Qədim dövrün sirli ölkələrindən biri də, ilk dəfə ən yüksək səviyyədə inkişaf etmiş Atlantida hesab edilir ki, bu haqda Əflatun, Herodot, Aristotel, Siciliyalı Diodor və s. müəlliflər yazmışlar. Bu yazılara görə Atlantida adasının yerinin dəqiq təyin edilməsi və onlar haqqında daha geniş məlumat almaq müasir məntiqlə qeyri mümkümdür. Lakin əgər biz qədim yazılara, onları tərtib edən müdriklərin öz məntiqləri ilə yanaşsaq, məlum olar ki, qədimdə baş verən hadisələr mənbələrdə çox geniş surətdə təsvir olunmuşdur və rəmzləri oxuya bilən insan üçün qədimlə bağlı sirr deyilən bir şey yoxdur.
Dövri mətbuatdakı
məqalələrimizdə biz dəfələrlə qeyd etmişik ki, bütün qədim yazılar rəmzlərlə
yazılmışdır və onları dərk etmək üçün rəmzlər dili olan sufiliyi bilmək
lazımdır. Dünyanın ilk dili (vahid dil) olan bu dil mənbələrdə Süleyman peyğəmbərin
“quş dili” (“mələklər dili”) adlanır ki, yalnız samitlərin xüsusi məna ifadə
etdiyi bu dildə, sözün sağa və sola oxunuşu eyni məna verir.
Digər tərəfdən,
Əflatun “Politik” (269c) əsərində nəzərə çatdırır ki, bütün qədim yazılar da yalnız
bir hadisəyə həsr olunmuşdur: “Bütün bunlar və bundan başqa minlərlə daha
qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində
bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar
haqda ayrıca danışırlar”. Deməli, Atlantidanın sirləri bilavasitə hansısa vahid
bir hadisə ilə bağlıdır ki, biz bu haqda demək olar ki heç nə bilmirik.
Əflatun,
özünün “Kritiy” əsərində yazır ki, Allahlar
dünyanı öz aralarında püşk ilə böldükdə, dəniz Allahı olan Poseydona Atlantida
adası düşür. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini
yerləşdirir. Əflatun, atlantların yaşadığı bu adanın Herakl sütunlarından o tərəfdə
yerləşməsini xüsusi qeyd edir. Herodot (1V/184), atlantların yaşadığı dağı
Atlas adlandırır və bildirir ki, bu dağ göyün sütunudur. Homerin “Odisseya” əsərinin
birinci mahnısının dəqiq tərcüməsinə görə isə, Atlas yerlə göyü birləşdirən
sütunu saxlayır.
Göyün sütunu
dedikdə sufilikdə, qədim Misirin Ra-Amon Allahının sistemləşdirdiyi Nut göyü və
orada yaratdığı Qeb torpağını, yəni Kitabi-Dədə Qorqudda “Qaba aləm”
adlandırılan ruhlar dünyasını saxlayan sütun başa düşülür. Qədim Misir
yazılarına görə Nut göyündə yaradılmış Qeb (islamda Qeyb) torpağını dörd sütun
saxlayır ki, bu torpaqda Allahlar, ölmüş möminlərin ruhları həyatlarını davam
etdirirlər və hər bir halal insan ora düşmək üçün çalışır. İslamda Qeb rəmzi eyni
zamanda Kəbə kimi, dörd sütun (Əsvad, İraq, Şam, Yəmən) isə “ərrükn” (ərkan) kimi
məlumdur.
Quranda
(89:7) “sütun” rəmzi “sütunlar şəhəri” kimi qeyd edilir və mistik İrəm zat əl-İmad
şəhərinə aid edilir. Sanadan (Yəmən) olan
“məcnun şair” – Əbdül Həzrətin “Əl Əzif” (”Nekronomikonun sirri”)
kitabına görə İrəm zat əl-İmad şəhəri fiziki yerdə yox, digər ölçü məkanında,
ilk yaradılmış varlıqlar tərəfindən tikilmişdir. Bu yer Böyük boşluğun gizli
qapısı sayılır və məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girirlər.
Rəvayətlərdə isə bildirilir ki, İrəm zat əl-İmad şəhərini, Ad oğlu Şəddadın əmri
ilə yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər tikmişlər.
“Sütunlar şəhəri”
dedikdə qədim Misirdə, fironların “Günəş şəhəri” olan Geliopol nəzərdə tutulurdu
və bu “Geliopol sütununa” bayramlarda səcdə edilirdi. Quranda (38:12, 89:10) da
sütunların sahibi firon sayılır və qeyd olunur ki, firon - “zu-l-autad” – “çadırlar,
sütunlar sahibi”, yəni möhkəm dayanmış tikililər sahibidir. Kitabi-Dədə
Qorqudda da sütunlar firona aid edilir və nəzərə çatdırılır ki, “yerdən çıxan
firon şişləri”ni (sütunlarını) saxlayan Qazan xandır. Mənbələrdə bu sütun eyni
zamanda Xozroya (Xosrov) aid edilir (“Xozroy sütunu”) ki, Xozroy rəmzi [XZR]
ölümsüzlük qazanmış Xızır [XZR] rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Herakl,
Atlas, Qazan xan, Xızır və s. obrazlar Misir fironunun obrazlarıdır.
Fironun “çadır”ların
da sahibi olması, bizim yadımıza göydən ilahi od gətirmiş Musa peyğəmbəri salır.
Belə ki, Tövrata görə Musa peyğəmbər “vəhy çadırı” yaratdığı zaman, Allah
onların qarşısında gündüz bulud sütunu formasında, gecə isə odlu sütun
formasında gedirmiş (Bibliya, İsx.3:21, 40:39,40, Çis.9:15-23). Əgər nəzərə
alsaq ki, vəhy - ekstatik vəziyyətlə bağlıdır, razılaşarıq ki, “vəhy çadırı”
dedikdə ekstatik vəziyyətdə ilahi oddan (ilkin materiya) yaradılmış çadır nəzərdə
tutulmalıdır. Qurana (37:97, 2:125-128, 27:8) görə bu od Kəbə evindədir və Allah
buranı təhlükədən uzaq xoşbəxt ölkə etmişdir. Məşhur sufi ibn Ərəbi isə
bildirir ki, “Baldırın açılacağı o gün”, yəni Allah haqqında sirlərin hamıya məlum
olacağı axirət günündə, Allaha inananlar bu ilahi oda girəcəklər və xoşbəxtlik
tapacaqlar. İnanmayanlar isə etdiklərinin cəzasını görəcəklər.
Qədim mənbələrə
görə çadırın (“vəhy çadırı”) yaradıldığı Geliopol, yəni Gel şəhəri Yaqub peyğəmbərin
ailəsinə verilmişdir. Tövrat
yazır ki, Yaqub başının altına bir daş qoyub yatır və ilahi yuxu görür.
Oyanandan sonra bu yeri “Betel” (əl-Beyt) adlandırır və bildirir ki, “bura Allah evindən başqa bir şey deyildir,
bura göyün qapılarıdır!”. Xanaan torpağında sahə alaraq orada “öz çadırını”
quran Yaqub, burada qurbangah düzəldib Allahı çağırır (Bibliya, Bıt.28:2-4,
27:17-19, 33:18-20). Digər tərəfdən, Yaqub gecələrin birində sübhə qədər Allahla
tutuşur və Allah onu İzrail (Oziri/Azər Eli) adlandırır (orada 32:30). Yaqubun
“Betel”də, yuxuda Allah evini, göyün qapılarını görməsi və onun Allahla
tutuşması, Yaqubun ekstaz vəziyyətində qurban ruhlarından göydə Qeb (Qeyb) aləmini
yaratması və yerə ilkin materiya (Oziri-Azər odu) gətirməsi mənasındadır. Bu haqda
daha geniş məlumat müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Qədim
Misir yazılarında da Oziri/Osiris rəmzi bilavasitə sütunla əlaqələndirilir və
bildirilir ki, axirətdə o öz sütununda bərqərar olacaqdır və s.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida - Misir
fironu tərəfindən göydə yaradılmış ruhlar dünyasının rəmzidir. Xüsusi olaraq nəzərə
çatdırmaq istərdik ki, qədim Misir mətnlərində gözəgörünməz ruhlar dünyasındakı
həyat, görünən maddiyyat kimi təsvir olunur (“İstoriya drevneqo Vostoka”, 2-ci
cild, M.1988, səh. 378). Buna görə də araşdırıcılar bəzən mənbələrdə söhbətin
hansı dünyadan getdiyini dərk etməkdə çətinlik çəkirdilər.
Atlas [TLS] rəmzi sufilikdə Tilos/Delos [TLS/DLS]
rəmzləri ilə eyni olub “Tala issi” mənasında “Allah Talanın ruhu” fikrini ifadə
edir. Tala rəmzi özü sufilikdə “Ata Eli” mənasında Allahın yerdəki və göydəki
elinin (Aşağa və Yuxarı Geliopol) yerləşdiyi yeri bildirir. Araşdırıcı Piter
Kornuellə görə Tilos – Bəhreyn adasının qədim adıdır və onu Tilmun/Dilmun da
adlandırırlar.
İbn Xordadbehin “Masalik əl-mamalik”, Yaqut əl-Həməvinin
“Mücam əl-buldan” və s. kitablara görə, Quranda (18:60-65) qeyd olunan Məcma əl-Bəhreyn,
yaxud iki dənizin birləşdiyi yer Şirvan ərazisində yerləşir (A.A.Bakixanov,
“Qyulistani-İram”, B.,1991, səh.35). Əl-Bakuvi də Musa və Xıdır (Xızır) peyğəmbərlə
bağlı olan və rəvayətlərdə qeyd olunan ölmüş balığın dirildiyi yeri Şirvan, dənizi
isə Xəzər dənizi adlandırır. Lakin Bakuvi iki dənizin birləşdiyi Bəhreyni Əndəlusiya
kimi qeyd edir (Al-Bakuvi, “Sokraşenie [kniqi o] “pamyatnikax” i çudesa çarya
moquçeqo”, M.,1971, 23b). Bakuvinin Bəhreyni Əndəlusiya adlandırması, Əndəlus rəmzinin
Delos/Tilos rəmzi ilə eyni məna verməsi deməkdir. Belə ki, Əndəlus [N-DLS] rəmzi
sufilikdə Nun-Delos [NN-DLS] kimi izah olunur ki, buradakı Nun rəmzi yer kürəsini
əhatə edən ilkin materiya mənasındadır. Deməli, Əndəlusiya rəmzi ilkin Nun
sularındaki Delos adası deməkdir. Bəhreynin, ölmüş balığın dirildiyi yer olması
və burada Xıdır, yəni ölümsüzlük qazanmış Xızır peyğəmbərin adının çəkilməsi
onu göstərir ki, bu ada ölümsüzlük qazanmışların, yəni mömin insanların ruhlarının
dünyasıdır.
Bəhreynin digər adı olan Tilmun/Dilmun [TL-MN]
rəmzi sufilikdə Tala-Amon mənasında Misir fironu Ra-Amonun vətəninin yerini
göstərir. Cənnətin axtarışı ilə bağlı araşdırma aparan Devid Rol yazır ki,
Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Məşhur
araşdırıcı Kramerə görə Allahlar monastırı olan Dilmun - Zaqros dağının arxasında,
günəşin çıxdığı yerdə - İran ərazisində yerləşir. Kramer, Şumer mifinin tərcüməsinə
əsaslanaraq Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir
və oranı “Ölməzlər ölkəsi” adlandırır (D. Rol, “Qenezis sivilizasii, Otkuda mı
proizoşli”, Eksmo, M.2002, səh.267,271).
İran ərazisində Dilmun [DLMN] rəmzi Deyləm və
Delum [DLM] kimi məlumdur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən
üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim ibn
Xəlil əs-Sabinin “ət-Taci” kitabına əsasən deyləmilərin geneologiyasını,
onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə
çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır.
Xassul deyləmilərdən danışanda Adud əd-Daula, Allaha xas xüsusiyətləri şamil
edir ki, bu da Daul [DL] rəmzinin bilavasitə Allaha aid edilməsi mənasındadır.
Deyləmilərin tam xoşbəxtliyə çatmaları dedikdə isə, Xassul bilavasitə onların cənnətdə
yaşamalarını nəzərdə tutur. Çünki qədim Misir mətnlərində “xoşbəxt, hüzur ölkəsi”
dedikdə Osirisin (Oziri/Azər) şahlığı nəzərdə tutulur ki, digər mətnlərdə bu
ölkə “Xoşbəxtlik adası” adlandırılır. Qədim Misir yazılarına görə əgər insan ömrü
boyu “ürəyində Maatla” yaşamışsa, deməli günahsız və pakdır və o yenidən
dirilib Yaru çöllərində, yəni cənnətdə xoşbəxt yaşayacaqdır.
Kramerə görə şumerlərin Nuhu olan Ziusudra da
məhz xoşbəxtlik ölkəsində yaşayır və buna görə də ona “Lu-ti-la”, yəni “həyat
insanı” rəmzi şamil edilə bilər (V. K. Afanasyeva, “Gilqameş i Enkidu”,
M.,1979, səh. 94, 115). Lu-tila rəmzi məhz “Tala eli” mənasındadır ki, bu da
Allah Talanın göydəki elinin, həyat verən nurdan ibarət olması deməkdir.
Quranda da “xoşbəxt” rəmzi cənnətə aid
edilir və bildirilir ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi təmiz
çaylar axır, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Burada dadı dəyişməyən
süd gölü var. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi
xoşbəxt yaşayırlar (Quran, 4:57, 9:72, 47:15-17).
Atlas/Tilos
rəmzi mənbələrdə Delos, Adulis və s. formalarda da yazılır ki, Delos adası
yunan mifologiyasında Apollon Allahının vətənidir. Qədim Misir mənbələrində Məsih
obrazında göstərilən Apollon Allahını Mandulis adlandırırlar və Günəş Allahı Ra
ilə eyniləşdirirlər. Bu isə Mandulis [MN-DLS] rəmzinin Amon-Delos [MN-DLS] mənasında Delos adasının Amon Allahının yaşadığı ruhlar
dünyası olması deməkdir. Lakin bu mənbələrdə Mandulis obrazı eyni zamanda qədim
Misirin Qor Allahı ilə eyniləşdirilərək uşaq və Ata obrazlarında göstərilir ki,
bu da axirətdə gələn Məsihin də Allahın obrazı olması deməkdir (E.Y. Kormışeva,
“Reliqiya Kuşa”, M., 1984, səh. 224,216,217,212,214). Digər mətnlərdə isə Delos
[DLS] rəmzi Adulis [DLS] kimi qeyd olunur və yeraltı dünya mənasını verir.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida
adası, ilkin sularda (ilkin materiya), yəni göydə yaradılmış ada rəmzində ruhlar
dünyasıdır. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz
şahlar nəslini yerləşdirmişdir. Kleyto [KLT] rəmzi qədim mənbələrdə Kelt, Gilad, Qalaad, Xilat, Xüld və s. kimi yazılır və Gel-Ata fikrini
ifadə edir. Lakin bu rəmz eyni zamanda sufilikdə Tala-Ağa [TLĞ] kimi də oxunur ki, bu da
Allah Talanın Gel eli ilə bağlı olması deməkdir.
Mənbələrə görə, Xelata (Kleyto/Gilad) gələn
türk məmlükü Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən
adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir. Bura, yəni Xelat eyni
zamanda gürcü çarlarının da qəbrinin yerləşdiyi yerdir (K. Гандзакеци, «История
Армении», М., 1976, səh.282, 234). Z. Bünyadov isə bildirir ki, Xilatın və
Ərzincanın sahibi şah-Ərmən Nəsirəddin Mühəmməd Sökmən II, atabəy Cahan Pəhləvanın
qızı ilə evləndi və onun ölümündən sonra Xilat Azərbaycan atabəylər ailəsinin
malikanəsinə çevrildi (“İstoriçeskaya qeoqrafiya Azerbaycana”, B., 1987, səh.95).
Atabəy (atabəg) rəmzi sufilikdə ilkin materiya ilə vəhdət təşkil edənlərin, yəni
Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim Misir yazılarında
bütün Allahların atası olan Ra-Amona (Ra-Əman – Rəhman) aid edilir. Xilatın həm
Azərbaycan atabəylərinin malikanəsi olması, həm ərmənşahlar nəsli sayılması və
həm də gürcü çarlarının qəbrinin burada yerləşməsi, Xilat şahlarının Poseydon
Allahının nəsli olması deməkdir.
Quranda (25:15) Kleyto [KLT] rəmzi Xüld
[XLD] kimi yazılır və bilavasitə cənnətin adı kimi göstərilir. Xilat/Kleyto rəmzləri
ilə eyni məna verən Xüld rəmzinin cənnətə aid edilməsi, Atlantidanın məhz
Tilos, yəni Talış dağlarının üstündə yaradılması mənasındadır. C. Frezer isə
bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilərək Alban
dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М.,
1986, səh.147). Bu isə o deməkdir ki, Talış dağları elə Alban dağlarıdır və
göydəki Qeb/Qeyb aləmi də burada yaradılmışdır.
Türk mənbələrində Tilos rəmzi Tolis kimi də qeyd
olunur. “Moyun Çor” abidəsində yazılır: “Tanrıda olmuş, İl etmiş (El yaratmış)
bilgə (müdrik) xaqan... Tolis...” (Ə Rəcəbov, Y. Mamedov, “Orxon – Yenisey abidələri”,
B., 1993, səh.134). Burada Tolis, ilkin materiyanı göydəki Elə cevirmiş qədim Misirin
Ra-Amon Allahı obrazında göstərilir. Digər mənbələrdə isə Talış dağlarında
yaşayan türklər - Allah dağı Barkalda yaşayan Talas türkləri kimi qeyd
olunurlar. Qədim Misir mətnlərində isə müqəddəs Barkal dağı Napatlı Amonun məbədgahı
hesab edilir ki, mənbələrdə bu məbədgah Qızıl Opet (Pta) adlanır. Türklərin əcdadı
Yafətin (Yapet/Opet/Pta) bu məbədgahının qızıl adlandırılması, oradakı bütün əşyaların
qızıl və gümüşdən düzəldilməsi ilə bağlıdır.
Əflatuna görə, padişahlar vətəni olan Atlantidanın mərkəzində Kleyto
və Poseydonun müqəddəs məbədgahı yerləşirdi və bura qızıl divarla əhatə
olunmuşdu. Məbədgahın çöl tərəfi gümüşdən, akroterilər isə qızıldan hazırlanmışdı.
Tavan qızıl, gümüş, və s. bəzənmiş fil sümüyündən düzəldilmişdi. İçəridə isə
Allahın at arabasındakı qızıldan heykəli və s. sonsuz sayda digər qızıldan
hazırlanmış heykəllər və əşyalar var idi. Əgər nəzərə alsaq ki, Atlantida
Herakl sütunlarından o tərəfdə yerləşirdi, razılaşarıq ki, bura eyni zamanda, sütunlar
şəhəri olan və Ad oğlu Şəddadın qızıl və gümüş kərpicdən tikdirdiyi İrəm zat əl-İmad şəhərinin obrazıdır. Yəni,
Atlantida, yerin altında gizlədilmiş və qədim Misirdə ölüm şahlığı sayılan Sokarın
(Aid/Qades) göydəki obrazıdır.
Quranda (54:48, 74:26-28,43) Sokar rəmzi
Sakar [SK-R] kimi yazılır
və “cəhənnəm odu” mənasını verir. Digər mənbələrdə Arsak [R-SK] kimi yazılan və bilavasitə ilahi odun (Nuri-Azər)
qorunduğu yerlə bağlı olan Arsak/Arşak yeri Əl-Kufiyə görə Ərdəbildən 45 km yol məsafəsində yerləşir
ki, bu da kaduslar (kuddus – müqəddəs) diyarı olan Talış dağlarının ərazisinə
düşür.
Qeyd etmək
istərdim ki, Talış dağları dedikdə bilmək lazımdır ki, indi cənub bölgəsində
yaşayan etnik qrupun bu dağlara aidiyyəti yoxdur. Çünki, dövri mətbuatdakı məqalələrimizdə
qeyd etdiyimiz kimi, Allah iki növ insan yaratmışdır ki, bunların ilkini
Oziri/Azər nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar nəsli olan müqəddəslər,
yəni kadus/kudduslar nəslidir. İkinci növ insanlar isə adi insanlardır ki, Allah
onların dillərini dəyişdirib dünyaya səpələmişdir. Bu gün talış etnik qrupunun
da içərisində seyid, şıx və s. Azəri müqəddəslərin olması, onların kaduslarla
qarışması deməkdir.
Bütün bunlar o nəticəyə gətirib çıxarır ki,
Atlantida - Misir fironu Ra-Amonun (Ra-Əman/Rəhman) göydə yaratdığı ruhlar
dünyasıdır. Atlantlar isə, dünya üzərində hökmran kimi ilk yaradılmış Oziri
(Azər) nəsli olan türk bəgləri, pirlər, seyidlər, şıxlar və s. müqəddəslər nəslinin
əcdadlarıdır. Nəhənglər nəsli kimi yaradılan bu insanlar günah işlətdikləri
üçün, “Allah əlini qoyub onları kiçiltmiş” və onlar öz qüdrətlərini itirmişlər.
Bütün bunlar haqda daha geniş
məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum «Batini-Quran» kitabında
verilmişdir. Kitabın
bir hissəsi internetdə bu ünvandadır: www.gilarbeg.com .
Firudin Gilar Bəg
Комментариев нет:
Отправить комментарий