Məşhur tədqiqatçı D. Rola görə Misir rəmzi M-Əsər, yəni “Əsərdən doğulmuş” (Osiris/Oziri)
mənasındadır ki, bu da Misir, Aşşur/Assur/Assuriya (Azəriyyə) rəmzlərinin
bilavasitə Azər elinə aid edilməsi deməkdir. Belə çıxır ki, qədim mənbələrdəki
Misir, Assur və s. rəmzləri göydə yaradılmış ruhlar dünyasına aiddir. Tarixçi
B. A. Turayev də xüsusi qeyd edir ki, amoreylər, yəni marlar ölkəsi olan Kadeş (Kadus
– F. G. B.) – Aziru (Azəri – F. G. B.) şahlığıdır. Əgər nəzərə alsaq ki, ötən
əsrin 50-ci illərinə qədər Azərbaycanda Azər adından bir neçə dəfə çox Misir,
Misirxan, Tumar, Tomarxan adı yayılmışdı, razılaşarıq ki, qədim mənbələrdə
Misir ölkəsi, Allahlar yurdu dedikdə məhz Azəri eli başa düşülməlidir.
Digər
tərəfdən, İbn Fəhd Hillinin, Məclisinin gətirdiyi sitatlara görə Novruz bayramı
eyni zamanda Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin
məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür.
Cinlər -
Şumer, Mesopotamiya abidələrinə görə Nerqalın idarə etdiyi cəhənnəmin qapısını
gözləyirlər. Qədim Misirin “Ölüm şahlığında olanlar” kitabına görə isə onlar
gizli Sokaris (Quranda Sokar: 54:48, 74:26-28,43)
mağarasını qoruyurlar. Misirdə, Naq Hammadidə tapılmış “Həqiqətin şahidliyi” mətnlərinə
görə, onlar Süleyman peyğəmbərin əmri ilə Yerusəlim şəhərini tikmişlər və orada
da bağlanıb qalmışlar. Tarixçi M. Xorenatsi isə cinləri - marlar ölkəsi ilə, yəni
Midiya ərazisində mövcud olmuş Süniklə bağlayır. Quranda cinlər - Allahın
xüsusi olaraq ona qulluq etmək üçün təmiz oddan, yəni ilkin materiyadan
yaratdığı keşikçilərdir (Quran: 51:56, 55:15, 15:27, 72:5,7). Başqa mənbələrə görə cinləri Makidoniyalı İskəndər
Kaspı dənizinin sahillərindəki dərəyə qovub, onları böyük qaya ilə bağlamış, Herakliya
ilə Kaspi qapılarını açaraq onları buraxmışdır. Belə çıxır ki, cinlər məntəqəsi
qədim mənbələrdə “Ölüm şahlığı” adlandırılan ruhlar dünyasının rəmzidir və bu
dünyaya beyət üçün göndərilən İmam Əli isə qədim mənbələrdəki qəhrəman Heraklın
obrazıdır və s.
Bütün bu
yazılanlardan belə nəticə çıxarmaq olar ki, Novruz bayramı - insanın
yaranışının, onun fiziki ölümündən sonra da ruhunun əbədi yaşaması üçün Allah tərəfindən
yaradılmış ruhlar dünyasının yaranışı bayramıdır. Bunlar haqda daha dəqiq məlumat
isə, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir.
Firudin Gilar Bəg
firudin@gilarbeg.com
Комментариев нет:
Отправить комментарий