Qədim dünyanın ən sirli
abidələrindən biri, yerinin bu günə qədər təyin edilmədiyi Süleyman peyğəmbərin
qızıldan tikdiyi 62 metrlik qüllə sayılır.
Yəhudilərin Talmud
kitabı yazır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev Moria torpağındadır
və məhz bu yerdə İbrahim peyğəmbər İsağın qollarını bağlamış və burada Nuh gəmidən
düşüb qurban kəsmişdir. Adəm də burada yaradılandan sonra qurban kəsmiş və o məhz
bu torpaqdan yaranmışdır («Talmud», V cild, S. Peterburq, 1903, səh.3). Məlumdur
ki, Nuh gəmidən məhz Ararat, yəni Ağrı dağında düşmüşdür (düşməlidir!) və bu ərazidə
Moria torpağı dedikdə marların, yəni Midiya maqlarının torpağı nəzərdə tutulur.
Bu o deməkdir ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində
olmalıdır.
Misirin Naq Hammadi ərazisində
tapılmış «Həqiqətin şahidliyi» adlı mətnlərə görə Süleyman peyğəmbər qızıldan
olan Allah evini məhz cinlərin köməyi ilə tikmişdir. Deməli, Süleymanın Allah
evi adi ev yox, cinlər, yəni naməlum varlıqlar tərəfindən tikilmişdir. Digər mənbələrə
görə bu ev elə Yerusəlim şəhəridir və bu yeri Allah özü seçmişdir. Yerusəlim şəhərinin
digər adının Qüds olması onu göstərir ki, bu şəhəri həqiqətən Midiya maqları, yəni
kaduslar tikmişlər. Çünki sufilikdə Qüds [QDS] və kadus [KDS] rəmzləri eyni mənalıdır
və məhz bu rəmz İslamda və yəhudilərdə müqəddəsliyi (kuddus/əqdəs/kodeş)
bildirir və müqəddəslər nəslinə aid edilir. Belə çıxır ki, Süleyman peyğəmbərin
bu günə qədər aşkar olunmamış məşhur Allah evi Midiya adlanan kaduslar – müqəddəslər
torpağında tikilmişdir.
Əhdi-Ətiqin (Şahlığın
III-cü, Paralipomenonun II–ci kitabı) yazdığına görə Süleyman peyğəmbər bu 62
metrlik qülləni, onun içindəkiləri və onun ətrafında olanları təmiz qızıldan
yaratmışdır və ən adi hesablamalara görə burada min tonlarla qızıl və bir o qədər
də gümüş istifadə olunmuşdur. Lakin buranı daha qiymətsiz edən odur ki, yəhudilərin
“müqəddəslər müqəddəsi” saydıqları məşhur «Əhd sandığı» və s. digər ağlasığmaz
qiymətli əşyalar da burada saxlanılır.
Yəhudilərin Allaha həsr
etdikləri bu var-dövlətin Azərbaycanda gizlədilməsini digər faktlar da təsdiqləyir.
Belə ki, Toqarma şahı Aaronun oğlu Xəzər şahı İosifin - elmi cəmiyyətin rəhbəri
olan İsağın oğlu, Ezranın oğlu Xasdaya məşhur məktubuna görə də «Allahın
mövcudluğu olan çadır» Ərdəbil ərazisində yaradılmışdır və müqəddəs əşyalar
olan sandıq, şamdan, masa, qurbangah və qablar məhz orada indiyədək
qalmaqdadır.
Bildirmək istərdik ki, məşhur
ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çıxan və sensasiyaya səbəb
olmuş «Onüçüncü boy» kitabında onlarla sitatlar gətirərək sübut etmişdir ki, əsil
yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar.
Və ərəb mənbələrinə görə də əsl yəhudi deyəndə - Xəzər xaqanı və onun köməkçiləri
olan bəglər nəzərdə tutulmalıdır. Sufilikdə isə Xəzər [XZR] rəmzi ölümsüzlük
qazanmış Xızır [XZR] peyğəmbərin rəmzidir və bu rəmz bilavasitə ilkin materiya,
yəni «dirilik suyu» ilə bağlıdır. İlkin materiya isə adi insanlar üçün gözəgörünməzdir
və onu yalnız şamanlıq, qamlıq məqamında görmək mümkündür. Buna görə də
sufilikdə ilkin materiyanın rəmzi olan “X” (”G”/”H” və s.) səsi mənbələrdə bəzən
yazılmır və bu halda Xəzər rəmzi Azər rəmzi kimi oxunur. Erməni və s. mənbələrdə
də Xəzər rəmzi digər yerlərdə Azər kimi qeyd olunur. Bütün bunlar o deməkdir
ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi qızıl ev bilavasitə türklərin kadus
bəglərinə, yəni müqəddəs seçilmiş bəglərə aiddir və bilavasitə Azərbaycan ərazisində
gizlədilmişdir.
Lakin mənbələrdə qızıl və
gümüşdən tikilən ev dedikdə Ad oğlu Şəddadın əmri ilə qızıl və gümüş kərpicdən
tikilmiş İrəm zat əl-Imad şəhəri yada düşür. Sanadan (Yəmən) olan «məcnun şair»
- Əbdül Həzrətin «Tayna nekronomikona» (Əl-Əzif) kitabına görə «Sütunlar şəhəri
olan» İrəm zat əl-İmad şəhəri müqəddəs və vacib yerdə tikilmişdir. O fiziki
yerdə yox, digər ölçü məkanında, ilk yaradılmış varlıqlar tərəfindən
yaradılmışdır. Bu yer Böyük Boşluğun gizli qapısı sayılır. Məqrib cadugərləri
bura şüurun dəyişmiş vəziyyətində girərmişlər. Deməli, İrəm şəhəri yerdə yox, Göydə,
yəni ilkin materiyada yaradılmışdır. Bu isə o deməkdir ki, yerdəki İrəm zat əl-İmad
şəhəri bilavasitə göydə yaradılmış ruhlar dünyasının obrazıdır. Quranda İrəm rəmzi
dünyada bərabəri olmayan «sütunlar şəhəri» adlandırılır. Əgər biz İmad [MD] rəmzinin
Midiya [MD] rəmzi olmasının nəzərə alsaq razılaşarıq ki, A. Bakixanovun
«Gülistani-Irəm» adlandırdığı cənnətin yolu, yəni İrəm sütunu bilavasitə Azərbaycanda
yüksəldilmişdir. Digər tərəfdən mifologiyadan məlumdur ki, qədim mənbələrdə sütun
dedikdə göydəki dünyanı (cənnəti) saxlayan sütun nəzərdə tutulur. Herodota görə,
göyün sütunu atlantların yaşadığı Atlas dağıdır. Atlas [TLS] rəmzi isə Talas/Toles
[TLS] rəmzləri ilə eynidir və bu rəmz ədəbiyyatda Talas türklərinin yaşadığı
Talış (qədim Telos) dağları kimi qalmışdır. Belə çıxır ki, Süleymanın qızıl
qülləsi qədim Midiya ərazisi olan Talış dağlarının birindədir.
Qurana görə, Allah Xud
peyğəmbəri əl-Əhqaf, yəni Qaf dağında yaşayan Ad oğlu Şəddadın nəslinə göndərmişdir.
Alimlərin fikrincə, Ad tayfası Əhdi-Ətiqdə «xettim» [xatti/xet] adı altında
qeyd edilir. Xet rəmzi isə bizə Xuda/Kuti kimi məlumdur və bilirik ki, kutilər
bilavasitə Azərbaycan ərazisində yaşamışlar. Əhdi-Ətiqdə Qaf rəmzi Qef kimi
qeyd olunur və bu şəhərdəki Oved-Edomun evində bir müddət «Əhd sandığı» yerləşmişdir
(2Çar.6:10-12). Məhz burada şah evinin bütün qızıl və gümüşləri və bütün
qabları saxlanılmışdır (2Par.25:24). Əhdi-Ətiqdə Oved-Edom merarlı (mar) və
levit hesab edilir ki, bu onun mar, yəni midiyalı olması deməkdir. Buradakı
Oved rəmzi İslamda Beyt (Ev) kimi, Edom rəmzi isə Adəm kimi məlumdur. Digər tərəfdən,
Tövrata görə Allah levitlər (əl-Beyt) üzərinə başçı və məbədgahın keşikçisi
kimi Harun oğlu Elazarı (El-Azər) qoyur ki, bu da Adəm evinin bilavasitə Azər
elində olması deməkdir.
Elazar [LZR] rəmzi
kaduslar torpağında, yəni Vər-Gədüz (Yardımlı rayonu) ərazisində Ləzir [LZR] kənd
adı kimi qalmışdır. Vər-Gədüz rəmzi Tövratda Kades-Varni kimi qeyd olunur və cənnət
ərazisi hesab edilir. Məşhur araşdırıcı Devid Rol cənnəti Təbriz ətrafında
axtarır ki, bu da təbii ki səhvdir. Çünki İordana görə İbrahim peyğəmbərin vətəni
olan Xarranın Ur şəhəri Təbrizdən iki günlük yol məsafəsindədir. Azər oğlu
İbrahim isə Qurana görə ilahi odun mövcud olduğu «binaya» atılmış və bura onun üçün
«sərin və zərərsiz bir ölkə»yə, yəni cənnətə çevrilmişdir (Quran, 37:97, 21:69,
2:126-127). İbrahimin Ur-Xarran şəhəri isə Vər-Gədüz ərazisində Urağaran və Aur
kənd adı kimi qalmışdır.
Qeyd etmək istərdik ki,
qədim mənbələrdə qızıl rəmzi Qafqaz dağları kimi rəmzləndirilmiş Midiya
dağlarına aparıb çıxarır. Mətnlərə görə Midiya şahlarının qızılları Ekbatanda,
daha dəqiqi isə Midiyada olmuşdur. Assuriyada isə Nina oğlu Sardanapal şahın
böyük xəzinəsi yerin altında gizlədilmişdir. Bütün bu və digər bütün rəmzlərin
açılışı isə bizi bilavasitə Azərbaycanın cənub bölgəsinə aparıb çıxarır.
Süleyman peyğəmbərin
tikdiyi Allah evinin mənbələrdə bilavasitə göylərlə əlaqələndirilməsi o deməkdir
ki, bu evdə Prometeyin (Pir-Midiya) və Madiamlı (Midiyalı) Musa peyğəmbərin göydən
gətirdiyi ilahi od, yəni ilkin materiya da mövcuddur. İ. Xarakskiyə görə ilahi
od - «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılır. Əl Kufi
isə Arşak, yəni Ar-sakın (Quranda Sok-ar) bu yerinin Ərdəbil şəhərindən təxminin
45 km .
yol məsafəsində olmasını yazır. Deməli, göydə «ilahi od»dan yaradılmış cənnət
bilavasitə Azərbaycanın cənub ərazisi ilə bağlıdır. Mənbələrdə bu yer Atropaten
(Adərbayqan/Adərbadaqan) kimi də qeyd olunur ki, bu rəmz Atro, yəni Adər/Azər
elindən və Paten kimi qeyd olunan Napat/Nifatu ərazisindən ibarətdir. Atro/Atar
[TR] rəmzi mənbələrdə Troya [TR] kimi də qeyd olunur və bildirilir ki,
Muvattalisin müqaviləsinə görə, Makedoniyalı İskəndər məhz Vilus [Troya]
şahının götürülmə oğludur. Vilus rəmzinin Viləş/Vəliş yer və çay adları ilə
eyniliyi onu göstərir ki, Troyanın qızılları elə Süleyman peyğəmbərin
qızıllarıdır.
N. Gəncəvi Süleymanın xəzinəsini
Key Xosrova aid edir və bildirir ki, Dərbənd yaxınlığında Sərirdəki (Sirr rəmzi)
mağarada Key Xosrovun taxt-tacı yerləşir. Digər bir mənbədə isə nəzərə
çatdırılır ki, Sasani sülaləsinin sonuncu şahı Yəzdəgird, ərəblərə məğlub
olandan sonra Xorasana gedir, qızıl taxtını və çoxlu xəzinəsini özünün Bəhram-Çubin
nəslindən olan əyanı ilə Qafqaz dağlarına göndərir və s.
Yazdıqlarımızdan belə
çıxır ki, Süleyman peyğəmbərin Allah üçün tikdiyi ev məhz Azərbaycan ərazisində
yerləşir və qədim sirləri bilənin bu yeri tapması mümkündür. Lakin burada əsas
məsələ odur ki, bura cənnətlə bağlı olduğu üçün bütün dinlərin də müqəddəs
yeridir və buranın açılışı qədim dünyanın bütün sirlərinin açılışına səbəb
olacaqdır. Biz yeni çapdan çıxmış «Batini-Quran» kitabında qədim yazıların
gizli mənalarını açıb oxuculara çatdırmışıq. Bu qüllənin tapılması isə
yazdığımızın doğruluğunu sübut edəcəkdir.
Firudin
Gilar Bəg
www.gilarbeg.com
Комментариев нет:
Отправить комментарий